LƏNKƏRANLILAR ANTİ-BÖHRAN TƏDBİRLƏRİNİ HAMILIQLA DƏSTƏKLƏYİRLƏR
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti görüşünü fevralın 4-də Balıqçılar qəsəbəsində keçirmişdir. Azertaym.az
Görüşdə İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və 300 nəfər qəsəbə sakini iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan İcra başçısı bildirmişdir ki, dünyada hökm sürən iqtisadi böhran Azərbaycana da mənfi təsirini göstərmişdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi anti-böhran tədbirləri Lənkəranda əhali tərəfindən razılıqla, nikbin əhval-ruhiyyə ilə qarşılanır. Natiq qeyd etdi ki, dövlət başçısı süni qiymət artımının qarşısını qətiyyətlə almaq üçün təxirəsalınmaz tədbirlər görür, çoxlu sayda sərəncamlar imzalayır. 2016-cı ilin iqtisadi islahatlar ili olacağını vurğulayan cənab Prezident bu ildə də bütün sosial və infrastruktur layihələrinin icra ediləcəyini əminliklə söyləmişdir. Biz iqtisadiyyatımızı elə qurmalıyıq ki, neftdən asılılıq aradan qaldırılsın.
İcra başçısı Lənkəranda əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni sitrus bağlarının, çay plantasiyalarının salınacağını, boş qalmış əkinəyararlı torpaq sahələrinin birləşdirilərək fermer təsərrüfatlarının yaradılmasının əhəmiyyətinin məqsədəmüvafliyini önə çəkərək Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə uzunmüddətli kreditlər götürməklə bu torpaqlarda tərəvəzçiliyi, çayçılığın inkişaf etdirilməsinin, çəltikçiliyi bərpa etməyin əhəmiyyətini xüsusi qeyd etmişdir. Kənd və qəsəbələrdə mövcud potensialın hərəkətə gətirilməsinin, ondan düzgün istifadə edilməsinin vacibliyini qeyd edən İcra başçısı Balıqçılar qəsəbəsində də üzümçülük, qunduzçuluq və balıqçılıq kimi əmək tutumlu sahələrin inkişaf etdirilməsinin yerli əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti olacağını söyləmişdir.
Taleh Qaraşov sonda qəsəbə sakinlərini Cənab Prezidentin siyasətini dəstəkləməyə, ölkə rəhbərinin ətrafında sıx birləşməyə, hər bir vətəndaşı ölkədə gedən proseslərə doğru-düzgün qiymət verməyə çağırmışdır.
Qəsəbə ağsaqqalları və ziyalıları çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini, ölkə başçısının həyata keçirdiyi anti-böhran tədbirlərini hamılıqla dəstəklədiklərini söyləmiş, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun asfaltlaşdırılmasına, qəsəbənin təbii qazla təmin olunmasına, əmək haqlarının, pensiyaların və müavinətlərin artırılmasına görə cənab Prezidentə minnətdarlıqlarını bildirmiş və sonda bir sıra təkliflərlə İcra başçısına müraciət etmişlər.
Taleh Qaraşov qaldırılan təkliflərin həlli üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.