"ƏBÜLFƏS QARAYEV HACIBALA ABUTALIBOVA MƏKTUB GÖNDƏRMİŞDİ Kİ..." - Sabiq Aparat rəhbərinin məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev bildirib ki, ona qarşı irəli sürülən ittihamlar yalnız vəzifə səlahiyyəti olan şəxslər tərəfindən törədilə bilər: "Bu işdə olan rəsmi məktublardan görünür ki, mən səlahiyyətli şəxs olmamışam, sərəncamı imzalaya bilməzdim". Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə virtualaz.org-un xəbərinə görə, Şəhərsalma və Arxitektura Komitəsinin hüquqi nümayəndəsi Rüfət Muradov məhkəməyə bildirib ki, cinayət işi materiallarında təqsirləndirilən şəxsin imzaladığı sərəncam yer alır. (Bakının D.Əliyeva küçəsində arxitekturalı binanın sökülməsinə və yerində yeni çoxmərtəbəli binanın inşasına icazə verən sərəncam, - red.) “Həmin bina 1893-ci ilə aiddir. Bu tarixi memarlıq abidəsi sökülərək yerində yeni bina inşa olunub. Tikinti zamanı ara məsafələr pozulub, tikinti normalarına riayət olunmayıb, hüquqi normalar pozulub", - zərərçəkmiş tərəfin nümayəndəsi deyib.
Daha sonra Rasim Quliyevə suallar veriblər. Keçmiş Aparat rəhbəri bir daha israr edib ki, bu binanın sökülməsində onun günahı yoxdur, çünki D.Əliyeva küçəsindəki həmin ünvanda 2015-ci ildən tikinti-söküntü işləri başlamışdı. Tikinti işlərinin aparılması üçün isə 2017-ci ildə onun şəhər başçısının müavininin səlahiyyətlərini icra edən şəxs qismində imzaladığı sərəncama ehtiyac olmayıb: "Həmin sərəncamı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. Dilarə Əliyeva küçəsi, 141-də mənim sərəncamımdan əvvəl dörd mərtəbə inşa olunmuşdu. Mənim imzaladığım sərəncamdan sonra isə beşinci mərtəbədə müəyyən işlər aparılıb." R. Quliyev məhkəməyə o vaxt mədəniyyət naziri olan Əbülfəz Qarayev tərəfindən baş nazirin müavini vəzifəsini tutan Hacıbala Abutalıbova həmin tarixi əhəmiyyətli bina ilə bağlı məktub göndərildiyini də deyib. “Məktubda yazılıb ki, Dilarə Əliyeva küçəsi 141 və 145 saylı binalar tarixi əhəmiyyətinə görə dövlət nəzarətinə götürülüb. Amma "Qış parkı"nda aparılan tikinti zamanı deformasiyaya uğrayıb, çatlar əmələ gəlib, yararsız vəziyyətə düşüb. Mənə həm də 308.2-ci maddə ilə ittiham verilib. Bu ittiham yalnız vəzifə səlahiyyəti olan şəxslər tərəfindən törədilə bilər. Rəsmi məktublardan da görünür ki, mən səlahiyyətli şəxs olmamışam"- R.Quliyev əlavə edib.
Prokuror Eldar Həmzəyev isə Rasim Quliyevi ona qarşı irəli sürülən ittiham üzrə danışmağa çağırıb. Dövlət ittihamçısı deyib: “Bakı şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini mənimsəyib sərəncam imzalamısız. Siz bütün sərhədləri aşaraq özünüzü icra başçısının səlahiyyətlərini icra edən şəxs kimi aparmısınız. Gah Aparat rəhbəri, gah müavin, gah da icra başçısının sələhiyyətlərini icra etmisiz. İttiham budur". Hakim isə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsindən bu məsələ ilə bağlı bütün rəsmi sənədlərin növbəti günlərdə məhkəməyə təqdim etməsini istəyib. Məhkəmə prosesi sentyabrın 20 -də davam edəcək. Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır. Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub. Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.