13.01.2014. - “The New York Times” Vüqar Həşimovun ölümündən yazdı
AzerTaym.az saytı xəbər verir ki, qəzet Vüqar Həşimovun “on illik ərzində dünyanın ən yaxşı şahmatçılarından biri olduğunu və öz ölkəsinin komandasını 2009-cu ildə Avropa çempionatında qızıl medal almasında həlledici rol oynadığını” bildirir.
Qəzet gənc şahmatçının ötən həftə 27 yaşında beyin xərçəngi diaqnozu ilə müalicə olunduğu Almaniyada vəfat etdiyini xatırladır.
Qəzet yazır ki, V.Həşimov 1986-cı il, iyulun 24-də Bakıda anadan olmuşdu və 6 yaşı olanda ordu polkovniki olan atası ona şahmat oynamağı öyrətmişdi.
“Azərbaycan zəngin şahmat tarixinə malikdir. Bütün dövrlərin ən güclü şahmatçısı hesab olunan dünya çempionu Harri Kasparov da, hazırda dünya şahmatçılarının reytinqində 34-cü yerdə olan qrossmeyster Teymur Rəcəbov da Bakıda anadan olublar. Sürətli şahmat üzrə hazırkı dünya çempionu və dünya reytinqində 12-ci olan Şəhriyar Məmmədyarov da Azərbaycandandır” - deyə məqalənin müəllifi Daylan Lob Makleyn yazır.
Məqalədə bildirilir ki, V.Həşimov şahmatda çox tez irəliləyib. 10 yaşı olanda o, İspaniyada gənc şahmatçılar arasında keçirilən çempionatda gümüş medal alıb. 1999-cu ildə beynəlxalq şahmat ustası adına layiq görülüb, 2002-ci ildə isə o, artıq beynəlxalq qrossmeyster idi.
“Həşimovla birlikdə 26 yaşlı Rəcəbov və 28 yaşlı Məmmədyarov milli komandanın özəyini təşkil edirdilər. Onların sayəsində Azərbaycan beynəlxalq komanda yarışlarında dəfələrlə qızıl medala iddiaçı oldu, o cümlədən 2002, 2004, 2006 və 2008-ci il şahmat olimpiadalarında yüksək nəticələr göstərdi” - deyə qəzet yazır.
“The New York Times” qeyd edir ki, Həşimov həmçinin ayrıca uğurlara da imza atıb. 2008-ci ildə Fransada keçirilən turnirin, 2010-2011-ci illərdə İtaliyada keçirilən turnirin qalibi olub. Həşimov 2009-cu ildə dünya reytinqində 6-cı yerə yüksəlib. 2012-ci ilin yanvarında səhhətində yaranmış problemlər üzündən şahmat oynamağı dayandırdığı üçün 10-cu pilləyə geriləmişdi.
“Oyunçu kimi Həşimov aqressiv idi və riskə getməyi xoşlayırdı. Onun vaxtsız ölümü twitterdə başsağlığı və şərhlər selinə səbəb olub. Hazırda dünya reytinqində 3-cü yerdə olan, hal-hazırda 2012-ci ildə Həşimovun qatıldığı Niderland turnirində iştirak edən amerikalı Hikaru Hakamura yazıb: “Çox yaradıcı və istedadlı oyunçu idi, onun oyunları heç vaxt unudulmayacaq”” - deyə qəzet yazır.