"ABUTALIBOVUN SƏRƏNCAMI MƏNDƏN QABAQ OLUB" - Sabiq Aparat rəhbərinin məhkəməsi
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub. Musavat.com xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır. Bu gün baş tutan prosesdə sabiq aparat rəhbəri suallara cavabında deyib ki, Rauf Pənahov həmin vaxt xəstə idi, işində ləngimələr olurdu: "O rəhmətə gedəndən sonra Hacıbala Abutalıbov mənə 3 nəfər idarə rəisinin müavinliyə təqdimatını hazırlamağı tapşırdı. Həmin üç nəfərin içərisində mənim adım yox idi Mən həmin təqdimatlar üçün onlardan ərizə almalı idim. Amma ala bilmədim. Ona görə ki həmin şəxslər ərizə yazmaq savadında deyildi. Mən bu barədə Hacıbala Abutalıbova məlumat verdim. Bundan sonra Hacıbala Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etməyi mənə həvalə elədi. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısının bankında sərəncam imzaladı. Mən həmin sərəncamı araşdırdım və gördüm ki sərəncam düzgün tərtib olunmayıb. Amma mən Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini qurumlarla iş üzrə komissiyaya və Fövqəladə Hallar Komissiyasına rəhbərlik etmişəm. Bu vəzifələri isə maaşla deyil, ictimai əsaslarla həyata keçirmişəm. Mən müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəndən sonra Hacıbala Abutalıbov baş nazirin müavini təyin edildi. Amma buna baxmayaraq, o həm də Başlı Şəhər İcra Hakimyyətinin başçısı vəzifəsinə nəzarət edirdi. Bir saylı İqtisadi İnzibati Məhkəməyə daxil olan məktubda göstərilir ki, Rauf Pənahov rəhmətə getdiyi üçün tikintiyə nəzarət işləri və icazə rəhbərliklə razılaşdırılmaqla Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyevə həvalə edilsin. Yəni mən özbaşına heç bir sənədə imza ata və icazə verə bilməzdim. Mən bütün sənədləri rəhbərliklə razılaşdırmaqla izallamalı idim. Həmin vaxt mən ərizə yazıb işdən çıxa da bilmirdim, çünki başçı və müavin postu boş idi. Eldar Əzizov birinci müavin təyin olunandan sonra mən ərizəmi yazıb işdən azad olundum. Mən öz ərizəmlə BŞİH-in aparat rəhbəri vəzifəsindən azad olunmuşam, müavin vəzifəsindən yox. Belə çıxır ki, mən hələ də müavin vəzifəsində işləyirəm? Mən bu vaxta qədər o qurumdan müavin maaşı almamışam. Mənim müavin səlahiyyətlərini icra etməyimi Ramiz Mehdiyev də bilirdi, digər aidiyyəti şəxslər də. Həmçinin mənim icra başçısı səlahiyyətlərini icra etməyim barədə nə sərəncam var, nə də heç bir sənəd". R. Quliyev bildirib ki, tikintiyə sərəncamı və digər sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Arxitektura Baş İdarəsi hazırlayırdı: "Mən sadəcə razılaşdırılmış halda sərəncama qol çəkmişəm. Başçı əvəzi kimi gələn məktublara, sənədlərə mən baxmışam. Bu isə əsasnaməyə uyğun idi. Mən sərəncamı ekstrimal şəraitdə imzalamışam, çünki həmin vaxt başçı vəzifəyə təyin olunmuşdu, müavin isə rəhmətə getmişdi". Təqsirləndirilən şəxs bildirib ki, o sərəncam imzalamamışdan əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dilarə Əliyeva 141 və 145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncam verib: "Sərəncamda göstərilib ki, həmin ünvanlarda söküntü-abadlaşdırma işləri aparılsın. Bu sərəncam məndən qabaq olub. Sərəncamda göstərilib ki, həmin ərazilər firmanın şəxsi vəsaiti hesabına sökülüb, abadlaşdırılsın. Amma bu gün Dilarə Əliyeva 141 sökülməyib. Həmçinin müqavilədə göstərilib ki, ərazidə abadlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb". Prosesdə R.Quliyevin vəkili Ədalət Mövlanov vəsatətlə çıxış edərək D.Əliyeva küçəsi 141 ünvanında yaşayan sakinlərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Hakim vəsatətin hazırkı mərhələdə baxılmamış saxlanıldığını deyib. Daha sonra sabiq Aparat rəhbəri dövlət ittihamçısı Eldar Həmzəyevin suallarını cavablandırıb. Deyib ki, həmin vaxt Bakı şəhər icra başçısın səlahiyyətlərini icra etmək səlahiyyəti olmayıb. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sabiq Aparat rəhbərinin işində zərərçəkmiş qismində tanınıb. İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verilib. İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb. Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.