Adı müxtəlif qalmaqallarda hallanan Elmira Axundova Kiyevdə dəstək istəyən Qarabağ qazisini səfirliyə yaxın buraxmayıb.
Ukraynadakı səfir Elmira Axundovanın adı yenidən qalmaqalda hallanır. Bir qədər əvvəl adı səfirliyə məxsus maşınla “avtoşluq”da hallanan Elmira Axundova bu dəfə Vətən müharibəsi qazisi, “Cəsur döyüşçü” Elşad Səfərovun probleminə laqeyd, saymazyana yanaşması ilə gündəmə gəlib. Qazi ölkəmizin Ukraynadakı səfirliyinə 6 ay əvvəl müraciət edib. Lakin bu günə qədər səfir Elmira Axundova onu qəbul etməyib, problemi ilə maraqlanmayıb. Bu barədə Kiyev şəhərində Heydər Əliyevin heykəli qarşısında etiraz edən qazi bildirir ki, dəfələrlə səfirliyə müraciət edib, amma onun problemi ilə maraqlanan yoxdur. Döyüşçü Vətən müharibəsi bitəndən sonra işləmək üçün Ukraynaya gedib. İş prosesində ayağını zədələyib və əmək qabiliyyətini itirib. Ona təcili əməliyyat lazımdır. Elşad Səfərov Bakıya da qayıda bilmir. Çünki həyat yoldaşı hamilədir, 2 aydan sonra ana olacaq, həkimlər təyyarəyə minməyi qadağan edib. Belə olduqda dəstək üçün səfirliyə üz tutub, əməliyyat edilməsinə yardım istəyib. Səfirlik isə müraciətə məhəl qoymayıb:
“6 ay bundan qabaq da əməliyyat üçün səfirliyə müraciət etdim. Amma qəbul etmədilər. Burada çox az müddət qalıb işlədim. Ayağımın birini zədələmişəm. Bu gün artıq 3-cü dəfədir ki, səfirliyə gəlib-gedirəm. Şikayətə baxan yoxdur, Elmira Axundova ilə görüşə bilmirəm. Deyirlər, səfir qəbul etmir. Gələn ay ata olacağam, ayağım bu vəziyyətdə, işləməyə gücüm yox, gəlmişəm bu vəziyyətə düşmüşəm”.
Məsələ ilə bağlı “Bakupost” saytının əməkdaşı səfirliyə müraciət etsə də, açıqlama almaq mümkün olmayıb. Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Elşad Səfərov “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Sosial şəbəkələrdə Elmira Axundovanın Vətən müharibəsi qazisinə qarşı saymazyana münasibətini səfirin keçmişi ilə bağlayanlar az deyil. İstifadəçilər yazırlar ki, Elmira Axundovanın qaziyə münasibətinin kökündə onun milli ruhdan uzaq biri olması dayanır. Bundan başqa, Elmira Axundovanın uzun illər sabiq AMEA prezidenti Ramiz Mehdiyevin mətbuatda danışan dili, onun alovlu təbliğatçısı olması da vurğulanır.
Elmira Axundova ötənlərdə Ramiz Mehdiyevdən danışanda nəvəsinin adını belə Ramiz qoymasını xüsusi vurğulayıb. Kimsəyə sirr deyil ki, Elmira Axundovanın deputat mandatı almasında da, səfir göndərilməsində də Ramiz Mehdiyevin müstəsna rolu var. Elmira Axundovanı, onun oğlu Həbib Axundovu 30 milyonluq dələduzluq işində həbsdən kənar saxlayan da Ramiz Mehdiyev olmuşdu. Elmira Axundova Ramiz Mehdiyev vəzifədə olanda onun kabinetindən günlərlə çıxmayıb. Ramiz Mehdiyevin kitablarının icra başçılarına sırınması işlərinə də Elmira Axundova ilə oğlu Həbib Axundov baxırdılar. Elmira Axundova Ramiz Mehdiyevin “yüngül əli” ilə səfir göndərilərkən Azərbaycanda olduqca natəmiz bioqrafiyaya sahib idi. Hətta səfir getməsi üçün 1 milyon dollar ödəməsi iddiası da vardı.
Özünün, oğlunun adının qarışdığı dələduzluq işində Elmira Axundovanın səs yazıları belə bu gün də internet resurslarında var. Elmira Axundovanın Fərman Məmmədovla danışığının səs yazısında səfir iş adamına yalvarır, ondan aldığı pulu qaytarmaq üçün zaman istəyirdi. Həmin səs yazısında Elmira Axundova etiraf edirdi ki, Müdafiə Nazirliyində keçirilən tenderlərdə müəyyən şəxslərə hamilik etməklə ayda 60 min manat “şapka” alır.
Məmmədova söz verir ki, həmin “şapka”nı aldıqca hissə-hissə onun pulunu ödəyəcək. Axundova sonra Fərman Məmmədovu şərləyib həbs etdirmək, alıb vermədiyi pulların arxasına keçmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Mirqafar Seyidova müraciət də etmişdi.