“İsmayıllı camaatının çörəyini yeyib sonra onu təhqir etdilər” - Keçmiş nazirin oğluna cavab

“İsmayıllı camaatının çörəyini yeyib sonra onu təhqir etdilər” - Keçmiş nazirin oğluna cavab Bütün rayon əhalisi bilir ki, hadisələrdə müxalifətin rolu yox idi. Həmin hadisə Vüqar Ələkbərovun adamları kimi tanınan şəxslərin taksi sürücüsünü söyüb təhqir etməsi, sonra isə bütün İsmayıllı camaatının ünvanına söyüş söyməsi nəticəsində baş vermişdi. İsmayıllı camaatı mənəviyyatlı, tərbiyəli camaatdır. Camaat onu söyənləri cəzalandırmaq üçün ayağa qalxmışdı. Burada müxalifət-filan söhbəti olmayıb və ola bilməz.”

Bunları Müsavat Partiyası İsmayıllı Rayon Təşkilatının sədri Vidadi Həmidli sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun 2 illik susqunluqdan sonra bugünlərdə İsmayıllı hadisələrində müxalifətin əlinin olduğunu söyləməsinə münasibət bildirərkən deyib. Vidadi Həmidli “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, iki il öncə İsmayıllıda baş verən məlum hadisələri Vüqar Ələkbərovun müxalifətin üzərinə yükləmək cəhdi absurd və gülüncdür: “Camaatı söyüb o hadisələrə səbəb olan şəxslərin içərisində şəxsən Vüqar Ələkbərovun iştirak etdiyi haqda o vaxtlar rayonda söz-söhbət yayılmışdı. Söz-söhbət olduğu üçün də mənim əlimdə sübut yoxdur ki, Vüqar Ələkbərovun şəxsən orda olduğunu qeyd edim. Mən sadəcə olaraq camaat arasında Vüqarın da söyən adamlardan biri olduğu haqda söhbətlər eşitmişdim. Amma əlimdə fakt olmadığı üçün deyə bilmərəm ki, Vüqar da orada olub. Ancaq söyən şəxslərin onların adamları olduğu dəqiqdir”.

V.Həmidli V.Ələkbərovun İsmayıllıda malikanələrinin, mülklərinin olmadığı haqda dediklərinin də doğru olmadığını bildirdi: “Tamamilə yalan deyir. İsmayıllıda ən iri obyektlər, torpaq sahələri, çoxlu sayda malikanələr onların idi. İndi də onlarındır. Bunu rayonda hər kəs bilir. İsmayıllı camaatının çörəyini yeyib sonra onu təhqir etdilər. Mənə təəccüblü gələn odur ki, Vüqar Ələkbərov niyə o hadisələrdən iki il sonra çıxıb mediada belə geniş danışıb”.






Fikirlər