16.04.2014. - İkiqat dünya çempionumuz yarışa getməyə pul tapmır

16.04.2014. -  İkiqat dünya çempionumuz yarışa getməyə pul tapmırKikboksinq üzrə iki dəfə dünya, bir dəfə Avropa çempionu olmuş Elçin Hüseynov mayın 30-dan iyunun 6-na kimi İtaliyada keçiriləcək növbəti dünya çempionatına getmək üçün sponsor tapa bilmir.
O deyir ki, məşqlərindən qalmasa da yarışa qatılması sual altındadır:
- Bu idman növü üzrə dünya çempionatlarında gümüş, bürünc medal da qazanmışam. 2012-ci ildə dünya kubokunun mükafatçısıyam. 2012 və 2013-cü illərdə dünya çempionu oldum. Yenə də kikboksinq üzrə dünya çempionatında gücümü sınamaq istəyirəm.
- İndiyədək yarışlarda iştirakınıza kim dəstək verib?
- Sponsorum olub. Bir özəl şirkət dəstək verirdi. İndi 10 nəfər dünya çempionatında iştiraka hazırlaşırıq. Mən BUDO Döyüş Növləri üzrə Federasiyanın üzvüyəm. Gecə-gündüz məşq edirik, yarışa hazırlaşırıq. Federasiya dəstək verir, amma mən tək deyiləm axı. Ona görə də hər idmançının öz sponsoru olsa, yaxşıdır. Qarşıda professional döyüşlər də var. Sponsor olsa, bu döyüşlərə də qatılmaq olar.
- Federasiya bu yarışdakı iştirakın bütün xərclərini qarşılaya bilmir?
- Bir çox ehtiyaclarımı ödəyir. Bəzi yarışların xərcini ödəyir, amma bütün yarışları ödəyə bilmir axı. Məsələn, bu günlərdə Moldovada Avropa çempionatına qatılmağıma yardımçı oldu. Federasiyanın üzünü qara eləmədim. Vətənimə Avropa çempionu kimi qayıtdım. Sponsorum olsa, köməklik gəlsə, Azərbaycanı dünyada daha çox təmsil edərəm.
- Bəs sponsor üçün hara müraciət etmisiniz?
- Yalnız özəl şirkətlərə müraciət edirəm. Hələ ki, bir xəbər yoxdur.

- Siz başqa ölkələrdən dəvət alırsınızmı?

- Rusiya ilə Almaniyadan belə bir təklif almışam. Amma mənim arzum qalib olub öz bayrağımızı qaldırmaq, himnimizi çaldırmaqdır. Mən bunu bir neçə dəfə etmişəm. İndi də inanıram ki, bu yarışa qatılsam, bayrağımızı qaldıra biləcəyəm






Fikirlər