ABŞ və Qərb Ukraynaya xəyanət edir: İsveçrə sülh sammiti əslində, "dəfn" mərasimidir
Ukrayna savaşı ABŞ və Qərbin ilkin ssenarilərinə zidd istiqamətdə inkişaf edir. Qərb siyasi dairələrində müşahidə olunan üstüörtülü təlaş da Ukrayna savaşı ilə bağlı planların reallıqdan uzaqlaşmasının əlaməti sayıla bilər. Hər halda, Qərbdə bu müharibənin daha geniş areala yayılma ehtimalından ciddi şəkildə narahatdırlar. Və bu ehtimalın reallığa çevrilmə təhlükəsini bloklamaq üçün müəyyən addımlar atılır. Onu da qeyd etmək lazımdır ki, İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammiti bu savaşın gələcək taleyi ilə bağlı bəzi müəmmalı məqamlara aydınlıq gətirə bilər. Hər halda, Ukrayna savaşı qlobal müharibəyə çevrilmə istiqamətində "qırmızı cizgilərə" artıq demək olar ki, maksimum səviyyədə yaxınlaşıb. Və indi Ukrayna Sülh Sammitində bu təhlükəyə Qərb siyasi dairələrinin hansı səviyyədə ciddi yanaşdıqları da dəqiqləşmiş olacaq. Məsələ ondadır ki, Ukrayna Sülh Sammitinin formatı və tərkibi də müəyyən narahatlıq doğurur. Bu sammitdə 92 ölkənin yüksəksəviyyəli təmsilçisi iştirak edəcək. Ancaq nə qədər qəribə də olsa, bu sammitə Rusiya dövlət olunmayıb. Və qarşı qütbün Çin kimi nəhəng təmsilçisi isə qatılmaqdan imtina edib.
Böyük ehtimalla rəsmi Pekin imtina qərarını sammitə Rusiyanın dəvət edilməməsi səbəbindən verib. Əslində, bu, kifayət qədər məntiqli yanaşmadır. Ukrayna savaşının iki birbaşa iştirakçısından biri məhz Rusiyadır. Əgər, Rusiya sammitdə iştirak etmirsə, deməli, bu tədbirin təşkilatçıları əslində, Ukrayna savaşının sona çatdırılması üçün sülh variantlarını axtarmaq barədə düşünmürlər. Və bu, növbəti müəmmalı məqam hesab oluna bilər. Belə anlaşılır ki, İsveçrədə adı sülh sammiti olaraq, elan edilmiş müzakirələrdə savaşdan çıxış yolları deyil, daha çox Ukraynanın məğlub olmaması üçün atılmalı olan mümkün addımlar araşdırılacaq. Yəni, ABŞ və Qərb Ukrayna savaşının dayandırılmasında deyil, məhz onun mümkün qədər uzadılmasında maraqlıdır. Qərbin son vaxtlar üzləşdiyi maliyyə və hərbi resurs defisiti isə daha stabil qaynaqların tapılmasına, yaxud da yaradılmasına ciddi ehtiyac doğurur. Onu da nəzərə almaq lazımdır ki, Ağ Evdə ABŞ-ın Ukrayna savaşını uzun müddət maliyyəlışdirə biləcəyinə əmin deyillər. ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra istənilən halda, Ağ Ev Ukrayna savaşına maliyyə və hərbi dəstəyini ya məhdudlaşdırmaq, ya da ümumiyyətlə, kəsmək məcburiyyətində qala bilər. Hər halda, keçmiş prezident Donald Tramp qalib gələrsə, ABŞ-ın Ukraynanın arxasından çəkiləcəyi qətiyyən şübhə doğurmur. Demokratların qalib gələcəyi təqdirdə isə ABŞ Konqresində çoxluq təşkil edən respublikaçılar Ukrayna savaşının maliyyələşdirilməsi prosesini bloklaya bilər. Ona görə də, böyük ehtimalla Bayden administrasiyası və Ukrayna savaşının uzadılmasında Ağ Evin planlarını dəstəkləyən Avropa Birliyi yaxın gələcəkdə ortaya çıxa biləcək fors-major situasiyaya hazırlaşır. Yəni, nə qədər gec deyil, indidən Ukrayna savaşı üçün maliyyə və silah-sursat resursları yaratmağa çalışırlar. Yəqin ki, ABŞ bu məsələni böyük ölçüdə yenidən Avropa Birliyi ölkələrinin üzərinə yükləməyə üstünlük verəcək. Və əsas arqument kimi isə Ukraynadan sonra Rusiyanın hədəfində məhz Avropa ölkələrinin olacağı ilə bağlı təhlükə qabardılacaq.
Böyük ehtimalla İsveçrə sammiti Ukrayna savaşının davam etdirilməsi məqsədilə maliyyə fondunun yaradılmasına hesablanıb. Əslində, bir müddət öncə NATO-nun baş katibi Yens Stoltenberqin bu barədə təklifi İsveçrə sammiti üçün siyasi-ideoloji hazırlıq xarakteri daşıyırdı. Belə ki, NATO baş katibi Ukrayna ordusunun maliyyələşdirilməsi üçün 100 milyard dollarlıq fondun yaradılmasına çağırmışdı. Və bu, Ukrayna savaşının maliyyələşdirilməsi prosesini təminat altına alınması məqsədi daşıyır. Maraqlıdır ki, Ağ Ev İsveçrə sammitinə toplaşan dövlətləri, xüsusilə də Avropa Birliyi ölkələrini Ukraynaya dəstək verməyə təşviq etməyi də qətiyyən unutmayıb. Belə ki, ABŞ Ukrayna ilə təhlükəsizlik təminatı barədə saziş imzalayıb. Və bununla da ABŞ-ın gələcəkdə də Ukraynanın arxasında olacağını rəsmi sənədlə təsdiqləməyə çalışır. Ancaq bu sənədin ətrafında kifayət qədər ciddi şübhəli məqamlar mövcuddur. Birincisi, Ukrayna ilə təhlükəsizlik sazişi cəmisi 10 il müddətinə nəzərdə tutulub. Yəni, müqavilənin müddəti sona çatdıqdan sonra ABŞ-ın Ukraynaya təhlükəsizlik dəstəyi olmaya bilər. Və bu, o deməkdir ki, Ağ Ev belə sənədlərlə daha çox ABŞ-ın Ukraynaya tam yerləşməsi üçün hüquqi məkan açmağa çalışır. İkincisi, bu sənədin Ukraynaya təhlükəsizlik təminatı verəcəyi də qətiyyən inandırıcı görünmür. Çünki Ukraynanın gələcək mövcudluğu hazırda böyük təhlükə altındadır. Ukraynanın əraziləri Rusiya tərəfindən işğal edilib. Halbuki, imzalanmış sənəddə ABŞ-ın bu situasiyaya birbaşa reaksiyası nəzərdə tutulmayıb. Yəni, ABŞ Ukraynanın xilas edilməsi üçün Rusiya ilə müharibəyə birbaşa müdaxilə niyyətində deyil. Və bu, həmin sənədin daha çox formal xarakter daşıdığını göstərir.
Nəhayət, imzalanmış sənədin hüquqi statusu da ciddi şübhələr doğurur. Çünki bu sənədin iki ölkənin parlamentlərində ratifikasiyası nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Bayden administrasiyası dəyişdikdən sonra ABŞ-ın növbəti prezidenti öz şəxsi qərarı ilə bu sənədi ləğv edə bilər. Bunun məhz belə olacağını isə elə indidən təxmin etmək mümkündür. Çünki keçmiş prezident Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın Ukraynaya bütün dəstəyi tamamilə kəsəcəyini elə indidən bəyan edir. Göründüyü kimi, Bayden administrasiyası əslində, növbəti dəfə Ukraynanı və Avropanı məhz özünün siyasi maraqlarına alət etməyə çalışır. Yəni, ABŞ Ukraynanın gələcək taleyini ümumiyyətlə, düşünmür. Mövcud beynəlxalq proseslərə uyğun ABŞ-ın maraqları çərçivəsində geopolitik manevrlər etməyə çalışır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, belə sənədlərin beynəlxalq məkanda işlək olmadığı da inkaredilməz reallıqdır. Məsələ ondadır ki, vaxtilə Ukraynaya bir neçə dövlət təhlükəsizlik təminatı verən saziş imzalamışdı. Həmin dövlətlərin sırasında ABŞ və Rusiya da yer alırdı. İndi Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsi aparır. ABŞ başda olmaqla, təhlükəsizlik təminatı verən digər ölkələr isə Ukraynanı müdafiə etmək üçün Rusiya ilə birbaşa müharibəyə qətiyyən həvəs göstərmirlər. Əksinə, Ukraynanın Rusiya ilə mümkün qədər uzun müddət müharibə apara bilməsi üçün sadəcə, savaşı maliyyələşdirməklə, kifayətlənirlər. Belə anlaşılır ki, ABŞ və Qərb İsveçrə sammitini keçirməklə, Ukraynanın gələcək taleyini deyil, savaşın uzadılması yollarını araşdırır. Bununla da Ukraynanın bu savaşda tamamilə tükənməsinə və son nəticə olaraq da dünya xəritəsindən silinməsinə yönəlik mövqe tutmuş olurlar. Və bu baxımdan, İsveçrə sülh sammiti əslində, uzunmüddətli müharibə axtarışı məqsədi daşıyır. Elçin XALİDBƏYLİ,ABŞ və Qərb İsveçrə Sülh Sammitini keçirməklə, Ukraynanın gələcək taleyini deyil, savaşın mümkün qədər uzadılması yollarını araşdırmaq məqsədi daşıyır... Bununla da Qərb əslində, Ukraynanın bu savaşda tamamilə tükənməsinə və son nəticə olaraq da dünya xəritəsindən silinməsinə yönəlik mövqe tutmuş kimi görünür...
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu