YENİ NAZİR əvəzindən ilk SƏRT QƏRAR: Misir Mərdanovun qardaşı, Elnur Aslanov və digər şəxslərin ərizələri alındı
Noyabrın 25-də Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini təyin edilən və eyni zamanda, nazir vəzifəsini icra edən Ramin Quluzadə rəhbərlik etdiyi qurumda ilk sərt addımını atıb. "AzerTaym.az" bildirir ki,bu barədə Strateq.az-a verilən məlumata görə, nazir əvəzi Ramin Quluzadə sələfi Əli Abbasovdan boşalan xidməti kabinetdə əyləşməklə yanaşı, həm də sabiq nazirin vaxtilə şöbə rəisi, mərkəz müdiri və sair vəzifələrə təyin etdiyi bütün şəxslərin, o cümlədən maddi-məsul olmayan adi işçilərin də vəzifələrindən öz xahişləri ilə azad olunmaları haqda ərizələrini alıb: "Ramin Quluzadə nazirin birinci müavini təyin olunsa da, o, faktiki nazir kimi hərəkətə edərək, nazirliyin qapısından içəri daxil olan adi işçilərdən tutmuş, şöbə və mərkəz müdirləri də daxil olmaqla, aparat rəhbərinin müavininə qədər hamısının ərizəsini alıb. Onların arasında aparat rəhbərinin müavini, sabiq təhsil naziri Misir Mərdanovun qardaşı İlham Mərdanov, Prezident Administrasiyasının sabiq şöbə rəisi, hazırda nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin rəisi Elnur Aslanov, İnfrastrukturun inkişafı şöbəsinin rəisi, mərhum Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılov kimi tanınmışların, həmçinin ölkədə nüfuz sahibi olan digər yüksək çinli vəzifəli şəxslərin yaxın qohumlarının adları da var. Bəli, nazir əvəzi hamının ərizəsini alaraq, bəribaşdan işçiləri iradəsinə tabe etdirməklə yanaşı, həm də onları hər an işdən azad etmək rahatlığını əldə edib. Hazırda bütün şöbə rəisləri və onların əməkdaşları öz vəzifələrini müvəqqəti icra edən şəxs statusunda nazirliyə gəlirlər". Məlumatda o da bildirilir ki, Ramin Quluzadə ərizələrini aldığı heç bir vəzifəli şəxsi bu günədək qəbul etməyib: "O, hələ ki, nazirlik və onun strukturları, qarşıda duran vəzifələr və problemlərlə məşğuldur. Yəqin ki, yaxın günlərdə nazir əvəzi kimlərlə işləyəcəyi haqda qəti qərarını verəcəkdir. Çox güman ki, bu zaman nazirliyin 11 şöbəsi və birbaşa aparata tabe olan bir neçə qurumun müdirlərinin əksəriyyəti ilə yollarını ayıracaq. Misir Mərdanovun qardaşına gəldikdə isə, onun da gələcək karyerası sual altındadır...".