08.09.2014- Bakıda dünya çempionatı olacaq

08.09.2014- Bakıda dünya çempionatı olacaqYelkənli qayıqların 470 Olimpiya sinfi üzrə dünya çempionatı 2016-cı ildə keçiriləcək

Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək. Yunanıstanda yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyası keçirilib. Assambleya çərçivəsində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyən edilməsi məqsədilə səsvermə keçirilib.
Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub. Afina şəhərində keçirilmiş Assambleya çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri təqdimat keçiriblər. Yelkənli qayıqların 470 Olimpiya sinfi iki əllə idarə olunan yarış qayıqlarıdır. Bu sinfin adı onun ümumi uzunluğunun santimetrlə ölçüsündən yaranıb (qayıq 4.70 metr uzunluğundadır). Bu qayıqlar sürətli üzmə qabiliyyətinə malikdirlər. 470 Olimpiya sinfinə aid olan həmin qayıqların çəkisinə nisbətən iri həcmli yelkənləri vardır ki, bu da qayıqların avtomobillərlə müqayisədə sanki dəniz avtomobili kimi dənizdə yüksək sürətlə və manevrlə idarə olunmasına şərait yaradır. Bu idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli qayıqlar üzrə idman növündən biridir. Üç yüz nəfərdən çox idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur.






Fikirlər