Yeni yaranan Real TV-nin rəhbəri Mirşahin Ağayev TV fəaliyyətə başlamadan tənqidlərə məruz qalıb. Buna səbəb onun sosial şəbəkədə təhdid sovurması olub.
Belə ki, M. Aöayev onu söyənlərə, təhdid edənlərə sərt şəkildə reaksiya və "ana-bacınızı söyməyəcəm, sadəcə sevəcəm" deyib.
Onun şərhi müzakirələrə yol açıb. Telejurnalist tənqidlərə cavab yazısı yazıb.
AzerTaym.az həmin yazını təqdim edir:
Real Tv-nin fəaliyyətə başlaması ərəfəsində qəribə, hətta mənşəyi bəlli olmayacaq dərəcədə ajiotaj yaranıb. Yeni kanal açılır və əslində bu hadisənin mahiyyəti müsbət olmalıdır. Həyatının 30 ilini milli jurnalistikaya həsr etmiş, qalan ömür möhlətini də məmnuniyyətlə elə bu sahəyə bağışlamağa hazırlaşan biri yenidən Tv-də çalışacaq, onunla birlikdə onlarla peşəkar öz sevimli işinin-Azərbaycana, dövlətə və xalqa xidmətin başında olacaq. Təbrik ermək olmaz? Amma nə baş verir? Kanal heç açılmağa macal tapmadan gözümçıxdıya salınır, Mir Şahin internet resurslarında tənə, təhdid hədəfi seçilir, o, ailəsi hər gün, hər saat ən ağır küçə söyüşlərilə təhqir edilir, sosial şəbəkələrdə ancaq qarayaxma, qaralama kampaniyası aparılır. Bəs səbəb nədir? Niyə məni və Real Tv-ni söyürlər? Yəni doğrudan biz jurnalistlər artıq nəyinsə kökünə nüfuz etmək kimi «qızıl qayda»nı unutmuşuq? Belədirsə, anlamağa kömək edim. Son zamanlar Azərbaycan dövləti, Prezident və onun ailəsi, başqa vəzifəli şəxslər xaricdə sığınacaq tapmış bir ovuc tullantının təhqir və təhdidlərinə, hakimiyyəti zorla dəyişməyə, hətta devirməyə təhrik edən çağırışlara məruz qalırlar. Müharibə şəraitində olan ölkənin əskərinin şüuruna təzyiq etməyə çalışırlar. Bu ölkədə hər şeyi gözdən salmağa cəhd edirlər, qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!
…Mir Şahin isə öz mövqeyi, adı, soyadl ilə ortaya çıxır və qarşı tərəfin cavabını verir. Təzə bir şey demir, sadəcə həmişəki mövqeyini sərgiləyir. (Özü də tək! Şübhəlicəsinə dəstəksiz!) Bu isə təbii ki, qarşə tərəfdə qəzəb yaradır. Onlar öz əxlaq və ailə tərbiyəsi çərçivəsində cavab verirlər, yəni mənəviyyatlarının ən murdar tərəflərini işə salırlar: SÖYÜRLƏR! Özü də açıq yazırlar ki, Mir Şahin Prezidenti, Dövləti müdafiə etdiyi üçün belə rəftara məruz qalır! Mən isə belə statuslardan birinin altinda, şərh bölməsində öz mövqeyimi bildirmişəm: özü də heç bir təhqirə yol vermədən! Təkrar edirəm: müsahibə verməmişəm, bəyanat yaymamışam, şərh yazmışam. Və…
… Məsələ də elə bu … və-dən sonradadır. Dövləti, onun başçısını təhqir edən ayrı-ayrı atası naməlum səhifələrə, bu səhifələrin zəncirində və ya kəndirində qeyri insani səslər çıxaran canlılara ( görürsünüz, təhqir etməmək üçün ən zərərsiz ifadələri seçirəm) laqeyd, mövqesizcəsinə yanaşan, ən yaxşı halda başqa adlarla, trolcasına boğazdan yuxarı rəylər yazmaqla öz işini bitmiş sayan «ifrat ağıllılar» mənə öyüd-nəsihət verir. Hətta mənə, mənə e, Azərbayvanda Müstəqil televiziyanın yaradıcılarından birinə televiziyanın funksiyalarını başa salmağa cəsarət edənlər də tapılır…Baxmayaraq ki, bu saat mənə və mənimlə bir yolda olanlara dəstək vermək vaxtıdır. Dövlətin xaricdən məruz qaldığı təbliğat təcavüzünə əsl əskər təəssübkeşliyi ilə müqavimət göstərilməlidir. Hər halda bir televiziya rəhbəri kimi onun necə silah olduğunu mən yaxşı bilirəm. Bunu mənə xatırlatmağa ehtiyac yoxdur. Amma bu gün Azərbaycanda müəyyən proseslər nəticəsində tv artıq ya silah deyil, ya da bu silahın lüləsinə qərənfil taxılıb. Əvəzində internet resursları kütləvi qırğın silahına çevrilməkdədir. Artıq Dövlətimiz hədəfə alınır. Təhlükəli silah internetdir, sosial şəbəkələrdir! Onunla ehtiyarlı olmaq lazımdır.
…Bəs siz hardasınız,ay mənim ağıllı-kamallı, müdrik- işbilən dostlarım? Nədənsə mən adlı-sanlı jurnalistlərimizi ətrafımda görmürəm! Baxmayaraq ki, bu gün hər birimiz səngərdə, atəş xəttində olmalıyıq. Bura da cəbhədir! Yoxsa, hörmətli həmkarlarım qarşıdakı düşmənə atəş açmaqdan » mənim səviyyəm deyil!» deyə imtina etmək yolu seçib?! Elədirsə, hayıf…
Amma vallah, billah elə görünür. Dişləri tökülmüş məntiqlə, qocafəndi, heç bir konkretliyə söykənməyən, əttökən plakat kəlmələrlə «qaloçka» xətrinə orda burda ara-sıra nəsə qırılladan ağız boşluqlarının sahibləri heç olmasa qapaq taxın ki, aydın danışasınız, mövqeyiniz anlaşılsın! Görək kim kiminlədir? «Ay Ordu, ordu, görək kim kimə hürdü?» deyə kimin tez yorulacağına kənardan baxmaq vaxtı deyil!!! Məni söyənlərin arxasına, söyüş səbəblərinə baxın! Heç kəs bunu Mir Şahinə çəkisinə, görünüşünə görə etmir! Onun konkret mövqeyinə görə edir! Yəni bunu anlamaq belə çətindir? Mən jurnalistəm və araşdırmaq biləvasitə işimdir! Amma Sizdən bir xahişim var. Mənə bir araşdırmamda kömək edin: mövqeyinizi aşkarlayın! Yoxsa mənə elə gələ bilər ki, birlikdəyik və çaşıb birdən sizə arxa söykəyərəm!