KOOPERASİYA UNİVERSİTETİNDƏ Elmi Şuranın İCLASI KEÇİRİLDİ - FOTO

  Bu gün Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq, dövlət attestasiyasının təşkili və qarşıda duran vəzifələr mövzusunda iclası keçirilib.
Universitetin mətbuat xidmətinin "AzerTaym.az"-a verdiyi məlumatına görə ilkin olaraq, şuraya sədrlik edən universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev çıxış edərək bildirdi ki, "Xalqımız hazırda kifayət qədər tarixi əhəmiyyət daşıyan bayramları, əlamətdar günləri qeyd edir. Xalqımızın böyük oğlu Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyini qeyd etdiyimiz bu tarixi günlər bizə böyük sevinc və xoşbəxtlik bəxş edir. Fürsətdən istifadə edərək, universitetimizin kollektivini, tələbələrimizi və sizlərin simanızda bütün Azərbaycan xalqını bu tarixi əlamətdar günlər münasibətilə ürəkdən təbrik edirəm. Doğma xalqımıza xoşbəxtlik, firavanlıq diləyir, dövlətimizin inkişafı, tərəqqisi naminə daim yorulmadan fəaliyyət göstərən, Azərbaycanımızı regionda, dünyada qüdrətli ölkə səviyyəsinə çatdıran dövlətimizin başçısı Cənab İlham Əliyevə ali dövləti fəaliyyətində uğurlar arzulayırıq. Biz bu günkü qüdrətli Azərbaycanı Ümummilli lider Heydər Əliyev şəxsiyyətinə borcluyuq. Məhz onun zəngin zəkası, uzaqgörənliyi sayəsində Azərbaycan dayanıqlı inkişaf yoluna qədəm qoydu. Bu gün ölkəmiz dahi şəxsiyyətin layiqli davamçısı Cənab İlham Əliyevin rəhbərliyi altında həmin yolla uğurla irəliləyir”.
E. Quliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində təhsil alan tələbələrin son bir neçə ayda əldə etdikləri uğurlara toxunaraq vurğuladı ki, "Bu gün universitetimizdə tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir”.
Sonra isə 2017/2018-ci dərs ilində dövlət attestasiyası və yaz imtahan sessiyasına hazırlıq, eyni zamanda buraxılış kurslarında diplomqabağı təcrübənin gedişi barəsində universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev məruzə ilə çıxış etdi. Məruzədən sonra universitetin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin, İqtisadçılar İttifaqının, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun 2018-ci il tarixində keçiriləcək Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransa hazırlıq barəsində məruzə ilə çıxış etdi.
Tələbə Elmi cəmiyyətinin fəaliyyəti barəsində cəmiyyətin sədri Elvin Hüseynovun çıxışı ilə universitetin Elmi şurasının iclası yekunlaşdı.
 






Fikirlər