Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun yaxın ətrafı barədə sensasion məlumatlar ortaya çıxdı
Azərtaym.az xəbər verir ki, criminal.az-a bu dəfə sabiq nazirin 5 il ərzində mayor rütbəsindən general-mayora qədər yüksəltdiyi MTN-nin Tibb Baş İdarəsinin rəisi barədə məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, idarənin rəisi Məzahir Yusubov nazirliyin tibb xidmətini bərbad hala salıb. Namiq Abbasovun milli təhlükəsizlik naziri olduğu müddətdə uzun illər Sərhəd Qoşunlarının Hospitalında cərrah, sonradan 10 ilə yaxın hospitalın rəisi vəzifəsində işləmiş Füzuli Kərimov sonra da peşəkar hərbi həkim kimi MTN-in Tibb Baş İdarəsinə rəis təyin olunub.
F.Kərimovun Tibb İdarəsinə rəhbərliyi dövründə DTK-dan qalmış ənənələrə uyğun olaraq Poliklinikaya müraciət etmiş çekistlərə daima diqqətlə yanaşılmış, peşəkar sahə həkimləri, həmçinin müvafiq şöbələrdə müayinə edilmiş, vaxtlı-vaxtında pulsuz dərmanlarla təmin olunurdular.
E.Mahmudov nazir olduqdan bir neçə ay sonra Füzuli Kərimov əsassız olaraq işdən uzaqlaşdırılır. Onun yerinə 50 yaşınadək səhiyyə təşkilatının mülki sahəsində (əczaçılıq sahəsində işlədiyi güman olunur) işləmiş, hərbi həkim kimi 1 gün belə işləməmiş Məzhir Yusubov tibb idarəsinə rəis təyin olunur və dərhal ona mayor rütbəsi verilir. M.Yusubov Eldar Mahmudova və onun müavini Əli Şəfiyevə yaxın olduğu üçün işə qəbul edilir. Beş il ərzində M.Yusubov general-mayor rütbəsinə qədər yüksəlir.
E.Mahmudovun rəhbərliyi dönəmində kənardan gətirilmiş qeyri-peşəkarlar MTN-də sürətlə irəli vəzifələrə qalxıb və Bakı şəhəinin ən bahalı ərazilərində yeni mənzillərlə təmin olunublar.
MTN-də 25 il xalqına xidmət etmiş və təmiz işləmiş əməkdaşlar isə mənzillə təmin olunmayıblar. M.Yusubov rəis təyin olunduqdan sonra MTN-in zabitlərinə münasibət dəyişib. Onun qoyduğu qaydaya əsasən, mülki şəxslər MTN-in poliklinikasından pullu istifadə etməyə başlayır, sonra poliklinikada zabitlərin həkimlərin qəbuluna düşməsi çox çətinləşir. Uzun müddət gözləmək lazım gəldiyindən zabitlər dəfələrlə işə qayıtmaq məcburiyyətində olur. Sonradan bir neçə dəfə həkimə getmək üçün icazə almaq məcburiyyətində qalırlar.
E.Mahmudovun rəhbərliyi vaxtında poliklinika özəl tibb müəssisəsini xatırladıb. SSRİ dövründən N.Abbasovun nazir olduğu dövrədək işə götürülən kadrlar həkim tibbi komissiyasının ciddi yoxlamasından keçdikdən və sağlam olduqdan sonra işə qəbul ediliblər. M.Yusubovun rəhbərliyi ilə isə çoxsaylı qüsuru olanlar da işə qəbul ediliblər. Hətta araşdırma aparılsa, F.Kərimov işdən uzaqlaşdırıldığı dövrdən 2015-ci ilin oktyabr ayının əvvəllərinədək hərbi tibb komisiyyasından keçərək sağlam diaqnoz ilə işə qəbul edilmiş bir neçə əməkdaşlar nazirlikdən kənarda da özlərini narkotik maddə aludəçisi kimi biruzə verdiklərinə görə işdən uzaqlaşdırılıblar.
Bundan başqa, əməkdaşlara pulsuz dərmanların verilməsi çətinləşib, bahalı dərmanlar əməkdaşlara verilməyib.
Əldə etdiyimiz digər məlumata görə, M.Yusubov işdən uzaqlaşdırılmaq üzrədir.