Bakının zəhər gölü: “BİNƏ” və “SƏDƏRƏK” təhlükə altındadır...

Bu göl uzaqdan baxanda dupduru və mavi rəngdə görünür. Adama elə gəlir ki, gölün qurudulmasını Bakının ekoloji problemlərinin həllinin təxirəsalınmaz vəzifələrindən biri kimi müəyyən edəndə bəlkə tələsiblər?

Ancaq gölə yaxınlaşdıqca görürsən ki, tələsməyiblər, əksinə, gecikiblər. Ora yaxınlaşdıqca zir-zibil və tullantılar ayaqlarımızın altında qalmağa başladı. Artıq kanalizasiyanın iyindən irəli getmək mümkün deyildi. Köynəyimizin yaxasını burnumuza tutub bir təhər balıqçıların olduğu qamışlığa yaxınlaşdıq. Çatana qədər ayağımızın altında qalmayan əşya olmadı: yolka oyuncağından tutmuş unitaza qədər. Bu Bakının ən çirkli göllərindən biri – Lökbatan gölünün uzaqdan və yaxından görünən mənzərəsidir...

Lökbatan gölünə səyahətimiz təsadüfi deyildi. Virtualaz.org Bakının ekoloji problemlərini araşdırmaqdadır və bundan əvvəlki yazılarımızda Bakının ortasında mövcud olan bataqlıq-göldən, içməli su mənbələrinn vəziyyətindən yazmışdıq.

Şübhəsiz ki, şəhərin ekoloji problemlərindən biri də paytaxtda yerləşən çirkab gölləridir. Prezident İlham Əliyev “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda göllərin bərpası, o cümlədən, Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncam verib və buna uyğun olaraq da göllərin təmizlənməsinə başlanılıb. Hətta Böyükşor gölünün xarabalıqlarının əvəzində təmiz Böyükşor gölü və bulvarı salınıb. Amma son vaxtlar bu sahədə işlər dayanıb. Ekoloji problemlərin həlli böyük vəsait tələb edən işdir və görünür neftin ucuzlaşmasından sonra bu sahəyə vəsaitlərin yönəldilməsi dayanıb.

 Təmizlənmək və ya qurudulmaq üçün siyahıya salınan 9 çirkli göldən biri olan Lökbatan gölünü müşahidə etmək kifayətdir ki, bu ekoloji proqramın vacibliyini bir daha anlayasan.

Elə gölə yaxınlaşmışdıq ki, yük maşınını zir-zibil boşaldan gördük. Amma biz çatana qədər maşın yükünü boşaldıb getdi. Lökbatan gölünün girişində ucu-bucağı görünməyən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin kanalizasiya boruları qarşılaşırıq.  Onlardan biri yarıda qırıldığından kanalizasiya suları elə gölün ətrafına axırdı. Bir qədər irəlidə isə ətrafa yığılmış qırmızı rəngli maddə  burada hansısa kimyəvi reaksiyaların getdiyindən xəbər verirdi.

Gönorta olmasına baxmayaraq gölün ətrafında ağcaqanadlar qaynaşırdı. Xəstəlik mənbəyi olan göl ilk növbədə ətraf üçün təhlükə yaradır. Burada yaşayış evləri olmasa da, yaxınlıqda mağazalar, çörəkbişirmə sexi , kafe və digər obyektlər var. Elə həmin obyekdə çalışanlardan öyəndik ki, təxminən iki ay öncə dostları ilə bu göldə Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Kənan Muradov batmışdı. Suda boğulub ölən 22 yaşlı gənc gölə balıq tutmağa gəlibmiş.

Göl o qədər çirklənib ki, adətən su hövzələrinin həndəvərində dolanan qarğalar da bu çirkaba qonmaq istəmirlər. Ancaq əllərində tilov gözlərini qırpmadan gölə zilləmiş balıqçıları gördük. Söhbət etməyə o qədər də həvəsli görünməsələr də çətinliklə bir-iki kəlmə qopara bildik. Rauf və Nofəl adlı balıqçılar bura bir ay olar ki, bura gəlirlər. Balığı isə satmaq üçün deyil, özləri üçün tuturlar.

“Özümüz üçün tuturuq. Adətən səhərlər gəlirik, bu gün gecikmişik. Çünki balıq səhər  saat 8-9-da, bir də axşam 6-9 arası çox olur. Amma balıq mütləq olur, zəif olanda 10-15 balıq tuturuq. Səhər tezdən balıqların gəzən vaxtıdır. Amma günorta qamışlığa girib çıxmırlar. Daha çox tutduğumuz isə karp balığıdır”-Nofəl bildirir.

Nofəl suyun çirkli olduğunu etiraf etsə də, balığın çirkli olmadığını deyir. O, hesab edir ki, əgər balığı yuyub təmizləyirlərsə, yemək üçün heç bir təhlükə qalmır:

Belə tutduğumuz kimi yemirik ki, təhlükəli olsun. Üzünü təmizləyirik, yuyub yeyirik...”

Lakin  Musəvi adlı  digər  balıqçı göldəki balıqların zəhərli olmasından xəbərdardır. Balıq tutmağın sadəcə məşğuliyyət olduğunu deyən gənc balıqçının sözlərinə görə, tutduqlarını çox zaman pişiyə atır:“Mən işləyirəm, çox vaxt bura bazar günü gəlirəm. Əslində mənə balıq lazım deyil, gəlib azarımı öldürürəm. Satmıram, çox vaxt tuturam, gedəndə burada kiməsə verib gedirəm. Bu gün ancaq bir dənə tutmuşam. Lap olur ki, buradan tutduğumu aparıb pişiyə atıram. Əslində bu gölün balığını yemək düzgün deyil”.

Ekoloq Əzizağa Hümbətəliyevin virtualaz.org-a verdiyi məlumata görə, Lökbatan və digər Binə və Sədərək ticarət mərkəzlərinin ətrafında olan gölməçələr neft rezervuarlardan sızan su hesabına yaranıb. Ekspert hesab edir ki, nəinki buradan balıq tutub yemək, heç bu ətrafda yaşamaq və ya işləmək olmaz.

“Neft istehsal olunandan sonra ərazidən neftlə bərabər su da çıxır. Əslində sızaraq göl şəklində yığılan bu sular radiasiyalıdır. Ola bilər ki, göl həm də yağış suyunun hesabına qidalansın və ya kanalizasiya suları axıdılsın. Ümumiyyətlə, həmin zona radiasiya zonasıdır. Tərkibində rezervuarlardan sızan neft tullantıları var. Neft olan ərazidə həmişə uran və radon qazı olub. Bu qaz çox təhlükəlidir. İnsanlarda onurğa beyninin şişi və saymaqla bitməyən digər xəstəliklərə səbəb olur. Radiasiyalı suda balıq tutmaq çox təhlükəlidir. Həmin balıqlarda birbaşa radiasiya var və qida üçün çox zərərlidir”-ekoloq deyir.

Ərazinin güclü şüalanma zonası olduğunu deyən ekspertin sözlərinə görə, yaxınlıqda  ticarət mərkəzlərinin olmasının özü də qanunsuzdur. Göllərin təmizlənməsinə gəlincə, Ə. Hümbətəliyev hesab edir ki, bu ərazini təmizləmək olduqca çətin prosesdir.

“Əslində bu ərazilərin rekultivasiyası və bioremediasiyası mürəkkəb işdir. Çox təəssüf ki, təmizlənmə işləri aparılan yerlərdə rekultivasiya adı altında radiasiya tullantılarının üzərinə torpaq və digər tullantılar tökülür. Bu isə düzgün deyil. Əslində isə həmin təmizlənməli ərazinin layihəsi tutulmalıdır, torpağın tərkibi öyrənilməlidir. Bilmək lazımdır ki, orada hansı bitkini yetişdirmək olar”-ekoloq bildirir.

Digər bir məqam isə ondan ibarətdir ki, ekspertlər gölün Xəzərə çıxışının olmasını da istisna etmirlər. Yəni gölün Xəzərin sahilində olduğunu nəzərə alsaq, yağış yağanda və ya sularda artım olanda bu göllərin suyunun Xəzərə tökülməsi ehtimalı var. Bu isə o deməkdir ki, Lökbatan və Qaradağda yerləşən digər göllərin birbaşa Xəzərin çirklənməsində rolu ola bilər.






Fikirlər