Əkbər Nəcəf
tarix araşdırmaçısı
(Cənab Mehman Süleymanovun "Azərbaycanın qədim və orta əsrlər hərb tarixi” əsəri haqqında)
"Azərbaycan dilinin izahlı lüğəti”nə görə "qıcqırmış” sözü "istidən, çox qalmaqdan və ya başqa səbəbdən turşumuş, turşuyub xarab olmuş, şişib qoxumuş” mənasına gəlir. Kəlmənin "qıc/quc” şəklində qədim dilimizdəki digər mənası "zülm” deməkdir. Bu adlandırma ilə turşumuş, qoxmuş, həyatımız üçün təhlükə mənbəyinə çevrilmiş, hətta zülmə çevrilmiş bir təfəkkürün istehsalı olan kitabdan bəhs etmək istəyirəm.
Cənab Mehman Süleymanovun araşdırmalarının bir hissəsi tədqiq etdiyim dövr etibarilə maraq dairəmdədir. Onun "Nadir şah” əsərini böyük zövqlə oxuduğumu etiraf edə bilərəm. Amma müəllifin 2016-cı ildə "Elm və təhsil” nəşriyyatı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvətlərinin Hərbi Akademiyasının təşəbbüsü və akademiyanın rəisi, general-leytenant Heydər Piriyevin baş məsləhətçiliyi ilə çap olunan "Azərbaycanın qədim və orta əsrlər hərb tarixi” adlı 415 səhifəlik kitabı sözün həqiqi mənasında ağlımı başımdan çıxartdı. Yenə də bu əsəri fərdi elmi təşəbbüs hesab edib susmaq olardı. Lakin bu əsərin Hərbi Akademiyada oxuyan və canını bu vətən uğrunda fəda etməyə and içmiş minlərlə Azərbaycan hərbçisi tərəfindən dərslik vasitəsi kimi istifadə olunacağını düşününcə, o zaman susmağın bu vətənə ən böyük xəyanət olacağına inandım və aşağıdakı sətirləri yazmaq məcburiyyətində qaldım.
Axı, niyə?
Çünki bu əsər "hərb tarixi” deyildir! Bu əsər "müharibələr tarixi”dir. Müharibələr tarixi isə hərb tarixi deyildir. Hərblə müharibə arasında mühüm bir fərq var. Hərb - anlayışdır, müharibə isə hadisədir. Azərbaycanın qədim və orta əsrlərdə yaşadığı müharibələrin xronoloji ardıcıllıqla tarixini yazıb, buna hərb tarixi donu geydirmək elmi səhvdir. Hərb tarixini yazan (dünyada bunun yüzlərlə nümunəsi var) tədqiqatçı aşağıdakı məsələləri araşdırmalıdır:
1.Hərb hüququ;
2.Hərb biologiyası;
3.Hərb psixologiyası;
4.Hərb əxlaqı;
5.Hərb qaydaları;
6.Hərb strategiyası;
7.Ordu;
8.Hərbi musiqi;
9.Silah.
Birincsi, insanlıq tarixinin heç bir dövründə, istər mifik, istər dini, istər örfi (ənənəvi) və istərsə də dünyəvi olsun, hüquq normalarına əsaslanmayan hərb anlayışı olmayıb. Belə bir şey olmuşsa da buna hərb deyil, "soyğun” deyilir.
Kitabın arxasında yer alan qısa bioqrafiyasını oxuduğum zaman əmək fəaliyyətləri ilə qürürlandığım müəllifin "hərb” termininin kəlmə mənasını bilməməsi insanı dəhşətə salır. Qədim və orta əsrlər Azərbaycan hərb tarixini yazan adam, ən azından, zəhmət çəkib, tarixini yazdığı dövrlərdə hərbin nə mənaya gəldiyini araşdırmaq məcburiyyətindədir. Heç olmasa, eyni dövrün başlıca mənbəəsi olan və orta əsrlər Azərbaycan tarixi haqqında kifayət qədər məlumat sahibi İbn Xəldunun "Tarix əl-İbər” əsərinin müqəddiməsinə baxmalıdır.
İkincisi, hərb insanın bioloji varlığının bir parçasıdır. Aristoteldən üzübəri bu sahədə yüzlərlə əsər yazılıb. Bu əsərlərdən birini (elə sitat gətirdiyiniz Aristoteli) həqiqi mənada oxumaq ağlınıza heç gəlmədimi? Başda İbn Xəldun olmaqla bir çox İslam alimi belə, hərbin bioloji tərəflərinə diqqət çəkiblər. Ümumiyyətlə, siz "hərbi biologiya”nın nə olduğunu bilirsinizmi? Bu gün süfrələrimizin bəzəyi olan onlarla meyvə-tərəvəz növünün Azərbaycana sizin işğalçı hesab etdiyiniz orduların gətirdiyindən xəbəriniz varmı? Orta əsrlərdə cəbhədə, səfərdə və düşmənlə döyüşdə susuzluqdan və aclıqdan ölən əsgərə axmaq gözü ilə baxılırdı. Çünki orta əsr hərb sistemində bir əsgər, hər şeydən əvvəl, müharibə etdiyi ərazinin bioloji sistemini öyrənirdi.
Monqolların Azərbaycana hansı bitkilərin və meyvələrin toxumlarını gətirdiyini araşdırmaq hərb tarixinin başlıca vəzifəsidir. İşğalçı adlandırdığınız bu xalqlar üzərində yaşadığımız torpaqların fauna sistemini belə, dəyişdirdilər. Əks halda, təbii mühitini dəyişdirməkdən qaynaqlanan coğrafi şərtlər səbəbindən özləri və heyvanları bir neçə ay içində yox olub gedərdi. Sibirin coğrafi şərtlərini və bitki örtüyünü bilməyən rusların burada apardıqları işğal siyasəti zamanı necə fəlakətlərə məruz qaldığına baxmağınız hərbi biologiya elminin hərb tarixindəki yerini və həyati əhəmiyyətini qavramaq üçün kifayət edərdi.
Üçüncüsü, hərb - psixologiyadır. Hərb psixologiyasını bilməyən, hərbçi ola bilməz. Qədim və orta əsrlər Azərbaycanında hərb psixologiyası haqqında onlarla məlumat, sənəd, əsər mövcuddur. Qorxu, panika, basqın, ani basqın, xəyanət, aldatma, imha və s. uzun siyahısını verdiyiniz müharibələrin başlıca, hətta ayrılmaz xüsusiyyətləridir.
Dördüncüsü, əxlaqi təməllərə söykənməyən hərb yoxdur və hərb birbaşa əxlaq normatividir. Məhz bu səbəbdən orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərən əsgərlər üçün qılman məktəblərində "fünun əl-hərbiyyə” və ya "fünun əl-ədəb”, yəni hərb əxlaqı dərsləri keçirilirdi. Siz zənn edirsiniz ki, qədim və orta əsrlərdə hər əlinə silah alan əsgər ola bilərdi? Hörmətli M.Süleymanov əsərinin bir yerində "Xəzər xaqanlığının qoşunlarının əsasını türk-qulamları” təşkil etdiyini yazır. Bilmək olmur ki, müəllifin vediyi bu səhv məlumatı düzəltməliyik, yoxsa ona orta əsrlərdə "qulam” sözünün nə mənaya gəldiyini, bu termin altında mövcud olan hərbi məktəblərin varlığını başa salmalıyıq. Müəllif hərbi attaşe olduğu İranda çıxan ensiklopediyalarda "qulam” termininin nə mənaya gəldyini araşdırsaydı, bu termin ətrafında mövcud olmuş böyük hərbi sistem və orada keçirilən "hərb əxlaqı” haqqında dərslərə vaqif ola bilərdi. Görünür, hörmətli tədqiqatçımız üçün kəlmə və terminlərin mənası cümlələrə xoşuna gəldiyi şəkildə forma vermək üçün əhəmiyyətlidir. Belə bir kobud xətaya düşməmək üçün, ən azından, Nizamülmülkün dilimizə də tərcümə olunmuş "Siyasətnamə” əsərində "qulam” haqqında yazdıqlarına baxmaq kifayət idi.
Beşincisi, hərb qaydasız olmaz və bu qaydalar da pozulmaz. Qədim və orta əsrlərdə yaşayan insanlar sırf qələbə qazanmaq xatirinə döyüşmürdülər. Hərb qaydalarını pozmaq, nəticəsi qələbə olsa belə, əsla qəbul olunmurdu.
Altıncısı, hərb strategiyası hərb sənətinin təməl sütunudur. Orta əsrlərdə strategiya hərb sənəti içində xüsusi bir elm olaraq öyrədilirdi. Qədim və orta əsrlərdə dövlət başçılarının demək olar ki, hamısı hərb strategiyasını mükəmməl bilirdilər. Hərb strategiyası, sadəcə, döyüş meydanında ordunun düzülüşü, taktikası, hərb planı deyildir. Hərb strategiyasını bilən adam döyüş üçün məkanı seçməyi, həmin məkanın coğrafiyasını, iqlimini, hətta döyüş günü havanın şərtlərini, əsəcək küləyin təsirlərini bilməli və bunları nəzərə alaraq döyüş planını qurmalı idi. Şah İsmayılın Çaldıran döyüşünü uduzmasının başlıca səbəblərindən biri də qızılbaş hökmdarının Osmanlılarla etdiyi döyüşün strategyasını tam hazırlaya bilməməsi idi. Məhz buna görə döyüşün vaxtını uzatmağa, ləngitməyə çalışmışdı. Və ya, Ağqoyunlu Uzun Həsənin Teymuri hökmdarı Əbu Səidi məğlub etməsinin əsas səbəbi hərb strategiyasını mükəmməl təşkil etməsi idi. Nəzərə alın ki, qədim və orta əsrlərdə sadəcə bir neçə günlük, bəzən də bir neçə saatlıq müharibə üçün hökmdarlar və dövlətlər aylarla, illərlə, hətta on illərlə hərb strategiyaları işləyirdilər. İşğalçılıq və talançılıqdan başqa, hərb tarixi cəhətindən heç bir müsbət tərəfini görmədiyin "monqol-tatar və Teymurləngin” basqınlarına necə hazırlaşdıqlarına nəzər yetirmək ağlınıza gəlmədimi? Qədim və orta əsr hökmdarlarının xəzinələrinin yarısını xərclədikləri münəccimləri öz saraylarında fala baxmaq üçün tutduqlarınımı zənn edirsiniz? Həmin münəccimlər mükəmməl şəkildə astronomiya və astrologiya elminə sahib idilər. Döyüşün vaxtını, zamanını, saatını, yerini həftələrlə, aylarla, hətta illərlə sürən araşdırmalarla müəyyən edirdilər. Orta əsrlərdə hökmdarların minlərlə qızıl xərcləyərək rəsədxanalar yaradıb, oradakı alimlərə siccinlər hazırlatmaları, sadəcə, elmə olan maraqlarından irəli gəlmirdi. Müharibədə iqlim, coğrafi şərtlərin nə qədər mühüm amil olduğunu bir hərbçi olaraq məndən çox daha yaxşı bilməniz lazım gəlirdi.
Yeddincisi, hərb sistemi iki təmələ əsaslanır (Orta əsr hərb sənəti haqqında yazılmış əsərləri oxusaydınız bunu yaxşı biləcəkdiniz): 1 - Ağıl, 2 - Bədən.
Buraya qədər, sadəcə, hərbin ağıl düsturundan bəhs etdik. Hərbi sistemin bədəni ordudur. Üstəlik, məlumunuz olsun ki, qədim və orta əsrlərdə orduların böyüklüyü və silah cəhətdən mükəmməlliyi elə də əhəmiyyət kəsb etmirdi. Əhəmiyyətli olan, ordunun təşkilatçılığı və döyüş meydanında idarəsi idi. Minlərlə döyüşün tarixinə yer verdiyiniz kitabınızda sadaladığınız faktlara düzgün yanaşsaydınız və bunları təhlil etməyə çalışsaydınız, bəzən az sayda ordunun özündən iki, üç, hətta onqat böyük orduları necə məğlub etdiyi haqqında fikirləşib, əsərinizdə bunun səbəblərini açmağa çalışardınız. Tarixdə 700 nəfərlik ordunun 7 minlik ordunu, 7 minlik ordunun 30 minlik ordunu, 20 minlik ordunun 80 və 100 minlik ordunu, hətta 30 minlik ordunun 200 minlik ordunu necə darmadağın etdiyi haqqında kifayət qədər məlumatlar mövcuddur. Belə faktlar tarixini yazdığın dövrdə Azərbaycan tarixində kifayət qədərdir. Heç uzağa getmədən, 1,5 milyon əhaliyə və 150 minlik orduya sahib Çingiz xan, 28 milyonluq əhaliyə və 400 minlik orduya sahib Xarəzmşah Əlaəddin Məhəmmədin ordusunu doğru hərbi təşkilatçılıq və idarəçiliklə məğlub etdi. Haqqında uzun-uzun bəhs etdiyiniz (əfsuslar olsun ki, çoxu uydurma və əfsanədən ibarətdir) Albaniya çarı Cavanşirin də iştirak etdiyi Sasani ordusunun özündən iki dəfə az və üstəlik, ən keyfiyyətsiz silahlarla silahlanmış ərəblərə Kasidiyyə döyüşlərində məğlub olmasının altında da məhz təşkilatçılıq və idarəçilik yatır. Əgər siz, həqiqətən, tarixini yazdığınız dövrün ərəb, fars, türk, latın dilli mənbəələrini ciddi oxuyub və təhlil etsəydiniz, sadəcə, bir neçə kiçik nüansdan ordu təşkilatçılığının nə olduğunu anlayardınız. Qədim və orta əsrlərdə bir orduda yüzlərlə tuğ, bayraq, sancaq gəzdirilirdi. Onların rənglərinin, formasının, sırasının, hərəkətinin, üstündəki simvolların nə mənaya gəldiklərini görüb, ordu nizamı və təşkilatçılığının nə qədər mükəmməl icra edilyi haqqında əsərinizdə müstəqil bir fəsil yazmaq ehtiyacını hiss edərdiniz. Hörmətli M.Süleymanov, məlumunuz olsun ki, orta əsr mənbəələrində kifayət qədər ordu raportları yer alır. Həmin raportlarda əsgərin dırnağından uniformasına, burnunun formasından saçının rənginə qədər bütün məlumatlar əks olunub. Təəssüflər olsun ki, bunların heç birindən sizin xəbəriniz yoxdur.
Səkkizinci, döyüş meydanında ordunun hərəkəti, döyüşün başlaması, ordunun idarəsi hərbi musiqiyə bağlıdır. Qədim və orta əsrlərdə yaşamış ordu komandanları, hökmdarlar, sərkərdələr iki-üç öküzün daşıdığı, nərdivanla çıxılıb çalınan təbilləri, uzunluğu bəzən 6-8 metrlik zurnaları döyüş meydanlarına axmaq olduqları üçün aparmırdılar. Üstəlik, döyüş meydanında ordular canları bahasına həmin musiqi bandolarını qorumağa çalışırdılar. Çünki döyüşü sərkərdələrin və hökmdarların tapşırıqları deyil, həmin müsiqinin ritmi, tonu, səsi, ahəngi idarə edirdi. 30-40 minlik ordunu döyüş meydanında heç bir komandan və hökmdar idarə edə bilməz. Həmin musiqi bandoları hökmdar çadırının qarşısında yer alır və hökmdarlar əmrlərini sərkərdələrinə deyil, həmin musiqiçilərə verirdilər. Sovet İttifaqı dağılsa da Rusiya hələ də Qızıl Ordu orkestrini yaşadır. Niyə? Və Rusiya bu sistemi haradan öyrəndi? Rus-varyaq quldurlarının X əsrdə Azərbaycana hücumları haqqında səhv məlumatlarla dolu 60 səhifəlik fəsil yazmaqdansa hərbi musiqi haqqında 10 səhifə məlumat yazıb azərbaycanlı hərbçini aydınlatmaq çoxmu çətindir?
Və nəhayət, sonuncu olaraq, hərb tarixi - silahların tarixidir. Qədim və orta əsrlər Azərbaycanının hərb tarixini yazan bir alimin silahla bağlı xüsusi fəsil hazırlaması gərəkirdi. Silah nədir? Silahın mənası nədir? Silahın xammalı nədir? Silahların növləri, qaydaları, istifadəsi, məqsədi, silah texnologiyası haqqında verəcəyiniz məlumatlar hərbi təhsil alan tələbələr üçün daha vacibkən, siz Urartu, Assur, Midiya, Manna və s. ordusu haqqında sovet ideologiyasının quru, köhnə, mənasız, əhəmiyyətsiz və çoxu səhv məlumatlarla kitabınızın səhifə sayını çoxaltmağa çalışmısınız. X əsrdə "Qədim Rus qoşunlarının Azərbaycan üzərinə hərbi yürüşləri” adı altında böyük heyranlıqla bəhs etdiyiniz, qədim və orta əsr Azərbaycan hərb tarixi üçün heç bir əhəmiyyət kəsb etməyən məsələyə müstəqil bir fəsil ayırdığınız halda, rusların ortaya çıxması ilə indiki Ukrayna, Belorusiya və Rusiya ərazilərində böyük meşə zolaqlarının niyə yox olduğu, slavyanların meşələrdə qul kimi niyə çalışdırıldıqları ilə maraqlansaydınız hərb tarixində silahın əhəmiyyətini anlayardınız. Və bilərdiniz ki, o meşələr "skediya”, "lodya” və "korabl” kimi rus gəmilərinin düzəldilməsi üçün deyil, silah düzəldilməsi üçün yox edildilər. Çünki insanlıq tarixində ən çox meşə qətliamları qədim və orta əsrlərdə baş verib və bunun da yeganə səbəbi silah texnologiyasıdır. Silah üçün başlıca xammal olan dəmir mədənlərinin istismarı səbəbindən VII əsrdə artıq Azərbaycanda, Anadoluda, İranda meşələr qalmamamışdı. Rusların da bir parçası olduğu varyaqların üstünlüklərinin səbəblərindən biri də silah texnologiyalarını inkişaf etdirmək üçün əllərində böyük və təbii yanacaq ehtiyatlarının olması idi. Məhz buna görə, ruslar slavyanları qula çevirdilər və üstəlik, qul kimi İslam ölkələrinə sataraq böyük gəlir əldə etdilər. Rusların qul olaraq İslam ölkələrinə, o cümlədən Azərbaycana satdığı slavyanlar Xilafət və Səlcuqluların açdıqları "qulam” məktəblərində oxuyaraq orduda xidmət etdilər.
Hörmətli Mehman Süleymanov, məlumatınız olsun ki, hərb tarixi bu məsələlərlə və onların tədqiqi ilə maraqlanır. Sizin yazdığınız kitabdakı kimi müharibələrin tarixi ilə yox. Yenə də siz, kitabınızda yazdığınız məsələləri kifayət qədər araşdırıb, düzgün işıqlandırsaydınız susmaq olardı. Lakin sizin yazdığınız müharibələrin və dövlətlərin tarixi də elmi cəhətdən qüsurlu və yararsızdır. Niyə?
Çünki sizin əsəriniz terminoloji və metodoloji faciədir. Sovet ideologiyasının mirası olan, "tarix terminologiyası” və "tarix morfologiyası” elmlərindən bixəbər tarixçilərimiz sayəsində yenidən cilalanıb müstəqillik dövründə təfəkkürümüzə yeridilən terminlərlə qədim və orta əsr Azərbaycan hərb tarixinin yazıla bilməyəcəyini birdəfəlik qavramalıyıq. Allah eşqinə, sadəcə, ingiliz dilində bu sahədə 1 milyondan çox araşdırma mövcud olduğu halda, hələ də hərb tarixi terminologiyasında heç bir hərb sənəti tarixçisi olmayan sovet dövrü ədəbiyyatından istifadə etmək hansı elmi məntiqə və ağla uyğundur? Bu cəhalət azmış kimi, bir də həmin kifayətsiz ədəbiyyata istinad edərək hərb tarixinin predmetlərindən bəhs edirsiniz. Məhz bu cəhalət səbəbindən sizin hərb tarixi elmi, onun istiqamətləri, mərhələləri və dövrləri haqqındakı cəfəngiyyat dərəcəsindəki təsbitləriniz insanı vahiməyə salır.
Məlumunuz olsun ki, hərb tarixinin bir elm kimi formalaşması XVII-XVIII əsrdən başlamır. Əgər bununla müasir hərb tarixi elmindən bəhs edirsinizsə, bu da səhvdir. Müasir hərb tarixi Makiavellinin (1469-1527) yazdığı "The Art of War” (Müharibə sənəti) ilə başlayır. Bu gün cənab prezidentimiz İlham Əliyev də daxil olmaqla, dünyanın bir çox dövlət başçısının "ali baş komandan” olaraq qəbul edilməsinin səbəbi də Makiavellinin məhz bu əsərində əsasını qoyduğu müharibə haqqındakı nəzəriyyədən qaynaqlanır. İlk dəfə Makiavelli "hərb sənətini (sizin iddia etdiyiniz kimi, müharibəni deyil) dövlət idarəçiliyinin ən mühüm vasitəsi” elan edib, "idarəçilərin bilməsi vacib olan yeganə elm” adlandırıb. Onun açdığı yolu Qərbdə Maurice de Saxe (1696-1750), Antoine Henri (1779-1869), Clausewitz (1780-1831) kimi hərb sənətinin biliciləri davam etdiriblər.
Amma Makiavellidən 7 əsr əvvəl Azərbacyanın da bir parçası, hətta mərkəzi olduğu İslam dünyasında hərb sənəti bir elm kimi öyrənilirdi və üstəlik, bu sahədə yazılmış onlarla əsər mövcuddur. Qədim və orta əsrlər Azərbaycan hərb tarixini yazmaq iddiasında olan bir tədqiqatçının bu əsərlərin heç birini tanımamsı, adlarını belə bilməməsi elmi faciədir. Demək ki, sizin üçün qədim və orta əsrlər Azərbaycan hərb tarixini yazarkən Məhəmməd ibn Mənsur ibn Səid Mübarək şahın "Ədəb əl-hərb vəş-şəcaa”, Mərdi ibn Əli ibn Mərdi ət-Tarsusinin "Tabsıratu ərbab əl-əlbab fi keyfiyyət əl-nəcati fi-xürub”, İbn Əsrənboğa əz-Zərədkaçın "əl-Anık fil-mancınıq”, Ömər ibn İbrahim əl-Övsi əl-Ənsarinin "Təfric əl-kurub fi tədbir əl-xürub”, Məhəmməd ibn Mənglinin "əl-Mənasib əl-hərbiyyə” və həmçinin, "Münyət əl-quzat”, "Xəza kitabu baytarnamə”, "Baytarat əl-vəzih”, "Kitab fi riyazat əl-xayl”, "Kitab fi elm ən-nüşşab”, "Nihayət əs-Suul vəl-umniyyə fi taallum əl-furusiyyə”, "Tabsırat əs-sultaniyyə fi siyasət əs-sənət əl-hərbiyyə” və s. kimi nəinki hərb tarixi, hətta hərb sənətinin ayrı-ayrı sahələri haqqında yazılmış mənbələrin heç bir əhəmiyyəti yoxdur. Üstəlik, bu mənbəələrin çoxu bizim dilimizdə yazıldığı və orta əsrlər hərb tariximizin ana qaynaqlarını təşkil etdiyi halda, sizin kitabınızda adları zikr ediləcək qədər qiymətsizdilər?
Bu mənbəələrdən xəbərdar olmadan, Azərbaycanın qədim və orta əsrlər hərb tarixini yazan "alimin” cəsarətinə el arasında "cahil cəsarəti” deyilir. Yox, əgər xəbərdar olub da istifadəyə yararsız görmüsüzsə, bunun da adı "elmi cinayətdir”. Bu əsərlərin bəziləri hərb sənətinin elə sahələrindən bəhs edir ki, bu mövzular ancaq 1950-ci ildən sonra Avropada tədqiqat obyektinə çevrilmişdir. Misal üçün, Məhəmməd ibn İsa əl-Aksarayın əsərində bəhs etdiyi lojistik, atəşkəs, əsirlərin hüququ və s. kimi hərbi məsələlərin həlli bu gün də müasir Avropa hərb hüququnda tam dəqiqləşdirilə bilməyib. Dahi şairimiz Nizami Gəncəvinin yaradıcılığındakı hərb işi haqqında fəsil yazmaq yerinə, orta əsrdə Azərbaycan ordularının "yanan güzgü” (ayan) adını verdikləri texnoloji və kimyəvi hərbi imkanlardan necə istifadə etdikləri haqqında məlumat vermək lazım idi. Bunu üçün də soydaşımız olan Məhəmməd ibn Mənglinin bu barədə yazılmış risaləsini oxumaq vacibdi.
Sizin dilinizdən düşürmədiyiniz "qoşun-xalq”, "azadlıq hərəkatı”, "tam müstəqillik”, "hərbi quruculuq”, "işğal”, "talançılıq” və s. mənasını, yerini, yurdunu bilmək belə istəmədiyiniz yüzlərlə terminlərin hamısı XIX əsrdən formalaşmış anlayışların məhsuludur. Əcəba, siz IX əsrdə "azadlıq”, Midiya dövründə "xalq” terminlərinin hansı mənaya gəldiyini bilirsinizmi? Sovet dövrünün gurultulu kitablarını bir tərəfə buraxıb, Babək dövründə "kəndli” olmağın nə mənaya gəldiyini və Azərbaycanda kəndlilərin vəziyyətini araşdırmaq üçün dövrün hansı mənbəələrinə müraciət etdiniz? Siz heç qədim və orta əsrlər hərb tarixində atın, qatırın, at arabasının, öküzlərin rolunu öyrənmək zəhmətinə girdinizmi? Döyüşdə atdan necə istifadə edildiyi və atın necə idarə olunduğu haqqında ən kiçik məlumatınz belə, yoxdur.
Hörmətli M.Süleymanov, sizin IX əsr xürrəmilərini damğaladığınız "xalq hərəkatı”ndakı "xalq” sözünün XVIII əsrdə ortaya çıxdığından xəbəriniz varmı? Bol-bol müraciət etdiyiniz rus dilinə belə, bu termin 1850-ci ildə "narodnıye pesni” şəklində daxil olub. Siz heç "qəhrəman” sözünün orta əsrlərdəki mənasını bilirsiniz? Siz hansı tarixi əsasa, məntiqə, mənbəəyə əsasən, ərəblər dövründə Azərbaycanda yaşayan insanlara "qul” damğasını vurub, onların üsyanına "azadlıq” donu geydirirsiniz. Siz heç bilirsiniz ki, orta əsr hüququnda "azad” nə mənaya gəlir? Mənə maraqlıdır ki, dövrün hüquq normalarını, şərtlərini və əsaslarını bilmədən və bilmək ehtiyacı hiss etmədən "kəndlilərin üsyan edib silahlandığı” və onların mütəşəkkil orduları məğlub etdiyi qənaətinə necə gəldiniz? Bəhs etdiyiniz dövr tarixin ən çox mənbəəsi olan və haqqında dünyada minlərlə araşdırmanın yazıldığı bir dövrdür. O dövrdə "silah”, "silah gəzdirmə”, "silahdan istifadə etmək” haqqında onlarla qanunlar hazırlanıb. Bu barədə onlarla fəqihə müraciət edilərək şəri və örfi hüquq çərçivəsində qanunlar, qaydalar və yasaqlar qələmə alınıb. Babək dövrü haqqında köhnə, əsassız, elmi əhəmiyyətini çoxdan itirmiş məlumatların arxasına düşmək əvəzinə, hərb tarixi üçün böyük əhəmiyyət kəsb edən "silah qanunları” ilə maraqlansaydınız xürrəmi hərəkatında kəndlilərin varlığını qavrayardınız?
Heç bir tədqiqatçı məsuliyyəti hiss etmədən, hərb anlayışında böyük məna və əhəmiyyət kəsb edən titulları istədiyiniz şəkildə istifadə edib (hərbdə titulun, vəzifənin, işarətlərin nə məna kəsb etdiyini hamıdan yaxşı bilməli olduğunuz halda), istədiyiniz hökmdara, sərkərdəyə yapışdırır və bunun da adına hərb tarixçiliyi deyirsinz. "Rus”la "slavyan”ın eyni kimlik olmadığını bütün dünyanın bildiyi, başda L.N.Qumilyov olmaqla, Rusiyada bu mövzuda bir çox əsərin yazıldığı halda, adını "Əbu Cabbar”a çevirdiyiniz Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəridəki "ros”la, varyaq "rus”ları eyniləşdirib, I Xosrov dövründə Dərbənddə ruslarla qonşu olduğumuzu elan etdiyiniz kimi, əsərinizdə yer alan yüzlərlə elmi səhvlərdən bəhs edib bu yazını uzatmaq istəmirəm.
Maraqlı məqamlardan biri də bu kitabın hərb anlayışı haqqında yaratdığı mənfi psixologiyadır. Müəllif, içiboş terminlərlə, ifadələrlə, müharibələr haqqında topladığı faktları düzgün təhlil etməməklə hərb haqqında tamamilə səhv və məntiqsiz təsəvvürlər və anlayışlar yaradır. Halbuki, müəllifimiz bilməlidir ki, hərb olmasa, insanlıq olmaz. Hərb olmasa, inkişaf olmaz. Hərb, dünya iqtisadiyyat və mədəniyyətlər sistemində (həm indi, həm də qədim və orta əsrlərdə) böyük bir iqtisadi və mədəni anlayışıdır. İnsanlığa xidmət edən elmi, texnoloji, fiziki, mənəvi uğurların, nailiyyətlərin, demək olar ki, yarısı hərbi sistemlərin məhsuludur. Azərbaycan xalqını hərblə, hərb psixologiyası ilə qorxutmaq lazım deyil. Əgər qədim və orta əsrlərdəki hərb anlayışı olmasaydı, bu gün fəxt etdiyimiz Azərbaycan musiqisi və musiqi alətləri qeyri-kamil, peşəkarlıqdan uzaq və cılız görünərdi.
Bu məqamda soruşmaq istəyirəm, kimə lazımdır belə hərb tarixi?
Azərbaycan hərbçisi nəyə görə beynini Urartu orduları belə gəldi, Assuriya işğalçıları elə getdi, Midiya hökmdarı belə etdi, Atropatena ordusu bu qədər idi, Albanya ordusu romalılarla belə vuruşdu... kimi minlərlə yorucu tarixi faktlarla doldurmalıdır? Onsuz da bu faktlar "Azərbaycan tarixi” əsərlərində kifayət qədər yer alır.
Tarixçilərin və tarix oxucularının maraq dairəsində olan uzun müharibələr siyahısını əzbərləmək yerinə, Azərbaycan hərbçisi hərb strategiyası, psixologiyası, hərb əxlaqı, hərb hüququ, silahlar, hərb idarəçiliyi, canlı və cansız müharibə vasitələri, hərb musiqisi, hərb sənəti, hərbi kəşflər və kəşfiyyatlar, hərb coğrafiyası, hərb etnoqrafiyası, hərbi geyimlər kimi hərb tarixinin birbaşa mövzularını təşkil edən məlumatlara yiyələnsə, daha yaxşı olmazmı? Gecəsini gündüzünə qatıb, düşmənlə səngərdə üz-üzə dayanan əsgərimizin, komandanımızın, sərkərdəmizin, zabitimizin geyindiyi hərbi formanın, əlindəki silahın tarixi mənasını, simvollarının əhəmiyyətini, hansı tarixi şəraitin məhsulu olduğunu bilib, min illik tarixi dəyərin daşıyıcısı olduğunu qavrayaraq, keşiyində dayandığı torpaq uğrunda nəyə görə canını fəda etməyə hazır olduğunu, şəhidilərin öz libasları ilə torpağa verilməsinin həqiqətini dərk etməsi fənamıdır? Düşmənlə üzbəüz dayanan hərbçilərimizə "Assuriya imperiyasının Mannada apardığı işğalçı siyasəti”mi lazımdır, yoxsa hərbi biyologiya elmi?
Və son olaraq, bu vətənin tarixinin, dəyərlərinin, əsgərlərinin, generallarının və şəhidlərinin aşiqləri olan Azərbaycan xalqı qədim və orta əsrlərə azadlıq rəngi verən qıcqırmış təfəkkürün zülmündən nə vaxt azad olacaqdır?
Bəlkə də Füzuli haqlıdır:
Bu dərdlər ki mənim (bizim) vardır bəərin (dəvənin) başına qoysan,
Dönər kafər cəhənnəmdən, çıxar əhli-əzab oynar.