Meşələri baltalayanlar TAPILDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib. “Qafqazinfo” xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı “ZİL”, “Kamaz”, “UAZ”, “Ural”, “Qaz-53”, “Qaz-66” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 47,58 m3 həcmində palıd, fıstıq, vələs, qovaq cinsli meşə materiallarının aparıldığı aşkar edilib. Eyni zamanda rayonun Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalınçaq, Çəmənli və Mollalı kəndlərinin 25 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 114,9 m3həcmində qanunsuz meşə materialından istifadə edildiyi müəyyən olunub. İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı “ZİL”, “Kamaz”, “Qazel”, “Qaz-53” və “Qaz-24” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 42,34 m3 həcmində fıstıq, vələs cinsli meşə materialı və meşə materiallarından hazırlanmış yeşiklərin aparıldığı aşkar edilib. Bundan başqa, Göyçay rayon bazarında qanunsuz meşə materialının satıldığı, Göyçay şəhəri Nizami küçəsi 90 ünvanında Samir Mustafayevə, Natavan küçəsi 118 ünvanında Yaqub Məmmədova, Heydər Əliyev küçəsi 25 ünvanında isə İsmayıl Yaqubova məxsus yeşik sexlərində qanunsuz yolla əldə olunmuş, ümumilikdə 12,36 m3 həcmində meşə materialları müəyyən edilib. Qəbələ rayonu ərazisində keçirilən reydlər zamanı Məmmədağalı kəndinin 5 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 7,96 m3 həcmində qanunsuz meşə materialının istifadə edildiyi aşkar olunub. Faktlarla bağlı təqsirkarlar barəsində akt və protokollar tərtib edilib, qanunsuz yolla əldə edilmiş meşə materialları maddi sübut kimi saxlanılıb. Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür. Hazırda reydlər davam etdirilir.