İş adamlarının diqqətinə: Bu sahə sizə yüz milyonlar qazandıracaq

Картинки по запросу iş adamları

Kosmetika Yunan dilindən "kosmetik" sozündən götürülüb, mənası "bəzənmək mədəniyyəti" deməkdir.

Bəzənmək mədəniyyətinin düzgün təbliği şərqlilərə məxsus olub. Çünki Qərbdə kişilər üzlərinə boya sürtüb düşməni qorxutmaq istəyirdilər. Şərqə gəlincə, Qədim Misirdə üzün boyanması geniş yayılmışdı. Misirli xanımlarla yanaşı, kişilər də kosmetik vasitələrdən yararlanırdılar. Bunların içərisində sürmə, kirşan hətta dırnaqlara çəkmək üçün boyalar da var idi. Günümüzdə kosmetika sənayesi böyük biznes sahəsinə çevrilib. Bu sektorda fəaliyyət göstərən iş adamlarının sərvəti hər növbəti ildə keçən ilə nisbətən artır. Bu gün dünya ətriyyat və kosmetika məhsulları bazarının həcmi 200 milyard dollar təşkil edir. Bunun təxminən 16 milyard dollarlıq hissəsini kişilər xərcləyir. Qadınlar isə yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər. Bu xərcləri ölkələr üzrə qruplaşdırsaq, ABŞ-da il ərzində qadınlar 27,6, kişilər isə 11,1 milyard dollar vəsaiti kosmetik məhsulların alınmasına sərf edir. Fransada qadınlar 10,2, kişilər 4.2, Yaponiyada qadınlar 19,8, kişilər 5,9 milyard dollarlıq kosmetika alır. Almaniyada qadınların kosmetikaya xərclədiyi vəsait 9,3, kişilərinki isə 3.9 milyard dolları ötür. Qlobal kosmetika məhsulları bazarının 12 faizi L`oreal şirkətinə məxsusdur.

Bəs Azərbaycanda bu sektor inkişaf edibmi? Yoxsa hələ də milyonlar ölkənin sərhəddindən kənara çıxır?

Rəsmi statistika nə deyir?

Xarici ticarətin statistikası kosmetika idxalının böyük paya sahib olduğunu göstərir. Belə ki, 2015-ci ilin yanvar-dekabr ayında ölkəyə 40326.01 min dollar dəyərində ətriyyat, kosmetika və tualet vasitələri idxal edilib. Həmin dövrdə ixracın dəyəri cəmi 180,1 min dollar olub. Göstərilən dövrdə ölkədə 344.69 ton (2134.79 min dollar dəyərində) ətir və tualet suyu, 10.94 ton (289.87 min dollar dəyərində) dodaqların makiyajı üçün vasitələr, 21.18 ton (406.91 min dollar) gözlərin makiyajı üçün vasitələr, 248.29 ton (253.04 min dollar dəyərində) manikür və pedikür vasitələri, 52.89 ton (287.94 min dollar) pudra, kompakt pudra daxil olmaqla, 2370.89 ton (6834.04 min dollar) makiyaj və dəriyə qulluq üçün digər kosmetik vasitələr, 4591.33 ton (7179.89 min dollar) şampunlar, 9.57 ton (5.03 min dollar) saçların burdurma və düzəldilməsi üçün vasitələr, 133.08 ton (115.23 min dollar) saç üçün laklar, 2281.41 ton (5187.7 min dollar) saçlar üçün losyon və digər vasitələr, 2.97 ton (10.34 min dollar) kosmetik və ya tualet vasitələrini çəkmək üçün yastıqlar və lopalar idxal edilib. Bu ticarət əməliyyatları əsasən Rumınya, Kanada, Serbiya, Rusiya, Ukrayna, Polşa, Gürcüstan və sairə ilə aparılıb. Göründüyü kimi ən xırda kosmetik vasitəyə qədər xaricdən alırıq.

Niyə?

Niyəsini biz də bilmədiyimizdən araşdırdıq. Məlum oldu ki, ölkədə kosmetika istehsalı üçün münbit təbii şərait var. Lakin bu günə qədər ölkədə yalnız iki kosmetika istehsalçısı yaranıb. Bunlardan biri Zaqatala şəhərində fəaliyyət göstərən “Gülşən” Səhmdar Cəmiyyətidir. Hansı ki hazırda müəssisədə istehsal çox aşağı səviyyədədir. 1979-cu ildə tikilən “Gülşən” Ətriyyat-Kosmetika fabriki xına və basma, 1982-ci ildən isə 6 növ odekolon, 5 növ ətir, 1 növ losyon istehsal edib. İkinci şirkət “Gazelli” şirkətidir. Şirkət təbii bioloji fəal komponentlər əsasında ətriyyat-kosmetik məhsulların buraxılışı ilə məşğul olur. “Gazelli” kosmetik məhsul istehsalı üçün müasir texniki bazaya, akkreditasiya olunmuş elmi-sınaq istehsalat laboratoriyasına malikdir. 17 ildir bazarda olan şirkət məhsullarını həm daxili, həm də xarici bazarlara satır. Amma fakt odur ki, bazarda dominantlıq sözügedən yerli istehsalçıların məhsullarında deyil, xarici mallardadır.

Kosmetika biznesi üçün nə tələb edilir?

Qeyd edək ki, ətriyyat-kosmetika sənayesi inkişaf etmiş ölkələrin əsas gəlir mənbələrindən biridir. Sual doğuran Azərbaucanda bu sənaye sahəsi üzrə istehsalçıların sayının artması üçün nələrin tələb olunmasıdır?

Sahə üzrə ekspertlər deyir ki, müasir dövrdə insanların sürətli inkişaf tempi və stressli həyatları kosmetika sahəsinin əhəmiyyətini artırır. Ətriyyat sənayesinin inkişafı üçün ölkədə bu sahə istiqamətli gülçülük olmalıdır. Xüsusilə, gül yağının alındığı lavanda adlanan yarımkol bitkisinin becərilməsi məqsədəuyğundur. Ətriyyat və kosmetika sənayesində fəaliyyət göstərəcək müəssisədə bu sahədə ən son texnologiyaların tətbiq edilməsi tələb olunur.

Məlum olur ki, kosmetik məhsullarda əsas xərc xammal, qablaşdırma və reklam xərcləridir. Bu sahədə reklama böyük vəsait lazımdır. Reklamın planlaşdırılması üçün isə peşəkar kadrlar tələb edilir. Ölkəmizdə ətriyyat və kosmetika reklamı üzrə kadrların tam yetişməməsi bu sahəyə sərmayə qoymağa marağı azaldan səbəblərdən biridir. Xammal, qablaşdırma məhsullarının təchizatı üzrə də xaricdən asılılıq mövcud olacaqdır və bu da təbii ki, xərcləri artıracaq.

Nəzərə alsaq ki, ölkəmizin təbiəti çox zəngindir və burada 11 iqlim qurşağından 9-u yerləşir, bu imkanlardan istifadə etməmək günah olar. Bura bitki zənginliyini, palçıq vulkanlarını, Naftalan neftini və s. əlavə etmək mümkündür. Yəni Azərbaycanda iş adamları bir gün kosmetika məhsulları istehsalına başlamaq istəsələr, xammal üçün uzağa getməyə məcbur olmayacaqlar.

Sonda onu da bildirək ki, bu ilin 7 ayında əhalinin xərclərində kosmetika məmulatı və tualet ləvazimatlarına ayrılan vəsait 3,6 dəfə artırılaraq 384 milyon manata çatdırılıb. 2015-ci ilin 9 ayı ərzində kosmetik və tualet ləvazimatların alışı üçün 296,6 milyon manat pul xərclənib. Pərakəndə ticarət şəbəkələrində əhaliyə müvafiq olaraq 333,3 milyon manatlıq kosmetik məmulatlar satılıb. Bu da çox ciddi rəqəmdir.(publika.az)






Fikirlər