Bakıda tabutla aksiya keçirdilər - FOTOLAR
Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Minsk qrupu həmsədrlərinin yarıtmaz fəaliyyəti, bu qurumun artıq 25 ilinin tamam olması ilə bağlı BMT-nin Azərbaycan nümayəndəliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları “Minsk qrupu həmsədrləri rədd olsunlar!”, “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Minsk qrupunun fəaliyyətinə son qoyulsun!” və digər şüarlar səsləndirib, plakatlar qaldırıblar. Aksiya iştirakçıları Minsk qrupunun simvolik “tabutu” nu çiyinlərində apararaq BMT nümayəndəliyinin qarşısana qoyublar. QAT sədrinin müavini Barat İmani aksiya iştirakçılarının fikrini çatdıraraq bildirib: “Minsk qrupu ATƏT çərçivəsində BMT tərəfindən yaradılıb. Bu qrup 25 il ərzində heç bir müsbət fəaliyyətlə məşğul olmayıb, artıq canını tapşırıb, ölü vəziyyətindədir. Bu qurumun meyitini gətirmişik, meyitinizə yeyə durun”. Sonra Fəridə Əsgərova, Nəsib Cəfərov, İlqar Əliyev, Solmaz Alıyeva, Kəmalə Əliyeva, Sevinc Axundova, Mahir Rzayev, Cəfər Həşimov, Elşad Əliyev, Paşa Dadaşov, Murad Məhərrəmli və digərləri çıxış edərək bildiriblər ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsinə ədalətlə yanaşmalıdırlar, işğalçı Ermənistanı cəzalandırmalıdırlar, Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmamalıdırlar : “Minsk qrupu həmsədrləri bu gün yenə də Bakıya gəliblər. Bu səfərlərin heç bir mənası yoxdur. Rədd olub getsinlər. Biz onlardan yaxşı heç nə gözləmirik”. Sonda aksiya iştirakçıları BMT baş katibi Antonio Quterreşə ünvanladıqları müraciəti oxuyublar. Müraciətdə göstərilir: Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə ATƏT çərçivəsində 1992-ci ildə yaradılmış Minsk qrupunun fəaliyyəti tam iflasa uğramışdır. Yaradılmasından 25 il keçən bu qrup heç bir nəticəyə nail olmamış, ölü bir quruma çevrilmişdir. Bu uzun dövr ərzində Minsk qrupunun fəaliyyəti heçə endirilmiş, “həmsədrlər institutu” deyilən qurum Minsk qrupunu arxa plana keçirmiş, özləri də mənasız bəyanatlardan başqa heç bir işlə məşğul olmamışlar. Minsk qrupu onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirə bilməmiş, ona verilmiş mandata uyğun fəaliyyət göstərməmişdir. Beləki bu günə qədər sülh konfransı çağırılmamış, Ermənistanın işğalçı hərəkətlərinə hüquqi və siyasi qiymət verilməmiş, Dağlıq Qarabağ münaqişəsinə dair optimal həll variantı irəli sürülməmişdir. Əvəzində Minsk qrupunun həmsədrləri işğalçı ilə işğala məruz qalan tərəf arasında üzdəniraq balanslaşdırma siyasəti yeridir, işğal faktını deyil, Dağlıq Qarabağdakı qondarma rejimin statusu məsələsini süni şəkildə qabardır, xırda məsələləri müzakirəyə çıxartmaqla vaxtı uzatmağa çalışırlar. Minsk qrupu, həmçinin həmsədrlik institutu rəhbərlik etdiyiniz qurumun təşəbbüsü və himayəsi altında yaradılıb. Hesab edirik ki, bu təşəbbüsün uğursuz olduğunu etiraf etməli və yeni təşəbbüslə çıxış etməlisiniz. Dağlıq Qarabağ münaqişəsi, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğalla bağlı məsələ yenidən BMT müstəvisinə qaytarılmalı, “Minsk qrupu”deyilən ölü qurum ləğv edilməli, həmsədrlərin mənasız səfərlərinə son qoyulmalı, yeni vasitəçilik formatı təklif olunmalıdır. Ya da bu məsələdə gücsüz olduğunuzu etiraf etməli, kənara çəkilməli və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının öz ərazilərini hərbi yolla azad etmək hüququnu rəsmi qaydada tanımalısınız.