Suraxanılılar “BARIT ÇƏLLƏYİ” üstündə YAŞAYIRlar

 Keçən ilin noyabrında Bakının Suraxanı rayonunda, Səttar Bəhlulzadə küçəsində yerləşən ikimərtəbəli yaşayış evinin mənzillərindən birində qaz sızmasına görə partlayış baş vermişdi.

Virtualaz.org xatırladır ki, nəticədə onsuz da pis gündə olan köhnə binada bütün pəncərələrin şüşələri qırılmış, divarlar çatlamış, dam örtüyü deşilmiş, aparıcı konstruksiyalar dayanıqlığını itirmişdi. Xoşbəxtlikdən, zərərçəkən olmamışdı, bütün sakinlər salamat qalmışdılar. Amma Fövqəladə Hallar Nazirliyi (FHN) bəyan etdi ki, orada qalmaq təhlükəlidir.

Və əvvəlcə hamını təxliyə etdilər. Amma iki ay keçəndən sonra partlamış evin sakinləri öz mənzillərinə qayıtmağa məcbur oldular. Onlar indi də orada yaşayırlar, baxmayaraq ki, bina Suriya şəhərlərinin bombardmanlara məruz qalmasından sonra fotosu çəkilən əraziləri xatırladır.

 

Bəli, artıq üç aydır ki, 60 nəfər insandan ibarət 12 ailə, hansı ki, aralarında xeyli uşaq var, hər dəqiqə uçmaq təhlükəsi olan bu binada yaşayır. İnsanlar iki ay qohumlarına, dost-tanışlarına sığındılar, amma qaraçı həyat tərzinə hər kəs dözmür, ona görə də əksəriyyəti, həyatlarına real qorxu və təhlükə olmasına baxmayaraq, öz evlərinə qayıtdı.

Başıbəlalı evdə yaşayanlardan biri - Elşad Abbasov virtualaz.org-a bildirib ki, Suraxanının icra başçısı İlqar Abbasov partlayışdan dərhal sonra FHN-ın və başqa dövlət strukturları nümayəndələrinin yanında söz verib ki, onların köçürülməsi ilə bağlı məsələ ən qısa müddətdə həll olunacaq. Amma sonra deyib ki, binanın konkret insanın ehtiyatsızlığına görə zərər çəkdiyi nəzərə alınaraq , dəqiq təhqiqat aparmaq lazımdır.

Bu yaxınlarda sakinləri İcra hakimiyyətinin bu məsələnin həlli tapşırılan böyük məsləhətçisi Xanoğlan Allahverdiyev qəbul edib. Məmur ümidini itirmiş insanlara izah edib ki, ev FHN-ın mütəxəssisləri və arxitektura idarələri tərəfindən növbəti dəfə nəzərdən keçirilib və indi qəsdən partladılma versiyasına baxılır. Ancaq gələcək ev haqqında heç nə deməyib, sadəcə məsləhət görüb ki, "ekspertizanın nəticələrini gözləyin".

Yoxlamalar və ən müxtəlif mütəxəssislərin, baxışları isə davam edir. Xüsusən də binaya rayonun kommunal-təsərrüfat idarəsi əməkdaşları daha çox baş çəkirlər. Amma insanlar da dağılan binada, hansında ki, hər ehtimala qarşı qazı kəsiblər, yaşamağa davam edirlər. Və indi, havaların soyuq keçdiyi bir vaxtda, qızdırıcılar şəbəkəyə kütləvi qoşulduğundan elektrik xətlərində yüklənmədən tez-tez qısaqapanmalar olur. Başqa sözlə, sakinləri yeni partlayış təhlükəsindən xilas edən məmurlar, onları yanğın riskinə məruz qoyublar…

Sakinlər bu məsələnin araşdırılması və köməklik göstərilməsi xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş hökumət başçının müavininə qədər hər yerə kollektiv məktublar göndəriblər. Əlacsızlıqdan hətta Prezidentə də müraciət ediblər. Düzdür, dövlət başçısına müraciətdən sonra məmurlar arasında, necə deyərlər, canlanma dalğası yaranıb-binaya baş çəkən inspektorlar və ekspertlərin sayı ikiqat artıb. Amma hər şey bununla da qurtarıb. Başqa sözlə, artıq partlamış evin sakinlərinin ürəklərində və gözlərində optimizm də qalmayıb...






Fikirlər