“RUSİYA PRİBALTİKAYA SOXULARSA...” - “NATO-nun taktiki nüvə silahı Rusiyanı durdura bilərmi?”

Əgər Rusiya Pribaltikaya hərbi müdaxilə edərsə, buna öncədən yaxşı hazırlaşacaq və həm də, böyük ehtimalla, hücum sürətli olacaq. Belə olan təqdirdə hücum edən rus hərbi birliklərini hətta NATO-nun taktiki nüvə silahı da dayandıra, məhv edə bilməyəcək. Beləliklə, Pribaltikanı Rusiyanın təcavüzündən xilas etmək mümkün olmayacaq.

“Varşava müqaviləsi”nə daxil olan və Sovet imperiyasının Şərqi Avropa peykləri kimi tanınan ölkələri artıq “girovluqda saxlamaq” çətin olacaq. Bu, ABŞ-ın ”RAND Corporation” (Research and Development) analitik mərkəzinin araşdırmasından çıxan yekun nəticədir. “RAND”-ın çıxardığı nəticə belədir: NATO-nun taktiki nüvə silahı Rusiyanı önləyə biləcək faktor deyil. Ona görə ki, əgər qarşılıqlı şəkildə taktiki nüvə silahı işlədilsə, Avropa Rusiyadan daha çox itkiyə məruz qalacaq.

“RAND Corporation”-un məruzəsində deyilir: “Əsas nəticə ondan ibarətdir ki, NATO-nun yaranmış gərgin vəziyyətə nəzarət etmək üçün yetərincə imkanı yoxdur. Təlimlərin gedişi zamanı NATO komandirləri bildilər ki, Rusiya qoşunları tərəfindən əziləcəklər və ona görə də bunun qarşısını almaq məqsədi ilə taktiki nüvə silahından birinci istifadə olunması imkanlarını gözdən keçirdilər. Komandirlərin qarşısında məsələ qaldırılıb - NATO-nun hədəfləri nə olacaq? NATO-nun infrastrukturu kövrəkdir və hətta az sayda taktiki nüvə silahının vuracağı ziyanlar alaynsın hərbi potensialını əhəmiyyətli dərəcədə aşağı sala bilər. Ancaq Rusiya eyni səviyyəli əks həmlələr önündə duruş gətirmək qabiliyyətindədir.”

“RAND”-ın araşdırmasının başlıca məqsədi Rusiyanın Estoniya, Latviya və Litvaya hücum edəcəyi təqdirdə NATO-nun qeyri-strateji nüvə silahları vasitəsilə bu hücumun qarşısnı necə ala biləcəyini aydınlaşdırmaqdır. Bu araşdırma “soyuq müharibə”dən sonrakı dövrdə ümumi strateji mənzərənin necə dəyişdiyini göstərir. “Soyuq müharibə” dövründə NATO taktiki nüvə silahlarının dəstəyini arxasına almaqla kifayət qədər adi ordu birlikləri yığa bilərdi. Ən kritik anda isə ABŞ-ın strateji nüvə güclərinə güvənilirdi. Lakin zaman dəyişib.

“RAND” daha sonra qeyd edir: ”Rusiyanın Pribaltika ölkələrinə soxulmasına qarşı NATO və ABŞ tərəfindən nüvə müharibəsi təhdidinin gələ biləcəyi indi artıq şübhə doğurur”.

Taleyin işinə baxın, ”Varşava müqaviləsi təşkilatı”nın dağılması NATO-nun qələbəsi olsa da, hazırkı vəziyyət müasir Rusiya ilə toqquşan NATO-nun işini mürəkkəbləşdirib. Əgər nəzəri cəhətdən “soyuq müharibə” dövründə NATO Rusiyaya geri çəkilmək siqnalı göndərmək istəsəydi, o zaman Rusiyaya birbaşa hücum etmədən istənilən “Varşava müqaviləsi” ölkəsinə nüvə bombası ata bilərdi. İndi artıq həmin kart vurulub.

 

 

“RAND”-ın məruzəsində yazılıb: “NATO-nun taktiki nüvə silahından istifadə etməklə vuracağı hədəflər müharibənin ilk başlarından ya Rusiyanın özündə, ya da NATO ölkələrinin(Pribaltika-red.) ərazisində olacaq. “Soyuq müharibə” zamanı NATO münaqişənin sürdüyü müddət ərzində birbaşa Rusiyaya toxunmadan “Varşava müqaviləsi” ölkələrində yerləşən əlverişli hərbi hədəflərə məhdudlaşdırılmış nüvə zərbələri vura bilərdi”.

“RAND”-ın gəldiyi nəticəyə görə, ümumi yekunda NATO lazımi sayda adi qoşun birləşmələri toplamalıdır, çünki taktiki nüvə silahı etibarlı qabaqlayıcı vasitə ola bilməz. 

Beləliklə, problem Rusiyanın sürətli hücumunun dayandırılması və ya onun zəiflədilməsi üçün NATO-nun adi qoşunlarının yetərli sayda olmamasıyla bağlıdır. İş ondadır ki, taktiki nüvə silahı özlüyündə NATO-nun adi ordu birləşmələri çatışmazlığını kompensasiya etmir.

“The National Interest” – (ABŞ)

Tərcümə: “AzPolitika.info”






Fikirlər