ABŞ-dakı səfirimiz Ağ Evi bölgədə daha fəal olmağa çağırdı və astagəllikdə qınadı
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların Yuta Universitetində (Yuta ştatı) Amerikanın dünyadakı roluna dair konqresmen Kris Stüart tərəfindən təşkil edilmiş konfransda çıxış edib. Çıxış zamanı o, Rusiyanın ötən həftə Xəzər dənizindən Suriyaya raket zərbələri endirməsindən xüsusi narahatlığını bildirib (virtualaz.org).
Milli təhlükəsizlik mövzusunda təşkil edilən konfransda səfir ABŞ-ın Rusiyanın bu hərəkətinə laqeyd yanaşmasını da qınayıb. “The Salt Like Tribune” qəzeti yazıb ki, diplomat tədbirdə Azərbaycanın yer aldığı regionda sülhün təmin edilməsinə göstərdiyi kömək üçün Amerikanı tərifləyib.
Məsələn, Elin Süleymanov bildirib ki, Azərbaycandan Gürcüstana, oradan isə Türkiyənin Ceyhan limanına Avropa və digər ölkələr üçün əlavə neft təchizatı mənbəyi olan neft kəmərinin çəkilməsi ABŞ-ın dəstəyi sayəsində baş tutub. Səfir bu kəmərin Rusiyanın Avropaya neft nəqlini kəsməklə hədələdiyi bir vaxtda işə düşdüyünü vurğulayıb.
Süleymanov deyib ki, həmin neft kəmərinin tikintisində Birləşmiş Ştatlar açar rolu oynayıb. ABŞ kəmərin keçdiyi ölkələrlə yaxından işlədi və daha sonra prezident Bill Klinton Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə dair sazişin imzalanması mərasimində şəxsən iştirak etdi. Bu isə başqalarına “kəmərə qarışmamaq” mesajı idi və Corc Buş administrasiyası da kəmərin tikintisi prosesinə daim dəstək göstərdi.
“Əgər uzlaşma, strateji öhdəliklər yoxdursa, insanlar bu cür layihələr və sülh üçün üzərinə öhdəliklər götürməyə daha az hazır olurlar”, – deyə Elin Süleymanov bildirib. O əlavə edib ki, Amerikanın BTC-yə və tikilməkdə olan Cənub Qaz Dəhlizinə dönməz dəstəyi bu layihələri həyata keçirməyə imkan verib.
Rusiyanın regiondakı rolu haqda da danışan diplomat xatırladıb ki, Rusiya son vaxtlar Ukraynaya müdaxilə edib və onun Krım yarımadasını zəbt edib. “Və bu ay Rusiya Xəzərdəki gəmilərindən Suriyaya qanadlı raketlərlə zərbələr endirib – baxmayaraq ki, Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan Xəzər dənizinin hərbiləşdirilməsindən uzaq durmaq barədə razılıq əldə etmişdilər” - bildirib diplomat.
Süleymanov ardınca qeyd edib ki, Qərbin Moskvanın belə hərəkətlərinə laqeyd, soyuq yanaşmasını başqalarının da görüb nəticə çıxara biləcəyindən narahatdır. “Bu hadisə bir çox yönlərdən Qərbin regionun işlərində real iştiraka meyl etmədiyini nümayiş etdirdi. İnsanlar da bunu qeydə alırlar”, – deyə Azərbaycan səfiri diqqətə çatdırıb.
Müzakirələrdə Konqresin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin üzvü, konqresmen Kris Stüart deyib ki, əgər Amerika dünyada sülhə öz təsirini göstərməyə hazır olmasa, dünya daha qaranlıq və daha xaotik olacaq.
Yada salaq ki, Rusiyanın Xəzər donanmasının raket gəmilərinin oktyabrın 7-də Suriyadakı hədəflərə qanadlı raketlərlə endirdiyi zərbələrə digər sahilyanı ölkələr, o cümlədən Azərbaycan heç bir reaksiya verməyib. Rus gəmiləri Xəzərin İran sektorunda, Rəşt limanı yaxınlığında mövqe seçərək Suriyaya raket zərbələri endirib. O sırada ABŞ Rusiyanın Xəzərdən uzaqmənzilli raketləri işə salmasına birbaşa reaksiya verməyib.
Qərb mediasında isə belə fikirlər yer alıb ki, Rusiya bununla həm də Azərbaycan və Qazaxıstan kimi öz donanmalarını gücləndirməyə çalışan sahilyanı ölkələrə xəbərdarlıq etmiş olub. Eyni zamanda ekspertlər Kremlin bu yolla “Transxəzər” qaz kəməri layihələrinə mane ola biləcəyi mesajını verdiyi qənaətindədirlər.(Musavat.com)
Bölgədə, xüsusən də Azərbaycan ətrafında yaranmış belə mürəkkəb situasiya fonunda ABŞ-dakı səfirimizin bu cür sərt açıqlama verməsi, faktiki surətdə Rusiya üzərinə gedərək onu “vurması” və üstəlik, Krıma görə Rusiyanı “işğalçı” adlandırması siyasi-diplomatik cəsarət nümunəsi olmaqla yanaşı, əlbəttə ki, “aydın səmada şimşək” effektini xatırladır. Hər necə olmasa, diplomat rəsmi Bakının xəbəri olmadan, Bakının ovqatını bilmədən və onun rüsxəti olmadan belə mövqe sərgiləməzdi.
Aydındır ki, səfirin mövqeyi Azərbaycan dövlətinin və bu dövləti idarə edən siyasi qüvvənin mövqeyidir. Musavat.com yazır ki, belə bir mövqenin məhz Amerikadan sərgilənməsi isə Vaşinqtona da, Moskvaya da “ikili mesaj” təəssüratı yaradır. Bütün hallarda, bu, son vaxtlar Bakının gərgin münasibətlərdə olduğu Vaşinqtona qarşı gözlənilməz və mühüm reverans sayıla bilər. O ki qaldı Moskvaya, heç şübhəsiz, orada bu bəyanatdan, yumşaq desək, xoşlanmayacaqlar.
Bu eyni zamanda hakimiyyət daxilində Qərbə meyilli qüvvələrin Azərbaycanda Rusiya faktorunun güclənməsindən narahatlığı kimi də izah oluna bilər. Son vaxtlar Moskvaya meyilli vəzifəli şəxslərin mövqelərini gücləndirməsi, ölkəni Rusiyanın təsiri altına sürəkləməyə çalışmaları hiss olunmaqdadır. Qərblə münasibətlərin gərginləşməsinin də arxasında onların dayandığı şübhə doğurmur. Bununla onlar Azəbaycanın uzun illər uğurla həyata keçirdiyi balanlaşdırılmış xarici siyasətə son verməyə çalışırlar. Qərblə bütün münasibətlərin kəsiməsi Bakını Moskvadan asılı vəziyyətə salacaq. Bu halda Rusiyanın ağır şərtlərini yerinə yetirmək məcburuiyyətində qala bilərik. Tarixi təcrübə və ətrafımızda baş verənlər göstərir ki, Moskva bərabərhüquqlu münasibətləri qəbul etmir, həmişə “böyük qardaş” rolunu oynamağa çalışır. Avrasiya İttifaqı da məhz keçmiş müttəfiq respublikaları öz bayrağı altında toplamağa hesablanıb. Heç şübhəsiz hakimiyyət daxilində də bunu görən və narahat oln insanlar, yüksək vəzifəli şəxslər az deyil. Səfirin onların məsləhəti ilə belə bir çıxış etdiyi də istisna olunmur.
Ancaq bu çıxışın Bakıdakı bəzi dairələr tərəfindən yaxşı qarşılanmyacağı şübhə doğurmur. Hətta səfirin hədəfə cıxarılması, barəsində hansısa “kompramatların” yayılması da istisna deyil.
Ola bilsin bu təhlükəni gördüyü üçün Azərbaycanın ABŞ-dakı səfirliyinin III katibi Natiq Baxışov virtualaz.org saytına açıqlamasında “The Salt Lake Tribune” qəzetindəki məqalədə səfirə aid fikirləri təkzib edib. Daha dəqiqi, diplomatın çıxışının təhrif olunduğunu deyib. “Təəssüf edirik ki, qəzet səfir Elin Süleymanovun çıxışındakı bəzi sözləri kontekstdən çıxararaq özünə sərf edən şəkildə təqdim edib”- deyə o bildirib.
Nəzərə alsaq ki, ABŞ-da hansısa qəzetin Azərbaycandan olan səfirin fikirlərini təhrif etmə ehtimalı çox azdır, Süleymanovun Bakıdan veriləcək təpkilərdən çəkinərək belə bir açıqlama verdirdiyini ehtimal etmək olar.