Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə YATIRMIRLAR...
Dünyada tanınmış iş adamları, biznesmenlər, şirkətlər ən çox sərmayəni öz ölkələrinə qoyurlar. Lakin Azərbaycanla bağlı durum fərqlidir. Xaricdə kifayət qədər iş adamlarımız olsa da, hansısa səbəblərdən ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyə üstünlük verirlər. Onların arasında milliyətcə azərbaycanlı olanlar da, Azərbaycan əsilli olanlar - burada doğub, gedənlər də var. Dəfələrlə deputatlarımız da Milli Məclisin tribunalarından iş adamlarına, biznesmenlərə, şirkətlərə səsləniblər ki, sərmayələrini Azərbaycana qoysunlar. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məsələ ilə bağlı Modern.az-a bildirib ki, harada əlverişli şərait varsa, kapital ora yatırılır. “Əgər iş adamları, biznesmenlər, şirkətlər inanmırsa ki, qoyduğu vəsaiti artıqlamasıyla çıxaracaqlar, istehsalı artıracaqlar, onda sərmayə qoymurlar. Burada vətənpərvərlik faktoru bir neçə faiz rol oynaya bilər. Burada əsas məsələ kapitalın təbiəti ilə bağlıdır. Yəni, həmin iş adamları, biznesmenlər, şirkətlər bu məsələyə praqmatik yanaşırlar. İndiki monopoliya şəraitində harasa pul yatırsa, onun pulu batmayacaqmı və ya gəlir əldə edə biləcəkmi? Son vaxtlar bu məsələyə müəyyən dərəcədə aydınlıq gətirilir. Bu da sənaye səhərciklərinin və bununla bağlı bir neçə strukturların yaradılmasıdır. Burada uzun müddət ərzində verigidən azad olunma, həm də kifayət qədər dövlət dəstəyi var. Neftçala sənayə zonası fəaliyyətə başlayıb. Orada maşınqayırmadan tutmuş, heyvan yeməklərinə kimi istehsal edilir. Həmçinin, orada xırda sahibkarlıq üçün də şərait yaradılıb”. Deputat qeyd edib ki, əgər iş adamları sənaye zonalarına kapital qoysalar, uduzmazlar. ”Əksinə, həm Azərbaycan üçün vacib olan sənaye zonalarının inkişafına dəstək ola bilərlər, həm də dövlət də qanunvericilikdə göstərilən şəkildə ora sərmayə qoyan şəxslərin orta müddətli dövr üçün vergidən azad edilməsi istiqamətində addımlar ata, bəzi vergiləri 50 faizə endirə bilər. Bu da həmin insanlara güzəştli şəraitin yaradılması deməkdir. Hesab edirəm ki, yeni salınan sənaye zonalarına vəsaitlər qoyulsa, batmaz. Orada kifayət qədər güzəştlər, həm da qazanmaq üçün şəraitlər var”.