Bizdə kolluğa, Avropada isə milyonluq TİKİLİYƏ...
Azərbaycanda ərəbin təbii ehtiyacını küçədə ödəməsi ictimai ayaqyolular mövzusunu gündəmə gətirib Bugünlərdə küçədə təbii ehtiyacını ödəyən ərəb mövzusu olduqca aktualdır. Amma bu məsələdə müzakirəyə səbəb olan bir başqa nüans da Bakıda ictimai ayaqyolu problemidir. Şəhərin mərkəzinə tez-tez gedənlər bilir. Bu həndəvərdə ictimai ayaqyolu tapmaq müşkül məsələdir. İnsanlar bəzən bu məqsədlə o ərazidəki kafe-restoranların ayaqyolundan istifadə etməyə çalışırlar. Bundan ən çox əziyyət çəkən isə heç şübhəsiz ki, KFC restoranlar şəbəkəsidir. Restoran bunun qarşısını almaq üçün ayaqyolunu kodlaşdırıb. Sən nəsə sifariş edib, aldığın halda o “sehrli kod”a sahib ola bilirsən. Bəs əgər şəhəri turizm şəhəri elan etməkdə israrlıyıqsa, bu kiçik problemi niyə yoluna qoymuruq? Hansı səbəbdən paytaxt hələ də bu problemin əsirinə çevrilib? Nəzərə almaq lazımdır ki, ictimai ayaqyolu olmayan və ya olduqca az sayda olan şəhər küçələrinin ayaqyolu kimi qoxuması da bu səbəbdəndir. Maraqlıdır, turizm şəhərləri bu problem necə yoluna qoyurlar? Dünyada 2.6 milyard insanın... ayaqyolu problemi var 2001-ci il noyabrın 19-dan etibarən Dünya Tualet Təşkilatı bu günü dünyanın 19 ölkəsində qeyd edir. BMT-nin araşdırmalarına görə, dünyada 2,6 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur. Dünya əhalisinin 15 faizi hələ də açıq havada tualetə gedir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına (WHO) görə, qeyri-qənaətbəxş kanalizasiya hər il 280 min nəfərin ölümünə səbəb olur və bir neçə tropik xəstəliklərin əsas səbəbidir. Perunun paytaxtı Lima şəhərinin kənarında yerləşən bu tualet Llamocca ailəsinə məxsusdur. Pis sanitariyanın vəba, yatalaq və iflic xəstəliklərinin yayılmasına səbəb olduğu deyilir. UNİCEF və World Vision tərəfindən təmin edilmiş tualetlər Livandakı suriyalı qaçqınların yaşadığı düşərgələrdə yerləşir. Çinin Shigezhuang kəndində miqrant işçilər üçün nəzərdə tutulmuş ictimai tualetin divarlarına cinsi əlaqə zamanı yoluxan xəstəliklərin müalicəsinə dair posterlər vurulub. BMT-nin Qadın və Qızlar və Onların Sanitariya Hüququ hesabatında deyilir: “Qadınlar şəxsi sanitariya vasitələrinə çıxışla kişilərə nisbətən daha çox dəyər verir, lakin səsləri eşidilmir”. Bu arada qeyd edək ki, problemin həlli üçün ilginc stimullaşdırma üsulları da var. Məsələn, Hindistanda qəbul edilmiş yeni proqrama görə, uşaqlara tualet vərdişlərinin aşılanması üçün onlara həvəsləndirmə kimi pul mükafatı verilməsi də nəzərdə tutulur. Açıq mühitdə “defekasiya” o deməkdir ki, adamlar özlərini çöllərdə, kolluqlarda, açıq yerlərdə və açıq su hövzələrində “boşaldırlar”. Bu, uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır, belə ki, hər il insan ifrazatı ilə ötürülən xəstəliklərə görə yüz minlərlə uşaq ölür. Hindistanda əhalinin yarısı - 590 milyon insan təbii ehtiyacını açıq havada icra edir. Bəziləri üçün bu, gündəlik vərdişə çevrilib və onlar bunu hətta ictimai ayaqyoluların olduğu yerlərdə də edirlər. İndi isə Əhmədabad ştatındakı Qucarati şəhərinin bələdiyyəsi ictimai tualetlərdən istifadə edən uşaqlara pul ödənməsi planı ilə çıxış edib. Kampaniyaçılar ümid edirlər ki, bu tədbir hər il 200 min uşağın qarın işləməsindən tələf olduğu ölkədə sanitariya vəziyyətini yaxşılaşdıra bilər. 20 milyonluq Çinin paytaxtı Pekində 7000 ayaqyolu var. Deməli, orta hesabla hər 3 min sakinə bir ayaqyolu düşür, pis deyil. Hətta bir milyard yarım əhalisi olan Hindistanda belə problemlər ucuz əlçatımlı tualetlərin hesabına həllini tapır. Londonlular bu tualetə gəlirlər ki, qəhvə içsinlər Tikinti bumu və London daşınmaz əmlakının dayanmadan artan qiyməti, Britaniya paytaxtının hər bir kvadrat metrini qızıl qiyməti ilə eyniləşdirib. Bu, ictimai ayaqyollarına da aiddir. "BBC Travel" müxbiri də bundan təəccüblənib. BBC jurnalistləri kifayət qədər tez-tez bu keçmiş tualetə baş çəkirlər. Eləcə də, Londonun düz mərkəzində yerləşən Fitzrovia-dakı digər ofislərin işçiləri. Onla buraya qəhvə içməyə gəlirlər, amma, bəzən yer olmur. Tualet birdən bu qədər insan tutacaq qədər geniş deyil. Buna baxmayaraq, The Attendant qəhvəxanası çox məşhurdur. Qəhvəxana, Fitzrovia ərazisində yerləşən Foley küçəsində, 2013-cü ilin fevralında açılıb. Bina Viktoriya dövründə, ictimai ayaqyolu kimi istifadə edilərmiş. Təmir (və təmizlənmə!) təxminən iki il davam edib. İş ortaqları Pete Tomlinson və Ben Russel qərara alırlar ki, 1880-ci illərdə yaxınlıqdakı Titchfield küçəsində yerləşən tacir bazarı üçün inşa edilmiş bu ictimai ayaqyolunun ilkin daxili quruluşuna toxunmasınlar. Londonun cənubunda Crystal Palace rayonunda yerləşən başqa bir ictimai ayaqyolu da ikinci həyat yaşayır. Memar Laura Clark buranı ikiotaqlı mənzilə çevirmək qərarına gəldikdə, özü də buna inanmırdı. Tam bərpa və yenidənqurma 2012-ci ilin yayında başa çatır və bu, Clark-a cəmi 65 min funt sterlinqə başa gəlir. Tualet öncə Misirdə, sonra isə Parisdə yaradılıb Tarixi faktlara istinad etsək, oturacaqlı tualetin eramızdan 2600 il əvvəl şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında rast gəlinir. Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olub. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi İlk tualetin nə vaxt yarandığı çox mübahisəlidir. İnanmaq çətindir ki, Paris, London kimi Avropa şəhərlərində tualet tamamilə olmayıb. Sənədli sübutlara görə, saray əyanları və monarxlar öz təbii ehtiyaclarını harda gəldi - parklarda, həyətin küncündə, balkonlarda ödəyiblər. Bu səbəbdən də, sarayların girişindən ta bal zallarına qədər hər yer “ətir” iztirabı verirmiş. Bəzənsə saraydan kənara çıxmağa tənbəllik edən əyanlar güvəclərdən (qorşok) istifadə ediblər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isə adi qablardan istifadə edirmiş. Sadəcə, güvəcləri sonra harasa boşaltmaq lazım gəlib. Onlar sadə xalq üçün dəyəri milyon dollar olan ayaqyolu tikiblər Bugünkü mövzumuz isə ayaqyolu olduğundan maraqlı bir statistikanı da nəzərinizə çatdıraq. Dünyanın ən bahalı ayaqyoluları ilə bağlı siyahı hazırlanıb. Ən ucuzdan ən bahalıya qədər... siyahıya göz yetirək. IntiMist: Burada tualetin təkcə oturma yeri 450 dollardır. Tualetin içərisində isti su, isti hava filtrasiyası və isinməli oturacaq özəllikləri var. Brondell S1000-EW Swash 1000: 600 dollar qymətinədir. Bu modeldə də isidilmiş, erqonomik tualet oturma yeri var. Eyni zamanda isti hava filtrasiyası və dezodorantlama özəlliklərini də unutmaq olmaz. Toto Neorest 600-5000 dollara satılır. Bu tualetə yaxınlaşanda qapağı avtomatik olaraq açılır. Bundan başqa, sifonu avtomatik olaraq şəkir, qapağı qapadır. Tualetdə pultdan istifadə etməklə bəzi işləri asalanlaşdırmaq mümkündür. Asanlıqla oturacağı isitmək və ya qapatmaq üçün düyməyə basmaq olur, suyun temperaturunu artırıb-azalda bilərsiniz. Moon River Art Park Tualeti - 750.000 dollardır. Fərdi istifadə üçün hazırlanmasa da, önəmli tualetlərdən biridir. Şanxayın məşhur Moon River Art Park içində insanlar tərəfindən hazırlanmış bir mağaranın içində yerləşir və turistik yerlərdən sayılır. 2005-ci ildə tualet ilk dəfə açılanda insanlar onu görə bilmək üçün 2 saat gözləyib. Parka giriş pulunu ödəyənlər üçün ondan istifadə də pulsuzdur. Hang Fung Altın Tualeti - 5 milyon dollardır. Hang Fung teknologiya qrupu tərəfindən 24-karat saf qızııldan hazırlanıb. “The Hall of Gold” sərgisində nümayiş etdirilib. Ən bahalı ayaqyolu isə Beynəlxalq Kosmos Stansiyası Tualetidir və qiyməti 19 milyon dollardır. Dünyanın ən bahalı ayaqyolusu əslində dünya üzərində deyil. Rusiya tərəfindən 2008-ci ilin noyabr ayında kosmos stansiyasına qoyulmaq üzrə hazırlanan tualetdə kosmonavtların düzgün pozisiya ala bilməsi üçün biləklikləri var. Bundan başqa, bütün artığı çəkmək və septik tanklara doldurmaq üçün özəl mexanizmi var.
Çində hər 3 min nəfərə bir ayaqyolu düşür
Fransız tədqiqatçıların yazdığına görə, şəhərlərdə elə bir çala yox idi ki, ora güvəclər boşaldılmasın. Çirkabın iyindən adamlar başlarını pəncərədən çölə çıxara bilmirdilər. Hətta Parisdə belə bir fərman çıxmışdı ki, adamların özlərini qorumaları üçün çirkabı atmamışdan əvvəl uç dəfə bərkdən “Diqqət, tökürəm” deyə bağırmaq lazımdır.