Azərbaycanda mühafizə sistemini gücləndirmək üçün tədbirlərə ehtiyac var
Ekspert: «Burada polislə və mühafizəçinin xidməti ilə yanaşı ictimai nəzarət də olmalıdır»
Təkcə bu il mart ayında qardaş Türkiyədə, Pakistanda və Avropanın siyasi mərkəzi olan Brüsseldə yüzlərlə insanın həyatına son qoyan terror aktları baş verdi. İntihar partlayışları insanların kütləvi olduğu yerlərdə törədilir. Terrorçular bununla daha çox insanı qətlə yetirməyi hədəfləyirlər.
Tarix boyu erməni terrorunun hədəfi olmuş Azərbaycanın adı bu gün dünyaya terror rüzgarı əsdirən ekstremistlərinin hədəfləri sırasında yoxdur. Bununla belə martın 25-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus vətəndaşı İlyevskiy Sergey Timofeyeviçi saxlayıblar. Bu hadisə ölkə ictimaiyyətində narahatlığa səbəb oldu. Qeyd edək ki, saxlanılan şəxsə qarşı hələ ki, ittiham irəli sürülməyib. Fakt üzrə zəruri araşdırmalar davam etdirilir.
Azərbaycan terrordan əziyyət çəkən ölkələr sırasındadır. Təkcə yaxın keçmişdə Bakı metrosunda və Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktlarını xatırlaya bilərik. Deməli, hər bir ölkə kimi biz də terrordan sığortalanmamışıq.
Bəs terrorun qarşısını almaq mümkündürmü? İctimai yerlərdə mühafizə necə təşkil olunur? İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərin baş verməməsi üçün hansı tədbirlər görülməlidir?
Bu suallarla müxtəlif təşkilatların nümayəndələrinə və ekspertə müraciət etdik.
Təhsil müəssisələrini mühafizəçilər qoruyur
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın sözlərinə görə, 20 minə yaxın tələbəsi və 3 minə yaxın işçisi olan ali təhsil müəssisəsinin mühafizəsi yüksək səviyyədə təşkil olunub: "Universitetin həyəti kamera sistemi ilə müşahidə olunur. Bununla yanaşı, təhsil müəssisəsinin dörd giriş qapısında və korpuslarının girişində mühafizə xidmətinin əməkdaşları mühafizəni təşkil edirlər. Tələbələrin biletləri, işçilərin isə iş vəsiqələri yoxlanılaraq universitetin ərazisinə buraxılır. Eyni zamanda, onların üzərində olan əşyalar da müvafiq aparat vasitəsi ilə yoxlanılır. Əgər kənar şəxsdirsə və görüşə gəlibsə, onun şəxsiyyət vəsiqəsi alınaraq qeydiyyatı aparılır, bununla yanaşı görüşəcəyi şəxslə əlaqə saxlanıldıqdan sonra o universitetin ərazisinə buraxılır".
P.İbrahimova bildirir ki, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan hadisələr bu günə qədər baş verməyib: "Daxili nizam-intizam qaydalarına əməl etməyərək tələbə biletini və işçi vəsiqəsini göstərməyən şəxs olarsa, onunla bağlı da tədbir görülür. Təhlükəsizliklə bağlı ciddi qüsurlar müşahidə olunmayıb. Onu da bildirim ki, universitetin təhlükəsizlik xidmətinin əməkdaşlarının sayı kifayət qədərdi".
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımovanın sözlərinə görə, bu ali təhsil müəssisəsində gücləndirilmiş rejimdə daxili təhlükəsizlik xidməti fəaliyyət göstərir: "Universitetin bütün giriş və çıxış qapılarına quraşdırılan kameralar 24 saat baş verənləri qeyd edir.
Tələbələrin biletləri, işçilərin isə iş vəsiqələri yoxlanılaraq universitetin binasına buraxılır. Əgər kənar adam olarsa, içəriyə buraxılmır və dərhal mühafizə xidmətinin əməkdaşı tərəfindən universitetin məsul şəxsləri ilə əlaqə saxlanılır. Hər bir mühafizəçi isə təbii ki, öz işinə ciddi yanaşır. Vurğulayım ki, bizim mühafizə xidmətinin əməkdaşları öz işlərini peşəkarcasına aparır və təcrübəli şəxslərdir".
Ş.Kazımova bildirdi ki, bu günə qədər təhlükəsizlik qaydalarının pozulması baxımından qarşısı alınan və aşkara çıxarılan hər hansı bir fakt olmayıb.
Bakı Ali Neft Məktəbinin (BANM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımovanın sözlərinə görə, ali təhsil müəssisəsi müvafiq mühafizə xidməti tərəfindən 24 saat ərzində qorunur: "BANM-in inzibati binası həm canlı qüvvə, həm texniki vasitələrlə mühafizə edilir. Ali məktəbdə mühafizə işi yüksək səviyyədə təşkil olunub. Burada bu günə qədər təhlükəsizlik qaydalarının pozulması baxımından qarşısı alınan və aşkara çıxarılan hər hansı bir fakt olmayıb".
Cavabsız sorğular
İnsanların çox olduğu yerlərdən biri də Bakı metrosudur. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, metroda mühafizə polis tərəfindən təşkil olunur: "Odur ki, mühafizə xidməti ilə bağlı suallara cavab verə bilməyəcəm".
Metroda mühafizə necə təşkil olunur sualı ilə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadəyə sorğu göndərdik. Sorğumuz cavabsız qaldı.
Səhiyyə müəssisələrində mühafizənin təşkili ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə göndərdiyimiz sorğuya da cavab verilmədi.
Məscidləri mühafizəçilər və polis mühafizə edir
Kütləvi toplantı yerlərindən biri də məsciddir. Burada xüsusən cümə günlərində minlərlə insan ibadət edir. Tarixə baxdıqda zaman-zaman burada da insan həyatı üçün təhlükə yaradan hadisələr olduğu məlumdur. Sonuncu hadisələrdən biri-2014-cü il noyabrın 26-da saat təxminən 02:04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla törədilmiş yanğındır. Keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən A Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılmışdılar.
Mövzu ilə bağlı "Məşhədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli ilə əlaqə saxladıq. Xatırladaq ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) 2013-cü ilin noyabr ayında yaydığı xəbərə görə, Yasamal rayonunda yerləşən bu məscidin partladılmasını və H.Ş.Həsənlinin qətlə yetirilməsini planlaşdıran şəxslər əməliyyat nəticəsində saxlanılıblar. Elə həmin məlumat yayılandan sonra bu yazının müəllifinin 29.11.2013-cü il tarixdə "Terror planlaşdırılan məsciddən reportaj" adlı reportajı dərc olunmuşdu.
Bizimlə söhbətində H.Ş.Həsənli bildirdi ki, yüksək səviyyədə məsciddə mühafizə xidməti təşkil olunub: "İbadət yeri müşahidə kameraları vasitəsi ilə mühafizə olunur. Həmçinin, məsciddə mühafizə xidmətinin əməkdaşları fəaliyyət göstərir. Tədbirlər keçirilərkən, xüsusən cümə və Aşura günlərində polisə müraciət edərək tədbirlə bağlı məlumat verilir. Onlar da təhlükəsizliyi qoruyurlar. Bütün məscidlər bu şəkildə fəaliyyət göstərməklə mühafizəni təşkil edirlər".
Ekspert: "Təhsil və səhiyyə müəssisələrinin, metro və ticarət mərkəzlərinin gücləndirilmiş mühafizə xidmətinə ehtiyacı var"
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyir ki, insanlar yarandığı gündən öz həyatlarının, ailələrinin sahibi olduğu mülklərin, ərazilərin təhlükəsizliyini təmin etməyi həmişə düşünüblər: "Mühafizə təkcə obyektlərin, müəssisələrin və bazarların deyil, eləcə də, insanların öz həyatlarını qoruması deməkdir. İctimai yerlərdə-küçələrdə, parklarda mühafizə polis orqanları tərəfindən təşkil olunur.
İaşə obyektlərinin mühafizəsi Daxili İşlər Nazirliyinin müvafiq idarəsi tərəfindən müqavilə əsasında mühafizəsi həyata keçirilir. Bu xidməti qeyri-dövlət mühafizə xidməti təşkilatı da həyata keçirə bilər.
Gücləndirilmiş mühafizə xidmətinə əsasən təhsil və səhiyyə müəssisələrində, metroda və ticarət mərkəzlərində ehtiyac var. Burada polislə və mühafizəçinin xidməti ilə yanaşı ictimai nəzarət də olmalıdır. Yəni insanlar gördükləri sahibsiz əşyalar və şübhələndikləri şəxslərlə bağlı mütləq yaxınlıqdakı mühafizə xidmətinin əməkdaşlarına məlumat verməlidir.
Amma bəzən başqa vəziyyətlə qarşılaşırıq. Xüsusən təhsil və səhiyyə müəssisələrində görürük ki, bura daxil olan şəxslər mühafizə xidmətinin əməkdaşları tərəfindən yoxlanılmasına narazılıq edirlər. Əlbəttə ki, burda işin düzgün təşkil olunması da vacibdir.
Terror bütün dünyanı bürüyən bəladır və bü cür hadisələrdən yüz faiz sığortalanmaq deyilən bir anlayış yoxdur. Bununla belə, düzgün təşkil olunmuş mühafizəylə, ictimai təhlükəsizlik qaydalarına əməl etməklə, ayıq-sayıqlıqla bu kimi hadisələrin qarşısını almaq mümkündür".