Humanitar atəşkəs 3 gündən çox davam edə bilməz, lakin... (ŞƏRH)
"Humanitar atəşkəs ənənəvi olaraq bir neçə gün çəkə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə deyib. Onun sözlərinə görə, atəşkəs 3 gündən çox davam edə bilməz:
"Amma əlbəttə ki, ya Rusiya təsir göstərsə, ya da Ermənistan geri addım atsa, uzana bilər. Məsələn, desə ki, biz razıyıq, gəlin danışıqlara başlayaq, çıxırıq, rayonlardan ordumuzu geri çəkirik, o zaman atəşkəs davam edəcək. Əslində, mən özüm də proseslərdən narahatam". Hikmət Hacəzadə qeyd edib ki, tərəflər arasında humatitar atəşkəs olmalı idi: "Bunu Beynəlxalq Qırmızı Xac Komitəsi və Minsk Qrupu tələb edirdi. Əsirlər və meyitlər sahiblərinə verilməlidir. Bu barədə neçə gündür danışılırdı. Tərəflər Beynəlxalq Qırmızı Xac Komitəsinin, Minsk Qrupunun tələblərinə cavab vermədi, ancaq Rusiya deyən kimi razılaşdılar. Burada əsas maraqlı məsələ ondan ibarətdir ki, bunu Rusiya etdi". Politoloq hesab edir ki, erməni geri çəkilməsə, Azərbaycan Ordusu yenidən hücuma keçəcək.