ELDAR MAHMUDOV BAĞ EVİNƏ KÖÇÜB! – Xüsusi nəzarət altında
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılmasından 8 aya yaxın vaxt ötür. 2015-ci il oktyabrın 17-də vəzifəsindən çıxarılan Eldar Mahmudovun ətrafındakı generalların əksəriyyəti işdən qovulsa, bir neçəsi isə həbs olunsa da, sabiq nazirin özü müəmmalı şəkildə azadlıqda qalmaqdadır və istintaqa cəlb olunmur. Halbuki, ötən aylar ərzində MTN-in rəhbərliyinə daxil olan vəzifə daşıyıcılarının törətdikləri cinayətləri təsdiqləyən yüzlərlə zərərçəkən, şahid ortaya çıxıb ki, bunlardan Mahmudovun xəbərsiz olması inandırıcı görünmür. Ancaq buna baxmayaraq, ekspertlər Eldar Mahmudov üçün həbs təhlükəsinın artıq sovuşduğu qənaətindədirlər. Bununla belə, Eldar Mahmudov bu gün də ciddi nəzarət altında saxlanmaqdadır. Onun sərbəst hərəkəti məhdudlaşdırılıb. Hər hansı bir yerə nəzarət altında gedə bilir. Bu hal, sabiq nazirin bugünlərdə şəhərin mərkəzindəki evindən bağ evinə köçməsi zamanı da özünü göstərib. Belə ki, özəl mənbələrdən “AzPolitika.info”ya verilən məlumata görə, bugünlərdə Eldar Mahmudov, həyat yoldaşı ilə birlikdə Mərdəkandakı bağ evinə köçüb. Bu yerdəyişmə xüsusi xidmət orqanlarının ciddi nəzarəti altında həyata keçirilib.