8 il həbsdə yatan eks-nazir Fərhad Əliyev hazırda NƏ İŞLƏ MƏŞĞULDUR?
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi… İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir. Layihəmizdə bu dəfə Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevdən bəhs edəcəyik. Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Şövlət Əliyev xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həyatını itirib. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb. Fərhad Əliyev 1970-80-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (AzİMİ) daxil olub. 1985-ci ildə ali məktəbi bitirib. Həmin ildə Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985-87-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib. Fərhad Əliyev ali məktəbdə oxuduğu və orduda xidmət etdiyi zamanlarda ictimai işlərdə fəal iştirak edib. O, ADİMİ-nin Tələbə Həmkarlar Təşkilatının sədr müavini seçilib, orduda nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb. F.Əliyev 1985-90-cı illərdə ictimai fəaliyyətlə yanaşı müxtəlif dövlət işlərində çalışıb. O zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Komsomol Təşkilatı Mərkəzi Komitəsinin təşkilat şöbəsində sektor müdiri vəzifəsinə qədər yüksəlib. Beynəlxalq "Sputnik" Səhmdar Cəmiyyətinin prezidenti olub. 1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatında ticarət nazirinin müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsinə təyin olunub. 1999-2001-ci illərdə Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində sabiq nazir Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib və bununla da vəzifəsindən azad olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. F.Əliyev Prezidentin 2013-cü ilin payızında - Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Bir zamanlar mətbuatda yayılan məlumatlara görə, azadlığa çıxdıqdan qısa müddət sonra xaricə köçdüyü, Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi. Buna baxmayaraq, Fərhad Əliyev heç də Azərbaycandakı biznesini tamamilə dayandırmayıb, əksinə yeni böyük layihələrdə iştirak edib. Belə layihələrdən biri də Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən “Alco Lubricant Company" şirkətidir. Almaniya texnologiyası əsasında qurulan yeni zavodun ildə 30 min ton sürtgü yağı istehsal etməsi nəzərdə tutulur. Yayılan məlumatlara görə, zavodun investisiya dəyəri 10 milyon manatdır. 5 may 2016-cı il tarixində yaradılan şirkətə cəmi 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilib. Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azaddır. 2018-ci ildə Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib. Ailəlidir. İki övladı var. 27 yaşlı oğlu Yusif Əliyev, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.