Rəsul Quliyev müxalifətin vahid namizədi ola bilər-REAKSİYALAR

Sabiq spikerin prezident seçkilərində iştirak etmək istəməsi yeni iddialara yol açıb

Bir ildən sonra ölkəmizdə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca fəallaşan siyasətçilərdən biri də Amerikada mühacir həyatı yaşayan sabiq spiker, Gələcək Azərbaycan Partiyasının lideri Rəsul Quliyevdir. Sabiq spiker günlər öncə Azərbaycana qayıtmaq və 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətinin olduğunu bəyan edib.

Onun bu açıqlamasından sonra R.Quliyev ətrafında gedən söz-söhbətlər getdikcə çoxalır. Sabiq spikerin Azərbaycanda uğur qazanmaq şansları barədə fikirlər birmənalı deyil. Əksəriyyət Milli Məclisin keçmiş rəhbərinin indiki şərtlər daxilində ölkəyə qayıtmaq şanslarının az olduğunu düşünərək, onun ölkə rəhbərliyinə namizəd olacağına inanmır. Bununla yanaşı, ölkəyə qayıdarsa, R.Quliyevin hakimiyyətə alternativ olacaq gücə sahib olduğunu deyənlər də az deyil. Heç kəsə sirr deyil ki, sabiq spiker Azərbaycanda kifayət qədər ciddi elektorata malikdir.

Artıq R.Quliyevin namizədliyi ilə bağlı gedən müzakirələrə tanınmış siyasətçilər də qoşulmağa başlayıb. Son olaraq 1998-2003-cü illərdə prezidentliyə iddiaçı olan AMİP lideri Etibar Məmmədov eks-spikerin namizədliyindən danışıb. E.Məmmədov ölkə.az-a açıqlamasında deyib ki, Rəsul Quliyev tanınmış azərbaycanlıdır və Azərbaycan prezidentliyinə namizəd olmaq hüququ var:

Image result for Etibar Məmmədov

“Əgər Rəsul Quliyev bu hüququndan istifadə etmək istəyirsə, buna normal yanaşmaq lazımdır. Rəsul Quliyev Azərbaycana gəlmək və prezidentliyə namizəd olmaq istəyirsə, buyurub gəlsin. Mənim istənilən namizədə münasibətim müsbətdir. Ancaq mən heç bir siyasətçinin dəstəyi barədə fikir bildirmək istəmirəm. Ölkə qanunlarının tələblərinin Rəsul Quliyevin Azərbaycanda prezident seçkilərinə namizəd olmasına imkan verməməsi məsələsinə gəldikdə isə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətlərinə aid olan məsələdir. Hansı namizədin qanunun tələblərinə cavab verib-verməməsi məsələsini MSK müəyyənləşdirir”.

Keçmiş spikerlə bağlı gedən müzakirələrdən biri də onun vahid namizədliyi barədədir. R.Quliyevin vahid namizəd olmaq potensialının elə də zəif olmadığı vurğulanır. Qeyd edək ki, R.Quliyevdən öncə prezidentliyə iddiasını irəli sürənlər də var. Bunlar hələ üç il öncə Müsavatın son qurultayında namizədliyi elan olunan partiyanın sabiq başqanı, MSDM rəhbəri İsa Qəmbər, VİP sədri Əli Əliyev və Yeni AXCP-nin rəhbəri Razi Nurullayevdir.

Image result for Əli Əliyev

Ə.Əliyev gələcəkdə rəqibi ola biləcək şəxsin iddiasından danışdı: “Rəsul Quliyev vaxtaşırı fəallaşır. Onun siyasi aktivliyi sinusoidal xarakter daşıyır. Son illərdə, qiyabi də olsa, siyasi proseslərin əsas fiqurlarından biri kimi çıxış edir, hər halda görüntü belədir. İstər 2005, istərsə də 2013-cü il seçkilərində kifayət qədər fəal olub. Rəsul müəllimin bir məsləhətçi tövrü var, sanki hamıdan çox bilirmiş kimi özünü aparır. Hesab edirəm ki, onun davranışı ötən əsrin sonlarında qalıb, Naxçıvan dialektində hamıya ”bədbaxtlar" dediyi vaxtları xatırladır. Söz yox ki, Rəsul Quliyev siyasi səhnənin təcrübəli və önəmli şəxslərindəndir. Hadisələrin fərqli ssenarilərində potensialı yüksək ola bilər. Rəsul müəllimin, sözsüz ki, seçkilərdə iştirak iddiası qanunidir. Lakin müxalifətin vahid namizədi ola biləcəyi məsələsinə ehtiyatla yanaşılmalıdır. Fikrimcə, vahid namizəd bugünkü hakimiyyətin etdikləri mənfi işlərin məsuliyyətini daşımamalıdır. Rəsul müəllim bugünkü komandanın uzun müddət ortağı, onun törətdiklərinin bünövrə müəlliflərindəndir. Bu qəbildən olan şəxslərin müxalifət simvoluna çevrilməsi ziyanlı ola bilər. İrəli sürdüyüm müxalifət birliyi formatında mən bugünkü hakimiyyətlə prinsipial mövqedə duran şəxs və qurumların birliyi təklifini irəli sürmüşəm. Sözsüz ki, Rəsul müəllim belə statusa malik siyasətçidir. Lakin belə bir ittifaqın zirvəsində mütləq bu hakimiyyətin məsuliyyət yükünü daşımayan, qeyri-siyasi şəxsin olması daha məqsədəuyğundur. Bu mənim baxışlarımdır. Düz, ya səhv belə görürəm. Əgər Rəsul Quliyev iradə göstərə, Azərbaycana dönə, məni və tərəfdarlarımı inandıra bilsə, planın həyata keçməsi üçün ölkədaxili və xarici qüvvələri bir araya gətirmək qabiliyyətini nümayiş etdirsə, o zaman onun namizədliyini dəstəkləyə bilərəm. Qalan variantlarda mən namizəd olaraq özümü ondan daha şanslı və layiqli bilirəm".

Image result for Razi Nurullayev

R.Nurullayev Rəsul Quliyevin vahid namizədliyinə və iddiasını irəli sürməsinə normal yanaşır: “Bunlar onun şəxsi işidir. Partiya kimi qarşımızda duran öz vəzifələrimiz var. Digər partiyaların planlarını, namizədlərin necə iştirak edəcəklərini müzakirə etmirik. Seçkilərdə iştirakımı artıq bəyan etmişəm. Qeyd etmişəm ki, bu ilin sonlarına qədər bütün siyasi partiyalarla, seçkilərdə iştirak edəcək şəxslərlə danışıqlar aparacam. Vahid format, platforma müəyyən etməliyik. Əgər bu, baş verməyəcəksə, biz gələn ilin əvvəllərindən təkbaşına seçkidə iştirak üçün çalışacağıq. Kimsə seçkidə iştirak etmək istəyirsə, ona uğurlar arzulayırıq. İstənilən halda hər bir Azərbaycan vətəndaşı, prezident olmağı istəyən şəxs namizəd ola bilər. Rəsul Quliyev namizədliyini verib, bizə ona uğurlar diləmək qalır”.






Fikirlər