ABUTALIBOVUN ƏTRAFINDAKI HALQA DARALIR – Sabiq merə qarşı ittihamedici ifadələr ortaya çıxır
Bir neçə gün əvvəl Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı məlumat yayanda, bu işin bir ucunun da mütləq sabiq Bakı meri Hacıbala Abutalıbova gedib çıxacağı bəlli idi. Xatırladaq ki, Baş Prokurorluq rəsmi açıqlamasında sözügedən şəxsi Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsinə şərait yaratmaqda ittiham edib. Həmin bəyanatda adı çəkilən şirkətin - “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimovanın mətbuata açıqlaması isə bu məsələyə görə birbaşa məsuliyyətin Hacıbala Abutalıbovun üzərində olduğunu, şirkətə qanunsuz icazə verilməsində şəxsən Bakı merinin iştirak etdiyini təsdiqləyir. T.İbrahimova deyir: “2016-cı ildə tikintiyə başlamaq üçün Bakı meriyasından xüsusi nişan aldıq. Tikinti ilə bağlı yeni dəyişikliklər olduğu üçün mən yenidən müraciət edərək, 2018-ci ildə öncədən istənilməyən “Tikintiyə icazə sərəncamı”nı da aldım. Biz tikintiyə başlayandan sonra Mədəniyyət Nazirliyindən ərazidə tarixi memarlıq abidəsinin olduğuna dair məktub gəldi və mən o məktub əsasında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Bizə şəxsən sabiq mer Hacıbala Abutalıbov tərəfindən bildirildi ki, o ərazidə yeganə tarixi bina keçmiş Basin küçəsindəydi və sürüşdürülüb, başqa heç bir tarixi dəyəri olan memarlıq abidəsi yoxdur. Eyni zamanda qeyd etməliyəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 13.01.2017-ci il tarixli, 7-94/17 saylı məktubunda açıq mətnlə bildirilib ki, bütün söküntü işlərini meriya aparıb...” Xatırladaq ki, prokurorluğun ittihamında tikinti aparılan ərazidə tarixi binanın olduğu göstərilib. Ancaq şirkət rəhbərinin dediklərindən belə aydın olur ki, Abutalıbov bunu danıb və həmin yerdə tarixi memarlıq abidəsinin olmadığını bildirib. Bununla da təkcə sözügedən şirkəti aldatmayıb, həm də barəsində söz açılan binanın sökülməsinə rəvac verib. Qanunsuz sərəncama gəldikdə isə, Tamilla İbrahimova bu sənədin imzalanmasından şəxsən Abutalıbovun xəbərdar olduğunu qeyd edir: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən dedilər ki, sənin sənədinə Rasim Quliyev icazə verib, bu doğru deyil. Sual verdim ki, bura kim imza çəkməli idi? Dedilər ki, müavin imzalamalıdır. Onlara bildirdim ki, meriyada imzanı kimin atması Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyətində olan məsələdir və şirkətə aidiyyatı yoxdur. Bizim üçün önəmli olan möhürdür. Bütün sənədlərimizdə Bakı Şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, DŞAK mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün müraciət etdim rəhbərliyə. Mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var. Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi...” Nəhayət, T.İbrahimovanın açıqlamasında daha bir maraqlı məqam: “Bu gün bütün qurumlar yaxşı bilirlər ki, mənim bu məsələlərdə heç bir günahım yoxdur. 126 şirkətin adı Korrupsiyada ola-ola, sadəcə, mənim şirkətimin adı hallandırılır, mənin işgüzar nüfuzumla oynanılır.” Belə çıxır ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatında qanunsuz tikintilərlə bağlı 126 şirkətə aid iş var. Və sözsüz ki, bu işlərin böyük əksəriyyətində BŞİH-in, deməli həm də H.Abutalıbovun adı keçir. Bu isə o deməkdir ki, R.Quliyevə qarşı qaldırılan cinayət işi, sadəcə, aysberqin görünən tərəfidir. Və obyektiv araşdırma aparılacağı təqdirdə daha ağır vəzifə cinayətləri və korrupsiya faktlarının üstü açıla bilər. “AzPolitika.info”