"Azercell" Azərbaycan qanunları ilə işləmir - QARABAG qazisinə belə dedilər...

Bu gün saat 14:00 radələrində 1-ci qrup Qarabağ müharibəsi əlili, iki gözünü Qarabağ müharibəsində itirmiş, “Azercell” abunəçisi Firudin Məmmədov ona məxsus telefon nömrəsi ilə bağlı problemi həll etmək “Azercell”in N.Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 204 ünvanda (“Akkord” şirkətinin ofisinin yaxınlığında) yerləşən ofisinə yaxınlaşıb.

F.Məmmədovun QAZİLER.AZ saytına bildirdiyinə görə, o, ofisə yaxınlaşarkən böyük növbə olduğunu görüb. Mühafizəçiyə yaxınlaşaraq 1-ci qrup Qarabağ əlili olduğunu və Əlillər haqqında qanuna əsasən növbədənkənar xidmətdən istifadə etmək istədiyini bildirib.

Bundan əlavə, ölkə başçısı Prezident İlham Əliyevin dövlət və özəl qurumların rəhbərlərinə daim Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlarına diqqət göstərilməsinin vacibliyini də xatırladıb. “Azercell”-in Ruslan adlı mühafizəçisi bu bizə aid deyil, özəl şirkətik, “Azercell”in öz qanunları var, biz Azərbaycan qanunları ilə işləmirik” – deyərək Qarabağ qazisi ilə mübahisə yaradıb. Ruslan adlı mühafizəçi və onu himayədarları Qarabağ qazisi ilə kobud davranaraq onu təhqir ediblər. Məsələ ilə bağlı F.Məmmədov “Qarabağ Qaziləri” birliyinə müraciət edib. Birliyin bir qrup rəhbər şəxsləri hadisə yerinə gəlib. Onlar “Azercell”in rəhbərliyindən bir nəfərin əraziyə gəlməsini və problemi çözməsini istəyiblər. Lakin Ruslan adlı şəxs kiminləsə əlaqə saxladıqdan sonra Qazilərə qarşı aqressiv münasibətin davam etdirərək qarşıdurma yaratmağa çalışıb. Əraziyə polis dəvət edilib. Polisin müdaxiləsindən sonra da Ruslan adlı “Azercell” nümayəndəsi Qazilərə qarşı kobudluq edib, qarşıdurma yaratmağa cəhd edib. Polisin yanında da yenə həmin Ruslan adlı şəxs və onu himayə edən bir nəfər “Azercell” rəhbərliyi ilə əlaqə saxladıqlarını və müharibə əlillərinə güzəştli növbədən kənar xidmətlə bağlı onlarda məlumatın olmadığını bildirib.

Hadisə yerində olan cəmiyyətin rəhbərliyi “Azercell” rəhbərliyinin diqqətinə çatdırır ki, bu, qanunda nəzərdə tutulub. Bundan başqa, məhz bu məsələ ilə bağlı “Qarabağ Qaziləri” birliyi Azərbaycan Respublikasının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir neçə il əvvəl keçirdiyi “Qarabağ əlillərinin müvəkkilliyi” layihəsi çərçivəsində hazırlanmış “Müharibə əlillərinə növbədənkənar xidmət göstərilir” yazılmış xüsusi vərəqəni “Azercell” əməkdaşlarına təqdim edərək onun bir yerdən asılmasını tələb ediblər. Hazırda məsələ ilə bağlı Qazilər Birliyinin rəhbərliyi “Azercell” rəhbərliyinə müraciət hazırlayır. Bundan başqa, müvafiq qurumlara da bu qanunsuzluqlara son qoyulması ilə bağlı müraciət ediləcək. F.Məmmədovun bildirdiyinə görə, ümumiyyətlə, bu məsələ təkcə “Azercell” deyil, eyni zamanda, banklarda, MİS-lərdə və digər qurumlarda da Qarabağ əlillərinə göstərilməli olan növbədənkənar xidmət məsələsinə səhlənkar yanaşılır. Qarabağ əlillərinin haqqı tanınmır, onlara qarşı hörmətsizlik göstərilir, təhqir edilir və hətta fiziki zor tətbiq etməkdən belə çəkinmirlər.






Fikirlər