Bu gün saat 13:00 radələrindən başlayn güclü külək Ağdaş və Göyçayda ciddi fəsadlara səbəb olub.
AzerTaym.az-ın APA-ya istinadən məlumatına görə, Göyçay və Ağdaş şəhərlərində, eləcə də kəndlərdə elektrik enerjisi kəsilib. Külək rayonlarda 20-ə yaxın ağacı, elektrik, gecə işıqlandırma və rabitə dirəyini aşırıb. Hər iki rayon ərazisində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub. Ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb.
Külək bəzi tikililərin üzərindəki dam örtüyünü qoparıb, meyvə bağlarına, tərəvəz və taxıl sahələrinə ciddi ziyan vurub. Külək sellofan örtüklü pomidor və xiyar istixanalarını məhv edib, kəndlilərə böyük məbləğdə maddi ziyan vurub.
Güclü külək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində irigövdəli çinar ağacını aşırıb. Aşan ağac yolun hər iki hərəkət istiqamətini tutduğu üçün nəqliyyatın hərəkətini çətinləşdirib. Bağlı qalan yolun açılması üçün və nəqliyyatın sərbəst hərəkətinin bərpası üçün ərazidə təcili olaraq tədbirlər görülməyə başlanılıb.
Küləyin törətdiyi fəsadlar zamanı xəsarət alan olmayıb. Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri yerlərdə vətəndaşlarla görüşlər keçirərək onların müraciətlərinə baxırlar.