“TÜRMƏLƏR KRALI”nın korrupsiya dosyesi - Təfsilat

Ölkənin oliqarxlaşmış generaliteti varidatını genişləndirir. Bu siyahıda xüsusi yeri olan general Hüseynağa Əlixanovun adı başda çəkilir. Əslən qubalı olan Penitensiar Xidmətin rəis müavini doğma Yerfi kəndində, o cümlədən varlıların villaları yerləşən Qəçreş massivində özünə malikanələr ucaldıb.


“Türmələr kralı”nın villaları...

 

Araşdırmalar zamanı ortaya çıxan yeni faktlardan biri onun paytaxtda da dəbdəbəli imarətlər ucaltmasıdır.

Generalın 6-cı mikrorayonda özünə şah sarayı tikdirdiyi bildirilir. Penitensiar Xidmətdə uzun illərdir çalışan generalın öz vəzifə səlahiyyətlərindən istifadə edərək qazandığı geniş maliyyə imkanları villalarının sayını artırmağa şərait yaradıb.

H.Əlixanov hər zaman özünü medianın diqqətindən kənarda saxlamağa, biznesini gizlətməyə çalışıb. Ancaq zaman-zaman onun mal-mülkü, oliqarxlamış həbsxanalar məmuru olduğu, türmələr kralı kimi özünü aparması və dustaqların arzuolunmaz şəxs elan etdiyi bir personaj olduğu üzə çıxıb. Bu sahədə qazandığı milyonlarla kapitalını artıran və varlı general obrazı yaradan H.Əlixanovun reputasiyası kifayət qədər zədələnib.

Onun karyerası, yaşı və barəsində aparılan araşdırmaların yekunu belə demətə əsas verir ki, Penitensiar Xidmətdə ciddi kadr islahatları, reformlar həyata keçirilməlidir. Ancaq belə məqamda H.Əlixanovun PX rəhbərliyinə iddialı olması, bu post uğrunda çəkişmə apardığı və rəqiblərinə qarşı qara piar kampaniyası təşkil etdiyi haqda həyəcanlı xəbərlər gəlməkdədir.

Xidmətin korrupsiya çetesi

Məhkumlar arasında sorğu keçirilsə H.Əlixanovun imici barəsində dəqiq mənzərə çizmək olar. Həbsxanalarda neqativ halların artmasında da onun iştirakının az olmadığı deyilir.

Son zamanlar məhkumların müəmmalı ölüm faktları, onların işgəncə ilə öldürülməsi haqda səslənən ittihamlar və versiyalar da adıçəkilən generalın imicinə ciddi şəkildə zərbə vurub. Bu baxımdan mənbə

qeyd edir ki, generalın PX rəhbəri təyin olunması bu sahədə vəziyyətin daha da dərinləşməsinə, ağırlaşmasına gətirib çıxara bilər.

H.Əlixanovun dustaqlara çatan ərzaqların paylanmasında, cəzaçəkmə müəssisələrinin təmir-bərpası işlərində, ayrılan vəsaitlərin xərclənməsində, dustaqlardan qeyri-rəsmi ödənişlər alınmasında (telefonla danışmaq, şəraitli kameralara yerləşdirilmək və s.) maxinasiyalara yol verdiyi, bu Xidmətdəki korrupsiyalaşmış şəbəkədə yer aldığı da iddia olunur.

Odur ki, H.Əlixanovun sözügedən posta rəhbərlik ambisiyası üçün çırmanmasının ardınca arzusuna çatması PX sahəsində hazırkı vəziyyətin bir qədər də çətinləşməsinə səbəb olacağı ehtimal edilir.

“Burjuy məhkum”luq qiyməti - siyahı

Ümumiyyətlə, həbsxanalarda korrupsiya halları, rüşvət yığımı, məhkumların müəmmalı ölümü, dustaqların aksiyaları və başqa neqativ halların yaşanması tez-tez medianın diqqət mərkəzində olub.

Hüquq müdafiəçiləri də bu barədə mütəmadi araşdırmalar aparıb, monitorinqlər keçirib, ayrı-ayrı məhkumların adlarını çəkmədən vəziyyətini öyrənib, şikayətini çatdırıblar. Son illərdə isə Mədət Quliyevin bu sahəyə təyinatı ciddi dönüş yarada bilmişdi.

DTX rəhbərliyinə təyinat almasına qədər M.Quliyev reformlar həyata keçirməyə müəyyən qədər nail oldu. Amma problemlər də desək yanılmarıq. Bu problemlərin mövcudluğunda iki müavinlərdən biri H.Əlixanovun rolu da xüsusi qeyd olunur.

Məlumatlarda bildirilir ki, həbsxanalar daxilində xərc bitmir. Burada məhbusa yemək ötürməkdən tutmuş, kamera ilə gəzinti otağının qapısının açıq saxlanılmasına qədər hər şeyin öz qiyməti var. Məsələn, məhbusa yemək ötürmək istəyənin yaxını üçün bu, 10-15 manata, ailə üzvünün məhbusla görüşü 200 manata başa gəlir.

Məhbus təsərrüfat briqadasında qalıb cəza çəkmək və işləmək istəyirsə, əvvəlcədən 500-1000 manat və hər ay 150-200 manat ödəməlidir. Təsərrüfat briqadasında və Tibbi hissədə qalmağa yalnız imkanlı şəxslər nail ola bilir və bunun üçün onlar əvvəlcədən 3000-5000 manat, sonradan isə hər ay 500 manat aylıq ödəmə həyata keçirilər. Həbsxanalarda 2-4 nəfərlik “burjuy xata”ların aylıq qiyməti 1500-2000 manatdır.

Kamerada yemək qızdırmaq üçün plitənin olması üçün isə hər məhbus 50 manat ödəyir. Məktubda həbsxanalarla bağlı daha detalları ilə qeyd olunmuş məlumatlar var. Belə ki, məktub sahibinin iddialarına görə, kamera ilə gəzinti otağının qapısının gecələr açıq qalmasının qiyməti hər kamera üçün 200 manat müəyyən edilib.

Məlumatda bildirilir ki, həbsxanalarda pullu kart oyunları təşkil edilir və uduzan məhbusa borcu müxtəlif yollarla ödətdirilir. İddia edilir ki, qumar borcunu almaq üçün həmin məhbus döyülür, ona müxtəlif işgəncələr verilir.

Həbsxana rəhbərliyinin köməkliyi ilə həmin pul məhbusun azadlıqdakı yaxınları hesabına ödənilir. Bütün bu faktlar göstərir ki, H.Əlixanov bu sektoru tamamilə çirkaba bulaşdırıb. Onu daha ali posta yiyələnməsi isə PX-i uçuruma sürükləyə bilər.

Məhkumlara işgəncə, artan ölümlər...

Həbs yerlərində ölüm halları göstərir ki, məhbuslara verilən işgəncələr nəinki aradan qaldırılır, əksinə bəzən bu işgəncələr ölümlə nəticələnir. Son zamanlar elə bir il olmur ki, işgəncə nəticəsində məhbus dünyasını dəyişməsin. Bir çox hallarda bu faktlar ört- basdır edilir və məhbusun ölümü başqa səbəblərlə əlaqələndirilir.

2014-cü ildə işgəncə nəticəsində qeydə alınan ən dəhşətli məhbus ölümü 22 dekabrda 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elşad Babayev adlı məhkumun ölümü olub.

Şahidlərin və mərhumun bacısının verdiyi məlumata, eləcə də morqda cəsədin yayılan fotolarında dəhşətli işgəncənin izləri açıqca görünür. Elşad Babayevin işgəncə nəticəsində öldürülməsi ilə bağlı eyni həbsxanada saxlanılan məhkumlardan biri olayı tam təffərüatı ilə anladıb.

Hadisədən öncə Elşad Babayevi cərimə təcridxanasına (kars) salıb orada ağır işgəncələr verirdilər. Bağırtısı tibb məntəqəsinin həyətindən (kars ilə tibb məntəqəsi arasında iki divar, 30 metr məsafə var) eşidilirdi.

Daha sonra hər gün verilən işgəncəyə dözmədi bədəni, dünyasını dəyişdi. Məhkuma işgəncə verən müəssisənin rejim şöbəsi rəisi Faiq, əməliyyat şöbəsi rəisi Firdovsi və müavini Tural, müəssisə növbətçisi Vüqar, nəzarətçi Rahib və bunların başında isə müəssisənin rəisi Əli İbrahimov olub. Bütün bunlar 5 manat dərdi idi”, - deyə şahid bildirir. Məhkumlar bu haqsızlıqa qarşı etiraz aksiyası keçiriblər.

Pulsuza dubinka, zənginə sanitar otaq

Həbs edilən şəxslərə qarşı insan ləyaqətini alçaldan münasibətin göstərilməsi, onların qəddarlığa və işgəncələrə məruz qalması həm müvəqqəti saxlama və istintaq təcridxanalarında, həm də cəza çəkmə müəsissələrində həyata keçirilir.

İşgəncə təkcə fiziki zor tətbiq etməklə deyil, insan ləyaqətini alçaldan münasibətə məruz qoymaq, qeyri- əlverişli saxlama şəraiti, aşındırıcı psixoloji münasibət, diskriminasiya və s. hərəkətlərdə özünü biruzə verir.

Cərimə təcridxanasına salınan dustaqlar elə hallar olur ki, şiddətli şəkildə döyülür. Sabiq məhkumlardan biri danışır: “Mən 10 saylı cəza çəkmə müəsissəsində cəza çəkdiyim zaman elə hallar olub ki, 20 gündən bir məhkumun cənazəsini evinə göndərmişik.

Bunların çoxu əcəli ilə ölüb, amma maraqlıdır ki, CÇM-lərdə tibbi-sanitar hissələr xəstələr üçün nəzərdə tutulsa da, orada xəstəliyi olmayan zəngin adamlar qalır. Bu özü işgəncədir. Xəstələr müalicə oluna bilmirlər.

“Zon”- larda gecə həkim növbətçisi olmur. Bu da insanların ölməsinə səbəb olur. Penitensiar Xidmət bu haqda informasiyaları tam gizlin saxlayır. “Zon” daxilində işgəncə hallarına tez-tez rast gəlmək olur. Bunu gizlədirlər və açıqlamırlar. Amma rəislər razvodun qarşısında belə işgəncə metodlarından fəxrlə danışırlar”.

Mənbə “Gündəm-xəbər”ə deyib ki, bir dəfə 10 saylı CÇM rəisi Mirsaleh Seyidov razvodun qarşısında dava-dalaş salan dustaqlara xitabən beləcə də demişdi: “Elə vurun ki, izi qalmasın. O üsulları biz bilirik. Heç olmasa bizdən öyrənin. İronik deyilmişdi, amma dəstə ilə dustaqları tapdaladıqları hər gün ölüm riski var.

10 saylı CÇM-də 100-dən çox kompüter vardı, pulla xidmət göstərən kompüter otağı vardı və yeri gəlmişkən, bu otaqda saatı 1 manatdan oyun oynamaq, kliplərə baxmaq mümkün idi. Ancaq 10 saylı CÇM- də özünə sayt yaradan, gündə internetdən istifadə edən, rəisin və ədliyyə nazirliyinin villalarının eskizlərini kompüterdə çizən məhkumlar da vardı. Bu günə qədər baş verən faktlardan sonra Əlixanov necə Penitensiar Xidmətin rəisi ola bilər?

17 saylı həbsxanada ölümün gizlinləri

Məlumat üçün qeyd edək ki, təkcə son bir ayda müxtəlif cəzaçəkmə müəssisələrində məhbuslara işgəncə verilməsi faktları üzə çıxıb və buna görə həmin həbsxanaların rəisləri dəyişdirilib. Bir neçə gün öncə 17 saylı cəzaçəkmə müəssisəsində də daxili nizam-intizam qaydaları pozulmuşdu.

Məlum olmuşdu ki, həbsxana rəhbərliyi tərəfindən məhbuslara qarşı qeyri-insani hərəkətlər edilib. Məsələ ictimailəşdiyi üçün xidmət rəisinin əmri ilə sözügedən müəssisənin rəisi Arif Mirzəyev sərəncama göndərildi.

Onun yerinə isə Elçin Əlicanov rəis təyin olunub. O, bu posta 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin rəis müavini vəzifəsindən gətirilib.

Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunandan sonra burda bir neçə dəfə rəis dəyişikliyi baş verib. Belə ki, əvvəllər də 17 saylı həbsxanada məhbusların rəhbərliyə qarşı etirazı qeydə alınmış və rəis Ərşad Həsənov vəzifədən çıxarılmışdı.

Bu hadisənin üstündən heç bir həftə ötmədi ki, xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verdi.

Binəqədi rayonu ərazisində yerləşən müəssisədə cəzaçəkən, 2004-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb.

O, müəssisənin 2 saylı yataqxanasının dəhlizində qəfil yıxılıb və yerindəcə keçinib. Məhbusun hansı səbəblərdən həyatını itirməsi barədə mətbuata rəsmi açıqlama verilməsə də, qeyri-rəsmi məlumatlara görə, ölən şəxs dəfələrlə türmə rəhbərliyi tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

Əlixanovun rəqibləri kimlərdi?

Bildirək ki, bu vəzifə uğrundan mübarizə qızışıb və yeni müstəviyə qədəm qoyub. Ondan başlayaq ki, bu günlərdə İsmayıllının sabiq polis rəisi Nizami Qocayev Məhkəmə Qərarlarının Baş İdarəsinin Gəncə regional şöbəsinə təyinat aldı.

KİV “Penitensiar Xidmətin rəisi bəlli oldu” adı altında bu məlumatı təqdim etməklə yeni bir mübarizəyə eyham vurdu. N.Qocayev Daxili İşlər orqanında pensiya vaxtının çatması ilə əlaqədar, nazir Ramil Usubov tərəfindən imzalanan əmrlə təqaüdə göndərilsə də, uzun müddətdən bəri Penitensiar Xidmətə rəis gətiriləcək isimlər arasında yer almışdı. Lakin hansısa məqamlar onun son görəvə yetişməsinə mane olub. Ancaq mübarizə davam edir.

Hətta Mədət Quliyevin Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) rəis təyin olunmasından sonra onu əvəzləyəcək bir neçə ismin adını da qeyd edilib. Bu siyahıya Sumqayıt Şəhər Polis İdarəsinin sabiq rəisi, polis general-mayoru, hazırda isə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyevdən tutmuş, Qaradağ rayon Polis idarəsinin rəisinin adları çəkilir.

Məlumata görə Penitenisiar Xidmətin elə öz içindədə rəis olmaq uğrunda əməlli-başlı mübarizənin getdiyi bildirilir. Hazırda adı müxtəlif qanunsuz əməllərdə hallanan Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov və digər müavin Nizaməddin Cəlilov arasında da mübarizə getdiyi bildirilir. Hazırda bu quruma məhz rəis vəzifəsinin səlahiyyətlərini Hüsenyağa Əlixanov icra edir.

Əlixanov qardaşlarının özbaşınalıqları

General Əlixanovun adı təkcə həbsxanalarla bağlı neqativ hadisələrdə hallanmayıb. Hələ bir neçə il qabaq Qubanın Yerfi kəndindəki özbaşınalıqları barədə kənd sakinləri prezidentə məktub yazmağa məcbur olmuşdular.

14 kənd sakininin imzaladığı açıq məktubda Penitensiar Xidmətin rəis müavini, ədliyyə generalı Hüseyn və qardaşı Nazim Əlixanovlar torpaqları kənd sakinlərindən zorla almaqda ittiham olunurdular.

İttihamlarda deyilirdi ki, generalın qardaşı “Nazim Əlixanov birbaşa qardaşının tapşırıqlarına uyğun olaraq kəndin əhalisinin dövlət tərəfindən verilən torpaq paylarını zorla əlindən almağa başlayıb. Kənd əhalisindən kimini hədələyərək, kimini şantaj edərək, kimini isə qoçu üsulu ilə döyərək torpaqlarını mənimsəyirlər.

Dəfələrlə bu məsələlərlə bağlı rayon rəhbərliyinə müraciətlər olunsa da, icra hakimiyyəti qanunların kənd əhalisinin tərəfində olmasını etiraf etsə də, vəziyyəti dəyişməkdə aciz olduğunu bildiriblər.

Kənd əhalisinin imzaladığı müraciətdə Əlixanov qardaşlarının kənd əhalisinin dövlət tərəfindən ayrılımış pay torpaqlarını zəbt etmələri azmış kimi Yerfi kəndindəki orta məktəbin ikimərtəbəli əsas binasını da zəbt ediklərini yazmışdılar.

İki qardaşın işğalçılığı

Məktubda deyilir: “Sizə yazmaqda məqsədimiz Quba rayonu Yerfi kəndində baş verənləri ictimailəşdirməkdir. Ümid edirik məsələnin mahiyyətinin ciddiliyini nəzərə alıb, bizə yardımçı olacaqsınız.

Bu günlərdə Yerfi kəndindəki orta məktəbin ikimərtəbəli əsas binalarından biri kəndin keçmiş icra nümayəndəsi Əlixanov Nazim Ənvər oğlu tərəfindən rəsmi icazə olmadan, qanunsuzcasına zəbt olunub. Artıq binanın dam örtüyü, qapı-pəncərələri sökülüb, ətrafındakı göz altına aldığı məktəb ərazisinin otu çalınıb.

Lakin qardaşı - Penitensiar Xidmətin müavini, ədliyyə generalı Hüseynağa Əlixanova görə heç bir dövlət qurumu onun özbaşınalığına qarşı tədbir görmür, məsələyə göz yumur. Nazim Əlixanov, bu azmış kimi binanın ətrafındakı təqribən iyirmi sota yaxın məktəb ərazisini də özününküləşdirməyə hazırlaşır.

Onun tərəfindən qanunlara məhəl qoyulmaması, sadə kənd əhalisində bu seçki ərəfəsində sanki mövcud iqtidara qarşı narazılıq, inamsızlıq və acıq yaratmağa hesablanıb.

Biz bu barədə Təhsil Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi rəhbərliklərini müvafiq qaydada xəbərdar etmişik. Bundan əvvəl də Nazim Əlixanov tərəfindən edilən başqa qanunsuz əməllər üzündən ciddi narazılıqlar olsa da, yuxarıda qeyd etdiyimiz səbəbə görə dövlət qurumları səssiz qalıb”.

Əlixanovlar klanının böyüyən sferası

Sakinlər yazmışdılar ki, Quba rayonunun sabiq icra başçısı bütün bu qanunsuzluqlarla bağlı tədbir görmək əvəzinə camaata məsləhət görüb ki, Əlixanov qardaşlarına ilişməsələr yaxşıdır.

Hətta o zaman Əlixanov qardaşları onların ayağına dolaşdığı üçün Yerfi kəndinin icra nümayəndəsi işləyən Akif Məmmədovu işdən çıxartdıraraq, onun yerinə qardaşı Nazim Əlixanovun qızının əri Müşfiq Mikayılovu icra nümayəndəsi qoydurublarmış.

Şikayətçilər hələ 2013-cü ildə Əlixanovun həyat yoldaşı Sona Salmanovanın Konstitusiya Məhkəməsinin sədr müavini olduğunu və torpaqların sakinlərdən alınması prosesində onun da böyük rolu olduğunu xüsusi olaraq vurğulayıblar. Ümumiyyətlə, Əlixanovlar klanı respublikada heç də digər oliqarx məmurlardan geri qalan “reputasiyada” deyil.

Bəlkə də daha gözədəyməz bir təbəqəni əhatə edirlər. Bir neçə gün əvvəl isə Zakir Qaralovun müvafiq əmri ilə generalın oğlu Erkin Əlixanov Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə təyin edilməsi xəbəri Hüseynağa Əlixanovun ətrafının təsir sferasının güclü dayağa söykəndiyi qənaətinə gəlmək olar.

Qocayevin nüfuzu, Əlixanovun əməlləri...

Onun Ali Məhkəmənin sədri Ramiz Rzayevlə qohumluq əlaqələri, o cümlədən oğlunun DİN –də idarə rəisi və nəhayət Sabunçu rayon prokurorluğuna qədər uzanan vəzifə trayektoriyası xəbər verir ki, Əlixanov Penitenisiar xidmətin rəisi vəzifəsinə iddialı görünür.

Digər namizəd Nizaməddin Cəlilovun məhz Şəki bölgəsindən olması və amma bütün bunlara baxmayaraq, Penitensiar Xidmətin rəisi vəzifəsinin uzun müddət boş qalacağı da inandırıcı görünür.

Məlumata görə, sözügendən quruma kimin rəhbər gətiriləcəyi artıq dalana dirənib. Etibarlı mənbələrdən daxil olan bilgilərdə vurğulanır ki, Penitensiar Xidmətdə Mədət Quliyevi əvəzləyəcək şəxs general-mayor Nizaməddin Cəlilov olacağı ehtimalı o qədər də real görünmür.

Məlumatlarda vurğulanır ki, Nizaməddin Cəlilov Azərbaycanda az sayda məmurlardandır ki, qısa müddətdə general rütbəsi ala bilib. Belə ki, hələ 2005-ci ildə kapitan olan və qısa müddətdə mayor rütbəsinə sahiblənən sözügedən şəxs 2013-cü ildə general-mayor rütbəsi alıb.

Onun hansı xidmətlərinə görə, bu qədər az zaman kəsiyində general rütbəsi almasının sirri isə kimsəyə məlum deyil. Bütün bu detallar, araşdırmalar və faktlar N.Qocayevin bu post uğrunda daha münasib namizəd olduğunu təsdiq edir.

Onun İsmayıllı hadisələrində narazı xalqın qarşısına çıxması, əhali tərəfindən hörmətlə qarşılanması, bir ziyalı kimi ona qiymət verilməsi, Qubada deputat Vahid Əhmədovun işini İsmayıllıda görməsi sübut etdi ki, N.Qocayev sistemin içində özünə qiymət verməyi bacarıb.

O, insanlarla, cəmiyyətlə belə bir mürəkkəb şəraitdə necə işləmək lazım olduğunu bilir, peşəkarlıq və təcrübə onu hər addımda qoruyur. Odur ki, N.Qocayevin nüfuzu indiki situasiyada Penitensiar Xidmət üçün daha əlverişlidir, nəinki bu sahədə müxtəlif qanunsuzluqlarda adı çəkilən H.Əlixanova bu postu həvalə etmək.

Əlixanov kimdir?

Qeyd edək ki, Əlixanov Hüseyn Ənvər oğlu 1953-cü ildə Qubada anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq-mühafizə orqanlarında əmək fəaliyyətinə 1981-ci ildən başlayıb.

Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, Gəncə şəhər prokuroru, Bakı şəhər prokurorluğunun daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Bakı şəhər prokurorunun birinci müavini vəzifələrində qulluq edib.

2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavinidir. Ədliyyə general-mayorudur. Ailəlidir, 2 övladı, 4 nəvəsi var. Yazıda adı keçən bütün tərəfləri dinləyib mövqeyini dərc etməyə hazırıq.

AzerTaym.az






Fikirlər