“BU, İYRƏNC VƏ DƏHŞƏTLİDİR” - Ağ Ev Putini nədə ittiham edir?

Məlum olduğu kimi, Haaqa Məhkəməsinin Vladimir Putinlə bağlı həbs qərarı onun başçılığı ilə işğal edilmiş ərazilərdəki azyaşlı ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiya edilməsilə bağlıdır. İndi isə məlum olur ki, Kreml həmin uşaqları geri, öz ailələrinə qaytarmaq fikrində deyil və əksinə, onları rusiyalılara övladlığa götürmələri üçün təklif edir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Kremli ukraynalı uşaqlarla bağlı qərarına görə kəskin şəkildə tənqid edib. O, etibarlı məlumatlara istinad etdiyini bildirərək, deyib ki, Rusiya azyaşlı ukraynalı uşaqları kütləvi şəkildə rusiyalılara övladlıq üçün təklif etməyə başlayıb: “Rusiya hakimiyyəti oğurlanmış ukraynalı uşaqların siyahısını Rusiyanın övladlığa götürmə saytlarında yerləşdirir... Bu, iyrənc və dəhşətlidir. Bu ukraynalı uşaqlar Ukraynada, ailələri ilə birlikdə olmalıdırlar. Rusiya təkcə Ukrayna hərbçilərinə qarşı deyil, həm də Ukrayna xalqına qarşı müharibə aparır. Prezident (Co Bayden) dediyi kimi, Rusiya Ukraynada hərbi və insanlığa qarşı cinayətlər törədir”.

Qeyd edək ki, rəsmi Kiyev işğal olunmuş ərazilərdən təxminən 20 min ukraynalı uşağın zorla Rusiyaya deportasiya edildiyini bildirir.






Fikirlər