Problemlər içində batan Ağdaş - TOFİQ İbrahımovla bağlı sensasion fakt

Problemlər içində batan Ağdaş - Tofiq İbrahımovla bağlı sensasion fakt

Yerli icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin qeyri-peşəkarlıqları nəticəsində müəyyən rayonlarda aqrar sektor ciddi tənəzzülə uğrayıb. İnkişafdan geri qalan, təsərrüfat rayonu olmasına baxmayaraq bu sahədə böhran yaşayan rayonlardan biri də Ağdaş rayonudur.

 
 
Öncə onu qeyd edək ki, 1050 kvadrat kilometr ərazisi olan Ağdaş rayonu keçmiş sovetlər dönəmində kənd təsərrüfatı sahəsində ölkənin ən qabaqcıl rayonlarında biri olub. Xüsusən də pambıqçılıq, baramaçılıq və taxılçılıq sahəsində bu rayonda yaxşı nəticələr əldə olunub. Yuxarıda qeyd etdiyimiz kimi son illər isə bu rayonda nimdaşlıq və səfalət hökm sürür.
 
 
Qlobal.az-ın apardığı araşdırmalar zamanı məlum oldu ki, Ağdaş rayonunda aqrar sektordan başqa səhiyyə və təhsildə də ciddi problemlər var. Rayonun mərkəzi xəstəxanası heç də özəl xəstəxanalardan geri qalmır. Burada rüşvət verməyən xəstəyə heç gözucu da baxılmır. Təhsilə gəldikdə isə nazirliyin hesabatlarındakı göstəricilərdə həmişə Ağdaş rayonunda təhsilin vəziyyəti qeyri-kafi qiymətləndirilib. Bundan başqa rayonda yerli məmurların vəzifələrinə məsuliyyətsiz yanaşmalarına, məmurlar tərəfindən vətəndaşların problemləri vaxtında dinlənilmədiyinə görə, respublikanın yuxarı instansiyalarına xüsusən də Prezident Administrasiyasına ən çox şikayət ünvanlanan ilk rayonlardandır. Hər il dövlət tərəfindən ayrılan iri həcmli vəsaitlər hesabına Ağdaş rayonunda aparılan abadlıq-quruculuq işləri həddən artıq zəif tempdə aparılır. Rayonun mərkəzi hissəsi istisna olmaqla digər küçə və məhəllələrdə sovet dönəmində yollara döşənmiş asfalt örtüyün dağılmış hissələri hələ də qalmaqdadır. Ətraf küçələrdəki yamaqlı kommunikasiya sistemləri də sovetlər dönəminin nişanələridir. Əhalisinin böyük əksəriyyəti kəndlərdə yaşayan Ağdaş rayonunda insanların sosial-məişət səviyyələri də ürəkaçan deyil.
 
 
Araşdırmalarımız zamanı gəldiyimiz nəticəyə görə, Ağdaş rayonundakı bütün bu problemlərin əsas səbəbkarı kimi icra başçısı Tofiq İbrahimovun 4 illik uğursuz fəaliyyətidir. Tofiq İbrahimovun təşkilatçılıq məsələlərində operativ olmadığını faktlar göstərir.
 
 
Tofiq İbrahimovu tanıyaq
 
 
2012-ci ilin aprel ayında prezident İlham Əliyevin sərəncamı ilə Ağdaş RİH-nin başçısı vəzifəsinə təyin olunan Tofiq İbrahimov əvvəl BDU-nun, sonra isə Təfəkkür Universitetinin (hüquq fakültəsinin) məzunu olub. Ağdaş rayon İH-nə başçı təyin edilməmişdən öncə iki il (2010-2012) Lənkəran RİH-nin başçısı vəzifəsində çalışıb. Ağdaşa rəhbərlik etdiyi 4 il ərzində mətbuatda haqqında kifayət qədər neqativ informasiyalar gedib.
 
 
Məlumata görə, Tofiq İbraimov vaxtının əsas hissəsini Ağdaş rayonunun idarə olunmasına yox, özünün illərlə dövlət büdcəsinin hesabına formalaşdırdığı şəxsi biznesinə ayırır. Deyilənlərə görə, Bakı, Qəbələ, Ağdaş rayonlarında Tofiq İbrahimovun yaxın ətrafının, qohum-əqrabalarının adına rəsmiləşdirdiyi onlarla ticarət və iaşə obyektləri var.
 
 
Nəzərinizə çatdıraq ki, ötən il Hesablama Palatasının apardığı yoxlamalar zamanı məlum olmuşdu ki, Rayon İcra Hakimiyyəti və Ağdaş şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyi üzrə bağlanılan müqavilələr üzrə podratçı tərəfindən yerinə yetirilmiş yolların əsaslı təmiri və abadlıq işlərinin dəyəri kifayət qədər artırılıb. Əlavə olaraq vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılarkən də xeyli sayda qanunsuzluqlar ortaya çıxıb. Başqa bir məlumatda isə qeyd olunur ki, Ağdaş rayonunda fəaliyyət göstərən "Qala-S” və "QRO-010” MMC-lərinin fəaliyyətlərində də kifayət qədər qaranlıq məqamlar var. Belə ki, Ağdaş RİH-nin sifarışlərini həyata keçirən bu MMC-lərin Tofiq İbrahimovun yaxın adamlarına məxsus olduğu bildirilir.
 
 
Ağdaşdakı acınacaqlı durum Prezident Administrasiyasını hərəkətə keçirib
 
 
Respublika Prezidenti İlham Əliyev cənablarının kənd təsərrüfatının və aqrar sektorun inkişaf perspektivlərini öyrənmək, həmçinin bu sahədə olan problemlərin aradan qaldırılması üçün vaxtında tədbirlər görmək məqsədilə yaradılan İşçi Qrupu bu ayın əvvəlində Ağdaş rayonunda oldular.
 
 
Məlumata görə, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrupunun Ağdaş rayonuna qəfil gəlişinin səbəbi bu rayonda olan problemlərlə bağlı olub. Digər bir məlumata görə isə Azər Əmiraslanov rayonda ümumilikdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edən Tofiq İbrahimovun gördüyü işlərdən heç də razı qalmayıb. Və bu narazılığını Tofiq İbrahimovun diqqətinə çatdırıb. Azər Əmiraslanovun Ağdaşdan narazı qayıtmağından sonra Tofiq İbrahimov bütün kanallarını işə salaraq haqqında Prezident Administrasiyasında neqativ fikirlərin yaranmamaına çalışır. Səhihliyinə şübhə etmədiyimiz mənbənin məlumatına görə isə Tofiq İbrahimovun haqqında PA-da kifayət qədər ciddi mənfi rəy yaranıb.
 
 
Tofiq İbrahimov Heydər Əliyevin ildönümünə niyə qatılmadı?
 
 
Ağdaş rayonunun inkişafı ilə bağlı apardığımız araşdırmalar nəticəsində  icra başçısı Tofiq İbrahimov haqqında daha bir ilginc faktla rastaşdıq. Onsuzda zamanının əsas hissəsini İH-nin başçısı olduğu rayon əvəzinə doğulub boya-başa çatdığı Qəbələ rayonunda gah da paytaxt Bakı şəhərində keçirdiyi iddia olunan Tofiq İbrahimovun haqqında eşitdiyimiz xəbər deyilənlərin gerçək olduğunu göstərir.
 
 
Mənbənin sözlərinə görə, RİH-nin başçısı Tofiq İbrahimov vəzifəsinə o qədər biganə yanaşır ki, hətta bu ilin may ayının 7-də eks-prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirə qatılmayıb. Fakt olaraq bu icra hakimiyyətinin rəsmi saytında da açıq-aydın görünür (http://agdash-ih.gov.az/news/202.html).
 
 
 
 
 
Ağdaş RİH-nin rəsmi saytında verilən informasyalara da nəzər saldıqda görürük ki, burada ciddi müəmma doğuracaq fakt var. Belə ki, may ayının 7-də Ağdaşın Heydər Əliyev Mərkəzində mərhum prezidentin 93-cü ildönümü tədbirinə qatılmayan Tofiq İbrahimov nədənsə may ayının 17-də rayonda peyda olur (http://agdash-ih.gov.az/news/205.html ). Görünür, ciddi siyasi "səhv"ə yol verdiyini anlayan Tofiq İbrahimov tələm-tələsik bu tədbiri keçirtməyə məcbur olub. Hər halda İh-nin rəsmi saytında xəbərin tarıxı bunu deməyə əsas verir.
 
 
 
 
 
 
(Araşdırmalar zamanı dövri mətbuatda dərc olunan və rəsmən təkzib olunmayan məlumatlardan və digər mənbələrdən istifadə olunmuşdur)
 
 






Fikirlər