Bakıda saxta viza qalmaqalı - 7000 dollar cərimələnə bilərsiz+FOTO
Bakıda sizin üçün viza düzəldəcəyini deyən dələduzlar peyda olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib. O bildirib ki, artıq bu problem kütləvi hal alıb: “Bakıda kimsə qısa müddətdə Kanadaya və digər ölkələrə təhsil, turizm vizası almağa söz verib, onlardan bir neçə min dollar pul alıb, qısa müddətdə vizalarını verib. Həmin vizalardan biri ilə Gürcüstandan Kanadaya uçmağa hazırlaşan bir ailəni hava limanında saxlayıblar, baxıblar ki, viza saxtadır, onları 7000 dollar cərimə edib, buraxıblar. Vizaların bəzilərində aşağıda Pakistan, Hindistana aid qeydlər olub. Nümunə vizalar internetdən götürülüb, fotoşopla düzəldilib, çap edilib pasporta yapışdırılırmış . Cərimələnən saxta vizalı şəxslər Bakıya qayıdıb polisə şikayət etdikdə, yüzlərlə belə şikayətin daxil olduğunu, həmin şəxsin artıq Bakıda olmadığını, araşdırmanın getdiyini bildiriblər. Deyilənə görə, işlə 5-ci Polis Bölməsi məşğuldur”. Sosial şəbəkələrdəki müzakirələr zamanı istifadəçilər saxta vizaların bir neçəsinin fotosunu yayımlayıblar. Qeyd olunub ki, vizanın ən aşağısında “İND” sözləri yazılıb və bununla da həmin vizanın internetdən götürüldüyü bəlli olur. Bu vizaların 5 ay öncə fəaliyyətə başlayan “Eduvisa” şirkəti tərəfindən verildiyi yazılıb. Həmin şirkətin Feysbuk səhifəsi hazırda bağlıdır, saytlarında göstərilən telefon nömrəsinə etdiyimiz zənglərə isə cavab verən olmadı. “Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsa da, hələ ki, aidiyyatı qurumdan zənglərə cavab verən olmayıb.