BAKIDA onlarla ev SU ALTINDA qaldı: SAKİNLƏR təxliyə edildi - FOTO
Binəqədi rayonunda evləri su basdığından onlarla sakin təxliyə edilib. AzerTaym.az report-a istinadən xəbər verir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində baş verib.Həmidə Məmmədquluzadə küçəsində diametri 1000 santimetr olan su borusu partlayıb. Nəticədə 30-a yaxın ev su altında qalıb. Sakinlər "Report"-a bildirib ki, cəmi 10 dəqiqə ərzində su bütün küçəni əhatə edib. Ev və mənzillərin içərisində olan məişət əşyaları yararsız hala düşüb. Yaxınlıqda yerləşən məcburi köçkünlərin yaşadığı 3 mərtəbli yataqxananın birinci mərtəbəsində yerləşən mənzilləridə su altında qaldığından birinci mərtəbədə yaşayanlar yuxarı mərtəbələrdə yaşayan qonşularının evində gecələməli olub. Bütün bunlardan başqa küçədə olan avtomobillər də hərəkətsiz vəziyyətdə qalıb. Baş vermiş hadisə ilə bağlı əraziyə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov və Azərsu ASC-nin rəsmi şəsxləri baxış keçirib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməkdaşları və polislər su basmış evlərdə qalan sakinləri təxliyə edib. Ərazidə müvvəqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb. Binəqədi Rayon Sukanal Departamentinin rəisi Elnur Əliyev "Report"a bildirib ki, diametri 1000 sm olan içməli su borusu Binəqədi rayonunu içməli suyla təmin edir. "Ehtimal ediliri ki, həmin boru güclü su təzyiqi altında partlayıb. Borunun dəqiq nə səbəbdən partlaması isə qazıntı işləri yekunlaşdıqdan sonra bilinəcək". Daha sonra Azərsu ASC-nin əməkdaşları xüsusi texnika ilə qazıntı işləri aparıb. Məlum olub ki, su borusunun yeraltı hissədən keçən hissəsi partlayıb. Rayon İcra Hakimiyyətinin rəsmiləri evlərini su basmış sakinlərlə danışıqlar aparıb. Onlara dəymiş zərərin tezliklə aradan qaldırılması söz verilib.