Keçmiş nazir biznesini genişləndirir...

Keçmiş nazir biznesini genişləndirir...Cüdoçuların maaşını verməyən Füzuli Ələkbərov regionlarda «Improtex Motors»un satış və servis mərkəzlərini açır

“Rolls-Royce”, “MINI”, “Alpina” və BMW motosikllarının Azərbaycanda rəsmi idxalçısı “Improtex Motors” şirkəti regionlara çıxır. Şirkətin direktoru Həsən Ismayılov “Marja”ya bildirib ki, yaxın gələcəkdə Gəncə və Lənkəranda satış və xidmət mərkəzi fəaliyyətə başlayacaq: “Biz Bakıdakı satış və servis mərkəzlərimizdə bütün işlərimizi qaydasına salmışıq. Növbəti mərhələdə regionlara doğru irəliləməyi nəzərdə tuturuq. Ilk olaraq Gəncə və Lənkəran şəhərlərində satış və xidmət mərkəzi açılacaqdır. Artıq həmin şəhərlərdə torpaq sahələri də alınmışdır”.

Həsən Ismayılov qeyd edib ki, “Improtex Motors”un təmsil etdiyi markaların avtomobillərinin satışı regionlarda bir tavan altında təşkil olunacaq.
Həmçinin bəlli olub ki, “Improtex Motors” şirkəti əsaslı təmirdən sonra dünəndən etibarən Bakıdakı BMW satış və sərgi salonunun yenidən qapılarını açıb. Əsaslı təmirdən sonra BMW avtosalonunun ümumi sahəsi 750m2 təşkil edir ki, bundan 650m2 ekspozisiya üçün ayrılıb. Yeni salonda eyni anda 20-dən çox avtomobil yer ala bilir.
Qeyd edək ki, “Improtex Motors” şirkətinin sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir. Füzuli Ələkbərov 2013-cü ilin yanvar ayında baş verən məşhur “Ismayıllı hadisələri” ilə gündəmə gəlmişdi. Həmin hadisələrin əsas fiqurlarından biri kimi onun oğlunun adı hallandırılırdı. Bundan başqa Ismayıllının icra başçısı Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov idi. Həmin hadisələrdən az sonra Nizami Ələkbərov işdən çıxarıldı.

Füzuli Ələkbərov isə 2013-cü ilin prezident seçkisindən sonra vəzifəsinə “əlvida” dedi. Bu günlərdə keçmiş nazirin adını cüdoçular gündəmə gətirmişdi. Məlumat üçün deyək ki, Füzuli Ələkbərov həm də Cüdo Federasiyasının prezidentidir. Cüdoçular onlara əmək haqqının verilməməsindən, məşq üçün şərait yaradılmamasından şikayətlənərək bütün bu məsələlərdə Fuzuli Ələkbərovu ittiham edirdilər. Lakin onların qaldırdığı məsələ hökumət səviyyəsində diqqətdən kənarda qaldı. Əvəzində isə Füzuli Ələkbərovun biznesini genişləndirdiyi üzə çıxır. (Azadlıqinfo)






Fikirlər