Eldar Mahmudovun VƏZİFƏ verdiyi keçmiş İCRA başçısı işsiz qalıb – ÖZƏL

Eldar Mahmudovun vəzifə verdiyi keçmiş icra başçısı işsiz qalıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı, İsmayıllı rayonunun keçmiş icra başçısı Nizami Ələkbərov işsiz qalıb. İcra başçısı postundan kənarlaşdırıldıqdan sonra Eldar Mahmudov tərəfindən Milli Təhlükəsizlik Nazirliyində (MTN) işə düzələn N.Ələkbərov bu qurumun ləğvindən sonra heç yerdə işləmir. 

Qaynar.info-nun əldə etdiyi məlumata görə, hazırda 64 yaşı olan sabiq icra başçısına nə MTN-in əvəzinə yaradılan Dövlət Təhlükəsizliyi Xidmətində, nə də Xarici Kəşfiyyat Xidmətində işə düzəlib: “Ələkbərovu MTN-ə bilavasitə Eldar Mahmudov gətirmişdi. Məlum olduğu kimi, keçmiş icra başçısı 2013-cü ilin məlum İsmayıllı hadisələrindən sonra vəzifəsindən kənarlaşdırılmışdı. Həmin hadisələrdə əsas cavabdehlər kimi nazir Füzuli Ələkbərovun oğlu, həmçinin Nizami Ələkbərovun oğlu və özü göstərilirdi. Buna baxmayaraq, N.Ələkbərov işdən azad edildikdən cəmi 6 ay sonra – Eldar Mahmudov tərəfindən MTN-ə işə cəlb olundu. O, nazirlikdə şöbə müdiri postu tuturdu. Mahmudovun adı ətrafında böyük səs-küy yaranmış şəxsə MTN-də vəzifə verməsi o vaxt da maraq və təəccüblə qarşılanmışdı, elə indi də maraq və təəccüb doğurmaya bilmir”.

Mahmudovuyn “vurulmasından” sonra onsuz da N.Ələkbərovun MTN-də qalması bir o qədər də inandırıcı görünmürdü. MTN-nin ləğvinin ardınca yaradılan yeni qurumlarda keçmiş icra başçısının işinə ehtiyac duyulmayıb və ola bilsin, bu, onun Eldar Mahmudova yaxın şəxs olması ilə bağlıdır. O da mümkündür ki, N.Ələkbərov özü Mahmudovun “vurulmasından” sonra xüsusi xidmət orqanlarında çalışmaq istəməyib. 

Qaynar.info işsiz qalması yönündə iddiaları N.Ələkbərovun özü ilə dəqiqləşdirməyə çalışsa da, bu alınmayıb.  

Xatırladaq ki, 1995-2000-ci illərdə Milli Məclisin üzvü olmuş N.Ələkbərov Tovuz rayonunda doğulub, Xalq Təsərrüfatı İnstitutunun institutun Mühasibat uçotu ixtisası üzrə tam kursunu bitirərək mühasib-iqtisadçı ixtisası alıb, 1984-cü ildə isə Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirərək hüquqşünas ixtisasına yiyələnib.

2000-ci illərin əvvəlində qardaşına məxsus "İmproteks" şirkətlər qrupunun vitse-prezidenti işləyib.

2006-cı il sentyabrın 6-dan 2013-cü il fevralın 14-dək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan N.Ələkbərov 1980-90-cı illərdə ədliyyə sistemində də çalışıb.  






Fikirlər