Azərbaycanda icra başçısının qardaşı oğlu həbs edildi
Beyləqan rayon İcra Hakimiyyəti başçısının qardaşı oğlu həbs olunub. Modern.az saytı xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov bildirib. O, icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayevin Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən unikal dələduzluq maddəsi ilə həbs olunduğunu qeyd edib. Adəm Məmmədov bildirib ki, hələ sentyabr ayında hüquqlarını müdafiə etdiyi M.Saitqızının aldatma yolu ilə 2 milyonluq əmlakının ələ keçirilməsinə görə Əziz Əliyev, Əyyub Hüseynov və digər şəxslər barəsində açıqlama verərkən, göstərmişdi ki, bu fırıldaqçı qrupun fəaliyyəti yuxarıda qeyd etdiyi şəxslərlə məhdudlaşmır.
Vəkil bu hada geniş açıqlamasında belə deyib:
“Həmin qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım. Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurub, onun böyük işlərlə məşğul olduğunu bilib. Yəni nə vaxtsa birbaşa və dolayısı yolla Rauf Kərimova nəğd formada külli miqdarda pul lazım olanda onu toruna sala biləcəyini düşünərək, həmin günü səbirsizliklə gözləyib. Həmin gün 2013-cü ilin əvvəllərinə təsadüf edib. Belə ki, Rauf Kərimov ondan nisyə olaraq 300 min ABŞ dolları məbləğində avtomobil götürüb və artıq aralarında dostluq münasibətlərinin yarandığına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel” salonunu səmərili şərtlərlə uzun müddətli istifadəyə verib.
Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemilə əlaqədar həmin dövrdə həbs edilib. Bundan istifadə edən Yalçın Abdullayev el dili ilə desək, faiz “şotçikini” işə salıb və müxtəlif formada xəfif təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dolları dəyərində olan daşınmaz əmlakı etibardan sui-istifadə etməklə özünün və çevrəsindəki özü kimi belə işlərdə peşəkarlaşmış adamların adına rəsimləşdirib. Ümumiyyətlə, belə fırıldaqçılıq əməlinin unikallığı ondadır ki, mentalitetimizə əsasən sona qədər həm aldadan, həm aldanmış tərəf mistik əxlaq ədalətinə inanır. Yəni, aldadan düşünür ki, “aramızda duz-çörək var, şikayət etməz, aldanan düşünür ki, “aramızda duz-çörək var, bu qədər də etməz””.
Vəkil deyir ki, Yalçın Abdullayev Rauf Kərimovdan icarəyə götürdüyü bütün əmlakı guya dəyər-dəyməzinə satdığını deyib. Bunu nağd pul lazım olduğuna görə etmək məcburiyyətində qaldığnı söyləyib.
“Yalçın Abdullayev kimilərinə himayədarlıq edən yüksək vəzifəli prokurorluq əməkdaşları belə fırıldaqçılara “vəkillik” etməkdənsə, birbaşa vəzifələri olan dövlət ittihamını həyata keçirərək, fırıldaqçıların cəmiyyətdən təcrid olunmasına çalışsınlar...
...Belələrinin müxtəlif dövlət qrumlarında elə himayədarları var ki, şikayətçiləri çağrıb hədə-qorxu gəlir, verilmiş ərzələri geri götürməyə məcbur etmək bir yana, hətta onları işlədiyi təşkilatların rəhbərlərinə təsir etməklə işdən çıxarılacaqları ilə təhdid edirlər.
Məlumat üçün bildirirəm ki, tərəfimdən təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırıldıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu, belə dələduzuq işlərdə bir qayda olaraq icraçı kimi iştirak edən Yunis Abdullayev Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunub”.
Vəkil deyir ki, Abdullayevlərin dələduzluğu barədə kifayət qədər məlumat var. Onlar aldadılmış insanları ölüm həddinə çatdırıbdır.
“Yalçın Abdullayevin və onun ətrafındakıların qanunsuz əməlləri nəticəsində əziyyət çəkən şəxslərə pulsuz hüquqi yardım göstərməyə hazıram. Yetər ki, bu fırıldaqçı şəxslərin fırıldaqlarına son qoyulsun. Yəqin ki, qısa müddətdə mətbuat konfransı keçirməli olacağıq. Çünki Yalçın Abdullayev Türkiyədə də öz “biznes” fəaliyyətini genişləndirmək istəyir. Yalçın Abdullayevin qardaş ölkədə edəcəyi utancverici bir hərəkət Azərbaycanın imicinə də xələl vura bilər”.