ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı müsbət addım - hesabat NƏLƏRİ DƏYİŞƏCƏK?
Fərəc Quliyev: “Biz bu nəticəni qazandıq” ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizə üzrə növbəti illik hesabatını açıqlayıb. Virtualaz.org xəbər verir ki, hesabat dövlət katibi Reks Tillerson tərəfindən təqdim olunub. Hesabatda Azərbaycan insan alverinə qarşı mübarizə üzrə ikinci qrupda yer alır. Bildirilir ki, Azərbaycan hökuməti insan alverinin ləğvinə yönələn ciddi addımlar atmaqdadır. Ancaq bəzi sahələr üzrə minimal standartları hələ təmin edə bilməyib. Dövlət Departamenti bildirir ki, 2016-cı il üzrə hesabat müddəti ilə müqayisədə hökumət daha artıq səy göstərdiyi üçün ikinci dərəcəli ölkələr siyahısında qalıb. “Hökumət insan alverçilərinin təqibi, məhkum edilməsi, daha çox qurbanın tanınması yönündə cəhdlərini gücləndirib. Hökumət qurbanların mühafizəsinə, dövlət sığınacağına vəsaiti artırıb. Ancaq bir neçə əsas sahədə minimum standartlar təmin edilməyib”, - hesabatda deyilir. Hesabatda bir sıra tövsiyələr irəli sürülür. İnsan alveri cinayətlərinin hərtərəfli araşdırılması, cinayətkarların cəzalandırılması tövsiyə olunur. Özəlliklə də ölkəiçi insan alveri, məcburi əmək hallarının təhqiq olunması istənilir. Hökumətə tövsiyə edilir ki, QHT-lərin yaratdığı sığınacaqlara zəruri maliyyə ayırsın. Qurbanların təhvil verilmə mexanizminin icrası üçün standart əməliyyat prosedurları yaradılsın. Təhvilvermə prosesində QHT-lərin və digər oyunçuların rolu rəsmiləşdirilsin. QHT-lərin üzə çıxardığı potensial insan alveri qurbanlarıyla bağlı iddia olunan cinayətlər araşdırılsın, qurbanlara lazımi xidmətlər verilsin. Hökumət idarələri arasında qurbanların təhvil verilməsi və potensial hallarla bağlı koordinasiya, kommunikasiya yaxşılaşdırılsın və s. Hesabatda Azərbaycan hökumətinin ötən il 26 şübhəli insan alveri halını araşdırdığı vurğulanır. 2015-ci ildə 29 belə hal təhqiq olunmuşdu. 26 işdən 22-si cinsi istismar, 4-ü əməyin istismarıyla bağlı olub. Ötən il 35 təqsirləndirilən mühakimə olunub, 2015-ci ildə onların sayı 32 idi. 28 cinsi istismar məqsədi ilə insan alverçisi məhkum edilib. 2015-ci ildə onların sayı 18 idi, daha 5 məcburi əmək istismarçısı məhkum edilmişdi. Hesabatda Azərbaycan hökumətinin xarici hökumətlərlə əməkdaşlıq etdiyi də bildirilir. Özbəkistan, Gürcüstanla konkret əməkdaşlıq hallarından söz açılır. Hesabatda hökumətin qurbanların müdafiəsini gücləndirdiyi vurğulanır. İnsan alveri ilə mübarizə departamenti bir qurbanın qorunmasına 154 manat xərcləyib ki, bir il öncə bu rəqəm 109 manat idi. Qurbanlara birdəfəlik 400 manat müavinət də verilib. Hökumətin sığınacağında qalan hər bir qurbana ayda 900 manat xərclənib. Daxili İşlər Nazirliyi qurbanları dəstəkləyən mülki cəmiyyət fəallarına 15 min manat ayırıb. Qurbanlara Yardım Mərkəzinə 48 min manat verilib. 2015-ci ildə bu məbləğ 44 min manat idi. Hesabatda insan alverçilərinin qurbanların yığılmasında internetdən istifadə etdiyi vurğulanır. Azərbaycanın Ukrayna, öncəki illərsə Çin, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistandan qurbanlardan ötrü idxal ölkəsinə çevrildiyi qeyd olunur. Ölkədə özəlliklə roma mənşəli uşaqların dilənçiliyə məcbur edildiyi vurğulanır. Filippinli qadınlarsa evlərdə işlədilir. Xatırladaq ki, Azərbaycanda İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinator daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazovdur. O, bu ilin aprelində Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə görülən işlərə dair hesabat açıqlamışdı. Azərbaycanda Dövlət Departamentinin bu hesabatı müsbət qarşılanıb. Avropa Parlamentinin günlər öncə ölkəmizlə bağlı qəbul etdiyi sərt qətnamənin ardından belə bir hesabatda müsbət yerdə yer almasının Azərbaycan-Qərb əlaqələrinin yaxşılaşdırılması yolunda müsbət rol oynayacağı vurğulanır. ABŞ-da Donald Trampın gəlişindən sonra Qərbin rəsmi Bakıya qarşı münasibətinin dəyişəcəyi ilə bağlı səslənən fikirlərə bu hesabatın sübut olduğu qeyd olunur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesabatın ədalətli olduğunu vurğuladı: “Dövlət Departamenti bu dəfə obyektiv qərar çıxardı. Bu qərar Trampın gəlişindən sonra Amerika-Azərbaycan münasibətlərinin daha sistemli olacağının göstəricisidir. Çünki Trampın bəyanatları, regiona və Azərbaycana münasibəti, ölkəmizə göndərdikləri məktubların məzmunu onu göstərir ki, Amerika Azərbaycanın önəmini görür, ölkəmizə qərəzli yanaşmaq fikrində deyil. Biz tərəfdaş ölkələrik. Bir çox məsələlərdə əməkdaşlıq edirik. Hesab edirəm ki, bu xətt davam edəcək. Son verilən qiymət də gerçəkdən Azərbaycanın uğuruna verilən qiymətdir. Biz bu nəticəni qazandıq. Bundan sonra yanaşmaların obyektiv olacağına ümid edirəm. Əvvəlki qərəzli yanaşmalar dəyişirsə, bu sevindirici haldır. Amerikanın yeni administrasiyasının yanaşması ədalətə söykənir. Biz bizə qarşı xüsusi münasibətin olmasını istəmirik. Sadəcə, ədalətli yanaşma olsun. Bundan sonra belə yanaşmaların olacağına ümid etməliyik. Bizim Avropa təsisatları ilə münasibətlərimiz soyuqlaşmayacaq. Avropa Parlamentində 70-75 nəfər erməni lobbisinin təsiri altında bizə qarşı qərəzli mövqe tutub, bizim o qurumlardan uzaqlaşmağımızı istəyirlərsə, həmin dövlətlərlə əlaqələrimizin soyuqlaşmasına cəhd edirlərsə, biz bu təxribata uymamalıyıq. Münasibətləri sona qədər saxlamalıyıq. Bizə qarşı olan qərəzli mövqelər tədricən aradan qaldırılacaq. O dövlətlərin də maraqlarına uyğundur ki, bizimlə ikitərəfli əlaqələr qursunlar, qərəzli mövqelərdən əl çəksinlər”.