BİLİR Kİ, DANIŞDIQCA BATACAQ

Onsuz da Natəvan Mürvətova tarixə cinayətkar general kimi düşəcək

Fevralın 21-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Polisin nəzarətində olan general Natəvan Mürvətova məhkəmə binasından çıxarkən jurnalistlərə açıqlama verməsə də, bu dəfə medianın qarşısına çıxmaqdan çəkinməyib: "Özünüzü təqdim etmirsiz, cumursuz. Müsahibə vermirəm, heç nə müsahibə verə bilmərəm. Haqsız, ədalətsiz şeylər yazırsız, yazmayın”.
Qeyd edək ki, fevralın 14-də keçirilən proses zamanı da general-mayor jurnalistləri təhqir edərək ərazidən uzaqlaşıb. Məhkəmə iclasına buraxılmayan jurnalistlər çıxışda ünvanına edilən ittihamla bağlı münasibət bildirməsi ilə bağlı N.Mürvətovaya sual ünvanlayıblar. Sabiq MTN generalı isə KİV nümayəndələrinə "rədd olun burdan!” deyərək, suallara cavab verməyib.
General-mayorun jurnalistlərlə bu cür kobud rəftarı isə media nümayəndələri tərəfindən heç də xoş qarşılanmayıb. Məsələ ilə bağlı öz fikirlərini bildirən həmkarlarımız qadın generalın jurnalistləri təhqir etməsinin yolverilməz olduğunu deyiblər. Bu kimi halların qanunvericilikdə hüquqi məsuliyyət yaratdığı qeyd olunmaqla bəyan edilib ki, jurnalistlər informasiyanı yazan zaman da təqsirsizlik prezumpsiyası hüququ çərçivəsində yanaşmalıdırlar. Onların məlumat toplayarkən tərəflərin xoşuna gəlməməsi təbiidir, başadüşüləndir. Amma bu, jurnalistlərə qarşı kobud, təhqiramiz ifadələr işlətmək, hədələmək imkanı vermir.
Məncə, jurnalistlər belə mənasız adamlara baş qoşub vaxtını itirməməlidir
"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli bizimlə söhbətində təkcə Natəvan Mürvətovanın yox, böyük cinayətlər işləmiş və belə demək mümkünsə, xirtdəyə qədər zibilin içərisində olan adamların bir qayda olaraq jurnalistlərdən qorxduqlarını deyib. Məhz bu qorxuları səbəbindən də özlərini suallardan yayındırmaq üçün aqressiv münasibət sərgiləyirlər: 
"Bu, həm də bir insanın şəxsi keyfiyyətlərinin nədən ibarət olduğunu göstərir. O qadın uzun illər ərzində qanunsuzluqlarla məşğul olub, insanların şəxsi həyatına birbaşa qanunsuz müdaxilə edən idarənin rəisi vəzifəsində işləyib. O bilir ki, jurnalistlərin hansı suallarına məruz qalacaq və buna görə də media nümayəndələri ilə aqressiv danışıb hədəfdən yayınmaq istəyir. Normal adam jurnalistlə bu şəkildə davranmaz. Çünki əvvəl-axır hər kəsin mediaya işi düşür. Bunun biz Azərbaycan təcrübəsində dəfələrlə şahidi olmuşuq. Bu qadın isə artıq hər şeyini itirdiyini anlayır, eyni zamanda da o artıq əyri əməllərinə görə suallara cavab vermək iqtidarında deyil.
Bilir ki, danışdıqca batacaq. Ona görə də qabaqdangəlmişlik edir; bu, bəlli bir texnologiyadır”.
E.Məmmədlinin sözlərinə görə, çirkaba bulaşdığı hər kəsə aydın olan və rəsmən ağır ciyanətlərə görə mühakimə olunan bu şəxsə baş qoşmaq lazım deyil, onun erası çoxdan bitib. Etdiyi cinayətlər hər kəsə bəllidir və istisnasız tarixə cinayətkar general kimi düşəcək və bu cür də xatırlanacaq: 
"Məncə, jurnalistlər belə mənasız adamlara baş qoşub vaxtını itirməməlidir”.
...vəzifədə işləyəndə canavar, işdən çıxanda quzu olurlar
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, köşə yazarı Seymur Verdizadə isə "Şərq”ə açıqlamasında Natəvan Mürvətovanın məlum reaksiyasının gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, bu adamların deməyə sözü qalmayıb, artıq söz ədalətindir: "Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, öz yaramaz fəaliyyətləri ilə təmsil etdikləri dövlət qurumunu nüfuzdan salan hər bir şəxs qanun qarşısında cavab verməlidir. Natəvan xanım unudulmaq, yaddan çıxmaq, gözdən-könüldən uzaq olmaq istəyir. Mən heç bir qadına onun yerində olmağı arzu etmirəm. Natəvan Mürvətova başa düşmür ki, jurnalist öz vəzifə borcunu yerinə yetirir. Prosesi işıqlandırmaq, Azərbaycan cəmiyyətini yaxından maraqlandıran bu hadisələrlə bağlı ən son yenilikləri oxucuya çatdırmaq KİV-in vəzifəsidir. Jurnalistlə kobud davranmaq, onun suallarına qeyri-adekvat reaksiya vermək acizlik əlamətidir. Bir dəfə də yazmışdım: Azərbaycanda elə insanlar var ki, vəzifədə işləyəndə canavar, işdən çıxanda quzu olurlar. Natəvan xanım hələlik öz taleyilə barışmaq istəmir. Amma onun reallıqla barışmaqdan başqa yolu yoxdur.
Bu adamlar dərk etməlidirlər ki, KİV-lə əməkdaşlıq hamıdan çox onların özlərinə lazımdır. Mətbuata "müharibə” elan edib nəzərləri öz üzərlərinə cəlb edənlər vəziyyətlərini daha da ağırlaşdırırlar”.
Jurnalistlər bir anlıq özünü onun yerinə qoysunlar, görək necə reaksiya verəcəklər?
Media eksperti Zeynal Məmmədli isə bir az fərqli düşünür. O, tam olaraq Natəvan Mürvətovanın jurnalistləri təhqir etməsinə haqq qazandırmasa da, jurnalistlərə bu cür gərgin anlarda empati qurmağı və qıcıq doğuran suallardan imtina etməyi tövsiyə edib: "Jurnalistlər bir anlıq özünü onun yerinə qoysunlar, görək necə reaksiya verəcəklər? Nəzərə almaq lazımdır ki, bu xanım uzun illər MTN kimi qapalı qurumda xidmət göstərib və jurnalistlərlə ünsiyyəti olmayıb. Bu gün isə hər nə qədər məhkəməyə evindən gedib- gəlsə də, hakimin sonda həbs qərarı verməsi istisna deyil. Bu isə psixoloji baxımdan onda əsəb, aqressiya yaradır. Təsəvvür edin, general-mayor rütbəsinə qədər yüksəlmiş bu qadının bir anın içərisində qurulu düzəni dağılıb, işi əlindən çıxıb və taleyi bir növ sual altındadır. Belə bir durumda olan insanın psixoloji halını və jurnalistlərə qarşı kobud rəftarı başadüşüləndir”.
Z.Məmmədlinin sözlərinə görə, jurnalist öz müsahibinə suallarını ünvanlayarkən onu cəmiyyətin gözündə yüksəltməyi və ya hamının gözündən salmağı əsas məqsəd kimi qarşısına qoymamalıdır. Media üçün mühüm olan cəmiyyət üçün maraqlı olan informasiyanı toplamaqdır: 
"Təbii ki, hansısa jurnalist bu təhqirlərlə bağlı Natəvan Mürvətova haqqında ayrıca cinayət işi qaldırılmasına nail ola bilər. Hüquqi baxımdan bu mümkündür. Amma bir də məsələnin ictimai tərəfi var ki, onu da nəzərə almaq lazımdır. Həm də ki, müsahibə almaq istəyən jurnalistlərin təhqir edilməsi faktlarına biz dəfələrlə rast gəlmişik. Maraqlısı isə odur ki, bu təhqir hansısa bir nazirin və ya dövlət məmurunun dilindən səsləndiriləndə, o qədər də geniş rezonans doğurmur, hansısa hüquqi addımlar atılmır. Amma sözügedən xanım artıq öv mövqeyini itirdiyi üçün onun kobud rəftarı barədə məlumat operativ qaydada işıqlandırılır. Bax, bu mənim üçün bir qədər anlaşılmazdır”.

 






Fikirlər