BDU Elmi Şurasının son iclası QUBADA KEÇİRİLİB

Bakı Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki Tədris-Təcrübə və İstirahət mərkəzində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

Azərbaycanın bir sıra tanınmış elm xadimlərinin, rektorların, Milli Məclisin deputatlarının iştirak etdiyi toplantıdan əvvəl ümummilli lider Heydər Əliyevin mərkəzdəki büstü önünə əklil qoyulub.

İclas iştirakçıları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın həlak olması ilə əlaqədar dünya birliyinə çağırış edib, beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasına ciddi reaksiya verilməsini tələb ediblər. Sonra mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov iclasda respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açaraq, Prezident İlham Əliyevin təhsilin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayan IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. Akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbdə elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, qazanılan uğurlardan söz açarkən, bu il universiteti 4 minədək tələbənin bitirdiyini, onlardan təxminən 400-nün fərqlənmə diplomuna layiq görüldüyünü diqqətə çatdırıb.

İclasda elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkili üçün qarşıda duran vəzifələr haqqında məlumat verib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva isə 2016-2017-ci tədris ilində Yekun Dövlət Attestasiyası və yay imtahan sessiyasının nəticələri, yay çöl-tədris və istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı çıxış edib.

İclasda BDU-nun Qazax filialının bir illik fəaliyyəti də müzakirə olunub. Filialın direktoru, professor Vüsət Əfəndiyev maddi-texniki bazanın, eləcə də infrastrukturun qurulması istiqamətində görülən işlər haqqında məlumat verib.

Elmi Şuranın iclasında elmi adların verilməsi, yay məktəblərinin təşkili, adlı təqaüdlərin verilməsi, tədris ilində xüsusi uğur əldə edənlərin mükafatlandırılması kimi məsələlərə baxılıb, o cümlədən yubilyarlar təbrik edilib.

Qeyd edək ki, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzi 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılıb. 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin təbiət və humanitar fakültələrində təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradılıb. Mərkəzdə indiyədək Türkiyə, Rusiya, Çexiya, Qazaxıstan, Belarusdan olan tələbələr təcrübə keçiblər.

AzerTaym.az






Fikirlər