İlham Əliyev və Mehriban Əliyeva açılışda

İlham Əliyev və Mehriban Əliyeva açılışdaAzərbaycan prezidenti Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.

Dövlət başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşüblər.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edən prezident İlham Əliyev qədim tarixi və gözəl mədəniyyəti olan Azərbaycanla tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu deyib. Bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkəmizdə siyasi və demokratik islahatların aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən dövlətimizin başçısı hazırda Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını vurğulayıb.

Prezident İ. Əliyev bildirib ki, son on ildə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq və işsizlik kəskin şəkildə azaldılıb, yeni iş yerləri açılıb və uğurlu iqtisadi islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də qeyd olunub.

“Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq”, - deyən prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri kimi tanındığını da diqqətə çatdırıb.

Qeyd edib ki, beynəlxalq ictimaiyyətin fəal üzvü olan ölkəmizin dünyada mövqeləri güclüdür və iki il ərzində BMT Təhlükəsizlik Şurasına üzv olan, onun sessiyalarına sədrlik edən Azərbaycan dünya tərəfindən dəstəklənir.

Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan prezident İ. Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkəmizdə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında qazandığı uğurlar müstəqil ölkəmizin dünyada daha yaxşı tanıdılmasına imkan verir.

Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirib. 2016-cı ildə Bakıda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən prezident bunun da ölkəmizin böyük potensialından qaynaqlandığını söyləyib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söyləyib. O qeyd edib ki, bunlar həm də idmançıların nailiyyətlər qazanmasına da imkan verir.

T. Bax əmin olduğunu bildirib ki, gələn il Bakıda baş tutacaq Avropa Oyunları yüksək səviyyədə keçəcək və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsləri bu oyunların uğurlu alınmasına stimul verəcək. T. Bax idmanın BMT-nin inkişaf məqsədləri sırasına daxil olunması ilə bağlı danışıqların aparıldığını deyib və idman tədbirləri baxımından gərgin qrafiki ilə seçilən gələn il ərzində hamıya uğurlar arzulayıb.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə prezident İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlıq edib. Bakının füsunkar və gözəl şəhər olduğunu deyən P. Hikki əminliyini bildirib ki, Avropa mühüm tarixi ana yaxınlaşır və bu 43-cü Baş Assambleya həm gələn il keçiriləcək Avropa Oyunlarını, digər tərəfdən Tokio Yay Olimpiya Oyunlarına hazırlıq işlərini müzakirə etmək baxımından mühüm tədbirdir.

Sonra P. Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim edib.

Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalını təqdim edib.

Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatıb.






Fikirlər