LƏNKƏRANDA XOCALI ŞƏHİDLƏRİNİN XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLDİ

 Xocalı faciəsi bizim əbədi və sağalmaz dərdimiz, yaramız olduğundan bir vətəndaş kimi hər gün, hər saat bu ağrını, bu acını qəlbimizdə hiss edirik.

Hər il fevralın 26-da isə bütün Azərbaycan xalqı bir nəfər kimi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyir, şəhid olanların yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verir.

Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Xocalı faciəsinin 24-cü ildönümü dərin ehtiramla yad edildi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti şəhərimizdə Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gələrək faciə qurbanlarının xatirəsini dərin hüznlə andılar.
Əvvəlcə İcra başçısı Taleh Qaraşov abidə-kompleksin önünə tər qərənfillər  qoydu, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq təzim etdi.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayonun fəal istedadlı gənclərinin ifasında  “Bu qan yerdə qalan deyil!” adlı kompozisiya nümayiş etdirildi.
Sonda ümumrayon ziyarəti başladı.
Anım mərasimi Heydər Əliyev Mərkəzində davam etdirildi. Kinorejissor Vahid Mustafayevin  “Xoca” bədii televiziya filminin nümayişi oldu. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, yerli strukturların rəhbərləri və ictimaiyyətin nümayəndələri filmə tamaşa etdilər.

Həmin gün Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı qətliamına həsr edildi, idarə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri keçirildi. 

AzerTaym.az






Fikirlər