Qazaxıstan hadisələri haqda üç ehtimal və bir nəticə...
Bizə elə gəlir ki, proseslər Nazarbayevə və Rusiyaya qarşı idi.
Güman ki, Qazaxıstan hadisələrinin üstündən pərdənin çəkilməsi və onların aydınlaşması üçün hələ bir müddət gözləmək lazım gələcəkdir.
Gəl, artıq indidən müəyyən ehtimallar söyləmək mümkündür. Böyük ehtimalla burada üç məqam var.
Birincisi, belə söylənilir ki, guya bunlar prezident Q.J.Tokayevin əməlləridir. İndiki prezident bir vaxt Nursultan Nazarbayevin qızı Dariqanı hakimiyyətdən uzaqlaşdırmışdı, indi isə bir zərbə ilə həm narazı olduğu hökumətdən, hətta Nazarbayevdən canını birdəfəlik qurtardı. Ruslar hələ də soruşurlar ki, axı Təhlükəsizlik Şurasının sədri vəzifəsi Elbaşı Nazarbayevə ömürlük verilmişdi. Görən, Tokayev bu vəzifəni onun əlindən necə aldı?
İkincisi, belə ehtimal var ki, məhz Rusiya türkçü Nazarbayevi devirdi. Söz yox ki, Moskvanın Nazarbayenin türk siyasətindən narazı qalmaq üçün xeyli əsasları var idi. Türk Şurası təşkilata çevriləndən, onu adı da dəyişib türkdilli dövlətlər yox, türk dövlətləri olandan sonra hamı narahat idi və hamı gözləyirdi ki, mütləq nəsə olacaq, çünki ruslar bir neçə ildir, hey yazırlar ki, guya türk dövlətləri öz NATO-larını yaradır! Amma biz Nazarbayevi tamam turançı da saymazdıq, çünki Brüssel sammitin ərəfəsində məhz o, bəyanatla çıxış etdi ki, Azərbaycanla Avrasiya Birliyinin üzvü olmaq üçün danışıqlara başlamağın vaxtıdır. Elə hadisələrin ilk günlərində də ruslar təlaşla yazırdılar ki, Nazarbayevdən sonra “avrasiyaçılıq” ideyası və Avrasiya Birliyi tamam mənasız olacaq.
Bəzi məlumatlara görə, Nazarbayev artıq öz ailəsilə Qazaxıstanı tərk edibdi. Biz bunun belə olub-olmadığını hələ bilmirik. Amma yenə də rus mediası yazırdı ki, Moskva keçmiş Qazaxıstan prezidentinə bu xidməti göstərib və yaxud da göstərməyə hazırdır. Amma hələki dəqiq bilnimir: Nazarbayev hazırda haradadır?..
Üçüncü ehtimal budur ki, proseslər Nazarbayev və Rusiya əleyhinə idi. Ola bilsin, Nazarbayevin siyasətində türk amilləri vardı, amma o, otuz il siyasi staja malik avtoritar lider və hətta diktator idi. Elə bu səbəbdən də insanların bir gün küçələrə çıxıb “Qoca, get!” – deyə tələb etməsində təəccüb doğuracaq şey yox idi. Bəli, çoxu onun geosiyasi manevrlərindən, Rusiya ilə necə incə münasibətlər qurmağından indi də heyranlıqla danışır və yazırlar. Amma hər şey kimi bunlar da bir gün insanları bezikdirir: axı neçə il “keçid dövrü” yaşamaq olar? Ona görə də bizə elə gəlir ki, proseslər Nazarbayevə və Rusiyaya qarşı idi.
Rus mediası lap ilk gündən yazırdı ki, Qazaxıstan son illərdə güclü şəkildə Qırğıstanın təsirini hiss edirdi və onlar iki ölkəni hətta “birləşmiş qablar” da adlandırırdılar.
Qərəz, Rusiya bir daha Qazaxıstanın işğal etdi və hadisələr bizə Azərbaycanda baş vermiş 1990-cı ilıin Yanvar hadisələrini xatırlatdı. Ona görə də Tokayev də hakimiyyətdə çox qalmayacaq və hətta qalsa belə, süngü üstə oturmalı olacaq. Ruslar öz sülhməramlılarının burada çox qalmayacağını deyirlər. Amma Rusiyanın bir xüsusiyəti var: onlar süngülərini bir yerə sancdılarsa, onları oradan qoparmaq çox çətin olur, xüsusən də nəzərə alanda ki, Moskvanın nəzərləri çoxdan Qazaxıstanım şimal ərazilərinə yönəlib. Bu əraziləri hətta “Rusiyanın hədiyyəsi” də adlandırırlar...
Ona görə də hələlik bir nəticə var. Hətta Nursultan Nazarbayev kimi tədbirli bir adam da bütün avtoritar liderlər üçün xarakterik olan aqibətdən qaça bilmədi və bu onu göstərdi ki, hər şeyin sonu var, hətta ən güclü hakimiyyətlərin də...