“Eldar Mahmudovun cinayətkar maraqlarına xidmət edib” – Rüstəm Usubova AĞIR İTTİHAM
Milli Təhlükəsizlik Nazirliyinin qurama ittihamı ilə həbs olunan (sonradan bəraət aldı-red.) Mətləb Mustafayev Baş Prokurorun birinci muavini Rüstəm Usubova ittiham səsləndirib. Gununsesi.org-a açıqlamasında Mətləb Mustafayev deyib ki, Rüstəm Usubov Baş Prokurorun birinci muavini olsa da sabiq MTN şefi Eldar Mahmudovun cinayətkar maraqlarına xidmət edib. ”Mən 11 sentyabr 2014-ci ildə Eldar Mahmudovun bandası tərəfidən Cinayət Məcəlləsinin 228- ci maddəsi (qanunsuz silah) ittihamı ilə şərləndim. Sonradan məlum oldu ki, Rüstəm Usubovov həbsimdən 7 ay əvvəl – 20 fevral 2014-cü ildə ittiham aktımı təsdiq edib. Bu, nəinki, Azərbaycanda, ümumiyyətlə, dünyada yaşanmamış hal sayıla bilər. Vətəndaşın həbsindən qabaq onun ittiham aktı təsdiqlənir. Hansı ki, həmin zaman mən azadlıqda idim”. Mətləb Mustafayev deyir ki, bu qanunsuzluğu Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov və dövlət ittihamçısı Nəriman Babayev görməzdən gəliblər. ‘Uzun mübarizədən sonra mən bəraət aldım. Sonra cinayət işinin materialları Rüstəm Usubova göndərildi ki, mənə qarşı cinayəti törədənlər barəsində cinayət işi başlansın. Amma xeyli müddət keçsə də bu, baş vermir. Çünki, rüstəm Usubovun özünün ciddi məsuliyyəti var. Mən yeni Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm ki, mənimlə bağlı işin araşdırılmasımnı təmin etsin”. Qeyd edək ki, Mətləb Mustafayev MTN-nin sabiq şöbə rəisi Malik Mustafayevin qardaşıdır. Eldar Mahmudov tərəfindən qardaşının şərlənməsinə dözməyən Malik Mustafayev isə evinə gedərək, intihar edib. MTN işi ilə bağlı sonradan keçirilən məhkəmə proseslərinin birində nazirliyin Anti-terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyev Mətləb Mustafayevi şərlədiklərini etiraf etmişdi. O, məhkəmə çıxışında ”Eldar Mahmudov mənə zəng etdi ki, Zakir Qaralovla danışmışam, Malikin qardaşını həbs et. Biz də onun evinə silah qoyub, tutduq”-deyə şok etrafını edib./Gununsesi.org/