“Oqtay Əsədov dedi ki, Ramiz Mehdiyev sənin əleyhinədir...” - Sabiq icra başçısı
“Düşünürəm ki, keçmişdə olan bəzi məsələlərə aydınlıq gətirmək lazımdır”. “AzerTaym.az" bildirir ki, YAP-ın qurucu üzvlərindən biri, keçmiş deputat və icra başçısı Musa Musayevin “feysbukda” böyük marağa səbəb olan yazısı belə başlanır. M.Musayevin yazısı 15 il əvvəlin parlament seçkisi günlərindən bəhs edir. Tanınmış YAP-çı hakim partiyanın rəsmi namizədi kimi iştirak etdiyi həmin seçkilər dövründə üzləşdiyi hadisələrlə bağlı çox maraqlı xatirələrini paylaşıb. M.Musayev yazır: “2005-ci il parlament seçkilərində namizədliyim Binəqədi rayonu 8-saylı dairədən YAP-ın namizədi kimi irəli sürülmüşdü. Sənədlərimi Dairə Seçki Komissiyasına (DSK) apardım ki, imza vərəqələri götürüm. DSK-nın sədri Rafiq Ağamaliyev adlı bir nəfər idi. Biləndə ki, mən YAP-ın deputatlığa namizədiyəm, kefi pozuldu. Soruşdum ki, nə olub? Cavab verdi ki, bəs buradan namizəd Azərbaycan Beynəlxalq Universitetinin rektoru, professor Elşad Abdullayevdir və mən ona söz vermişəm. Bildirdim ki, siz nə danışırsınız, YAP mənim namizədliyimi irəli sürüb, siz sənədləri qəbul edin və mənə imza vərəqələri verin. DSK sədri də əslən Qərbi Azərbaycandan olduğundan, həm də əmilərini tanıyırdım, çəkinmədən dedi ki, onun 100 min manat borcu var. Elşad ona söz verib və beh alıb ki, seçkidən sonra qalan pullarını da verəcək... O zaman söhbətlər eşitmişdim ki, Elşad Abdullayev 2 milyon pul xərcləyib ki, deputat olsun. Buna məhəl qoymadım və imza vərəqələrimi aldım. İki gündən sonra imza vərəqələrini doldurub DSK-ya təqdim etdim. Bir neçə gündən sonra Rafiq mənə zəng edib dedi ki, bəs imza vərəqələrində səhvlər var və biz namizədliyinizi qeydə ala bilmirik. Artıq vəziyyətin nə yerdə olduğunu anladım. Banka gedib lazım olan depoziti ödədim və sənədləri gətirib DSK-ya təhvil verdim. Bir sözlə, namizədliyim qeydə alındı və namizədlik vəsiqəsini aldım”. M.Musayev davamında yazır ki, bundan sonra Binəqədinin icra başçısı ilə görüşüb. Sitat: “Sonra gedib Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə kabinetində görüşərək real vəziyyəti öyrənmək istədim. Alı Qocayev mənə dedi ki, baxmayaraq sizin namizədliyiniz YAP tərəfindən irəli sürülüb, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev sənin əleyhinədir. O, istəmir ki, siz deputat seçiləsiniz. Mən də bildirdim ki, partiyamızın sədri, cənab Prezident namizədliyimi irəli sürübsə, kimin bunu istəyib-istəməməsindən asılı olmayaraq, seçkilərə gedirəm. Bunu deyib icra başçısının kabinetini tərk etdim”. YAP-çı daha sonra yazır ki, bu hadisənin səhərisi günü Alı Qocayevin qudası, “Azərsu”nun prezidenti və eyni zamanda Abşerondan deputatlığa namizəd Oqtay Əsədovla onun 20 Yanvarda yerləşən ofisində görüşüb: “Oqtay Əsədov YAP Siyasi Şutasının üzvü idi və 2000-2005-ci illərdə deputat həmkarım olmuşdu. Oqtay Əsədov mənə dedi ki, cənab Prezident, partiyamızın sədri istəyir ki, siz deputat seçiləsiniz, lakin Ramiz Mehdiyev və Siyavuş Novruzov əleyhinizədir. Cavab verdim ki, Oqtay müəllim, əgər YAP mənim namizədliyimi irəli sürübsə, cənab sədr də istəyirsə ki, mən seçilim, onda burada nə problem var? Oqtay müəllim bildirdi ki, real vəziyyəti deyir”. Fikirlərini davam etdirən Musa Musyav seçki günü baş verənlərdən, Elşad Abdullayevin qalib elan olunmasından yazır: “YAP, Binəqədi icra başçısı, hüquq-mühafizə orqanları Elşad Abdullayevin xeyrinə çalışdılar. Bütün bunlara baxmayaraq, məntəqələrin əksəriyyətində mən birinci, Müsavat Partiyasının namizədi Arzu Səmədbəyli ikinci, Elşad Abdullayev isə üçüncü oldu. Hətta “Exit-poll”un nəticələrinə görə, mən birinci yerə çıxmışdım. Bütün bunlara baxmayaraq, axşam saat 24-də MSK Elşadı qalib elan etdi. Elşad Abudllayev səhəri günü böyük restoranların birində 500 nəfərlik qonaqlıq verdi. Orada vəzifəli və bəzi hörmətli insanlar da iştirak etmişdi. Mən “Şərq” qəzetində müsahibə verdim, seçkilərdə qanun pozuntuları, eyni zamanda YAP rəhbərliyində pozuntular və çirkin əməllər barədə məlumat verdim. Bu çirkin oyunlarda iştirak etməyəcəyimi bildirdim. Bir neçə gündən sonra 8 saylı DSK-nın 12 məntəqəsinin nəticələri ləğv edildi və müsavatçı Arzu Səmədbəyli qalib elan olundu...” Musa Musayev xatırladır ki, deputat mandatını itirəndən sonra - 2006-cı ilin 24 martında cənab Prezidentin sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib: “Prezident Aparatında ilk öncə Ərazi idarəetmə şöbəsinin müdri Zeynal Nağdəliyevlə görüşməli oldum. Onunla tanış oldum və onun mənə ilk sualı belə oldu: “Alqış Musayev sənin nəyindir?” Mən də cavab verdim ki, əmioğlumdur. Nağdəliyev dedi ki, bilirsən, o 2005-ci ildə Lənkəranda başçı işləyəndə mənim barəmdə “Yeni Azərbaycan” qəzetində məqalə yazmışdı. Mən də cavab verdim ki, qəzetçinin peşəsi yazı yazmaqdır, Alqış Ramiz Mehdiyev barədə və digər vəzifəlilər haqqında da “Yeni Azərbaycan” qəzetində yazı yazıb. Nə olar məqalə yazanda? Cavab verdi ki, dedim biləsən... Sonra mən YAP-ın yaranması, mənim partiyadakı fəaliyyətim haqqında danışmağa başladım. Zeynal müəllim mənim danışmağımı yarımçıq kəsib dedi ki, sizə böyük hörmətim var, amma xahiş edirəm YAP barədə danışma, orada qaragüruhçular yığışıb. Məndən əvvəlki şöbə müdiri Yusif Humbətov şöbəyə bir neçə YAP-çı götürmüşdü, mən onları qovdum. Bir nəfər - Habil Əzəmətov qalıb, onu da qovmaq istəyirəm, Siyavuşla Mübariz yalvarır ki, onunla işin olmasın, o azsaylı xalqın nümayəndəsidir. Artıq hər şey mənə bəlli oldu və gələcəkdə mən bunun acısını yaşadım... Oradan çıxıb Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kabinetinə getdim. Xeyli söhbətdən sonra ayağa qalxıb vidalaşmaq istəyəndə dedim ki, Ramiz müəllim, məni narahat edən bir məsələni Sizə demək istəyirəm. Ramiz Mehdiyev də dedi “buyur, Musa”. Dedim Ramiz müəllim, 2005-ci il parlament seçkisində Oqtay Əsədov və Alı Qocayev mənə dedilər ki, partiyanın sədri cənab Prezident istəyir ki, sən deputat seçiləsən, lakin Ramiz Mehdiyev bunu istəmir. Bunu dedim və əlimi kabinetdə olan hökumət telefonuna uzadaraq bildirdim ki, istəyirsiniz yanınızda zəng edib, özlərinə deyim. Ramiz müəllim dedi ki, mən sənə inanıram. “Görürsən ki, bu yaramazlar qələt edirlər. 2000-ci ildə mən Heydər Əliyevdə dedim ki, Musanın YAP-ın yaranmasında böyük xidmətləri olub, onun namizədliyini vermək lazımdır. 2005-ci ildə Prezident İlham Əliyevə dedim ki, Musa parlamentdə bizim etimadımızı doğruldub, onun namizədliyini verək”. Bir qədər söhbətdən sonra mən sərəncamı götürüb cənab Prezidentin qəbuluna getdim...” /“AzPolitika”