“Amma eyni zamanda nəzərə almalıyıq ki, revanşist haylar Azərbaycanla Rusiya arasındakı münasibətlərin kəskin şəkildə pozulmasına çalışırlar…”
“ Hazırda Qarabağın bir hissəsi və Laçın dəhlizindəki mövcud durumu təhlil edərkən ilk növbədə nəzərə almalıyıq ki, Ermənistandakı, əslində Hayastandakı revanşist güclər həm etnik hay(!) lobbisinə, həm də haypərəst qüvvələrə arxalanır. Və bu qəsbkar ölkə yeni hərbi doktrina qəbul edib və həmin doktrinaya əsasən hazırda onlar Azərbaycan dövlətinin büdrəməsini, ölkə daxilində milli barışığın pozulmasını gözləyirlər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Liberal partiyasının sədr müavini Əvəz Temirxan ifadə edib.
“Hayların ilkin planları şərait yaranan kimi, ən azı, Şuşa və Hadrutu yenidən işğal etməkdir. Büdrəməyimizi isə iki istiqamətdən: həm daxili, həm də xarici miqyasda təşkil etməyə çalışırlar. Yəni daxildə dövlət-xalq qarşıdurması yaratmaq, xaricdə isə aparıcı ölkələr və əsasən Rusiya ilə münasibətlərimizin pozulmasına cəhd göstərirlər. Bunun üçün də hazırda Azərbaycanın müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətində olan ərazisində hər cür təxribat törətməyə çalışırlar, dəridən-qabıqdan çıxırlar ki, rus hərbçilərlə Azərbaycan ordusu arasında birbaşa silahlı qarşıdurma yaşansın və rəsmi Moskva ilə münasibətlərimiz pozulsun. Yəni revançist haylar istəyir ki, “atan yenə kazaklar" olsun. Onlar Rusiya hərbçilərinin arxasında gizlənib ordumuza, mülki insanlarımıza atəş açırlar ki, Azərbaycan ordusu əks atəş açmağa məcbur olsun və ara qızışsın. Biz belə təxribatlara qətiyyən getməməliyik” – açıqlamasının ardında bunları söyləyən ALP fünksioneri rəsmi qurumları Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin bilərəkdən, yaxud yanlışlıqdan yol verdiyi xəta və təxribatlara dərhal reaksiya verməyə çağırıb.
“Eyni zamanda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Laçın rayonunun “Dağlıq Qarabağın rayonu” kimi təqdim edilməsi, Azərbaycan Respublikasının Rusiya sülməramlı kontingentinin məsuliyyət zonasından kənardakı strateji yüksəklik və kəndlərini, məsələn, Tərtər rayonunun Qapanlı kəndini həmin kontingentin nəzarət xəritəsinə daxil etmək və s. kimi hallar qətyiyyən qəbuledilməzdir. Və bu cür məsələlərə Azərbaycanın müvafiq qurumları, Müdafiə və Xarici İşlər nazirlikləri və s. dərhal, yəni bir neçə gün, bir neçə ay sonra yox, belə məlumat alınan dəqiqədə reaksiya verməli və Rusiya tərəfindən bu səpkidə yanlış addımlara dərhal düzəliş verilməsini tələb etməlidir. Xahiş, təklif yox, tələb etməlidir… Çünki bunlar bizim suveren dövlətçilik hüququmuza daxil olan məsələlərdir. Odur ki, çox diqqətli və məsuliyyətli olmalıyıq. Belə görünür ki, Qarabağ “xəmir”i hələ çox su aparacaq” –deyə Əvəz Temirxan vurğulayıb.
Sultan Laçın