“Azərsu” sədrinin səlahiyyətləri ƏLİNDƏN ALINDI

Azersu_building_051212

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədrinin müstəqil olaraq Cəmiyyətin sədr müavinləri təyin etmək səlahiyyəti ləğv olunub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl “Azərsu” ASC sədrinin Cəmiyyətin sədr müavinlərini vəzifəyə təyin etmək və onları tutduqları vəzifədən azad etmək səlahiyyəti olub. Dəyişikliyə əsasən, “Azərsu” ASC sədri yalnız Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin sədrinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edə biləcək. Eyni zamanda “Azərsu” ASC-nin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək üçün də Nazirlər Kabinetinin razılığı tələb olunacaq.

“Azərsu” ASC sədrinin müstəqil şəkildə Cəmiyyətin filiallarının və nümayəndəliklərinin yaradılması və ləğvi sahəsində səlahiyyətləri də məhdudlaşdırılıb.
Dəyişikliyə əsasən, “Azərsu” ASC sədri Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar qəbul edə biləcək.






Fikirlər