SİYAVUŞ NOVRUZOV radikal gənclərlə bağlı TƏKZİB Verdi

Deputat: “Radikal gəncliyin formalaşması barədə fikirlər səsləndirməmişəm”

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun Fransada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının qəbrini təhqir edən gənclərlə bağlı səsləndirdiyi fikirlər bir sıra müzakirələr yaradıb. Bəzi mətbuat orqanlarının təqdimatından belə anlaşılır ki, deputat dolayısı ilə Azərbaycanda radikal gənclərin formalaşdığını bildirib.

S.Novruzovun fikirləri bu cür təqdim edilib:Mübarizəni kişi kimi aparmaq lazımdır. Opponentlərin ailə üzvlərini, qohumlarını çirkin mübarizəyə qatmaq olmaz. Sən Avropada gizlənmisənsə, bu sənə insanları və onların ailə üzvlərini təhqir etmək hüququ vermir. Sənə bu hüququ kim verib? Belə xoşagəlməz hadisələr bu səbəbdən baş verir. Kimlərinsə əsəbləri dözür, kimlərinki isə yox. Hüquq-mühafizə orqanları Vidadi İsgəndərlinin atasının qəbri ilə bağlı lazımi yoxlama aparacaq. Amma unutmaq lazım deyil ki, elə həmin Vidadi İsgəndərli Azərbaycan hüquq-mühafizə orqanlarının rəhbərlərini daim təhqir edir. O, müxtəlif vəzifəli şəxslər, siyasi partiyaların rəhbərləri və ictimaiyyətin nümayəndələri barədə ədəbsiz ifadələrdən istifadə edir. Əlbəttə, bütün bunlar onun tərbiyəsinin və mədəniyyətinin səviyyəsindən xəbər verir”.

Bununla bağlı “Yeni Müsavat”a açıqlama verən YAP funksioneri bu cür ifadələr işlətmədiyini söylədi: “Mətbuat fikirlərimi doğru təqdim etməyib. Mən o cür demişəm ki, insanlar müxtəlif cür olurlar. Biri səbirli, dözümlü olur, digəri təhqirə dözmür, başqa cür addımlar atır. Ona görə də siyasətdə, əxlaqda, mənəviyyatda təhqir olmaz. Tənqid nə qədər istəyirsən et. Bununla əlaqədar fikirlərimi bu cür demişəm. Radikal gəncliyin formalaşması barədə fikirlər səsləndirməmişəm. Vidadi İsgəndərli gedib Fransada oturub. Oradan bu birisiləri nəyi var söyür. Adam var buna dözməyi bacarır, adam da var ki, özünə hakim ola bilmir. Bütün formalarda dini, milli adət-ənənələrin təhqir olunmasının əleyhinəyəm”.






Fikirlər